Məhkəmə qərarları › İş №e-2-2(113)-1249/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1249/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1249/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması, lizinq obyektinin qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank olmayan kredit təşkilatı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 qarşı “pulun tutulması, lizinq obyektinin qaytarılması” (bundan sonra-cavabdeh) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 18 avqust 2022-ci il tarixli, ML/4115 nömrəli X2 üzrə cari lizinq borcunun - lizinq üzrə əsas borcun məbləği 10523,32 manat, lizinq üzrə faiz borcunun məbləği 896,25 manat, lizinq üzrə hesablanmış cərimə məbləği 40,03 manat olmaqla, cəmi 11459,60 manat məbləğdə pulun və 125 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, lizinq predmetini təşkil edən “BMW 328İ” minik markalı avtomobilin saz və işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı - “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 18 avqust 2022-ci il tarixli, ML/4115 nömrəli X2 bağlanıb. Həmin müqaviləyə əsasən Cavabdeh2 1 (bir) ədəd 2014-cü il buraxılışı olan “BMW 328İ” minik markalı, WBA3CİG5XENR49798 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22 (iyirmi iki) % dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Cavabdeh2 uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 18 avqust 2022-ci il tarixli, ML/4115 nömrəli X2 üzrə lizinq borcu-lizinq üzrə əsas borcun məbləği 10523,32 (on min beş yüz iyirmi üç manat otuz iki qəpik) manat, lizinq üzrə faiz borcunun məbləği 896,25 (səkkiz yüz doxsan altı manat iyirmi beş qəpik) manat, lizinq üzrə hesablanmış cərimə məbləği 40,03 (qırx manat üç qəpik) manat olmaqla, cəmi 11459,60 (on bir min dörd yüz əlli doqquz manat altmış qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn Kargüzarlıq bölməsi vasitəsilə pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi L.Namazova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

5. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, lizinq predmetini təşkil edən “BMW 328İ” minik markalı avtomobil iddiaçının mülkiyyətindədir.

8. "xxxx" MMC (alıcı), X3 (satıcı) və Cavabdeh2 (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ML/4115 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı 1 (bir) ədəd 2014-cü il buraxılışı olan “BMW 328İ” minik markalı, WBA3CİG5XENR49798 ban nömrəli avtomobili alıcının mülkiyyətinə verir, alcıı bu avtomobili ML/4115 saylı X2nə əsasən Cavabdeh2 lizinqə verilməsi məqsədilə alır.

9. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ML/4115 nöməli X2nə görə lizinqverən lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2014-cü il buraxılışı olan “BMW 328İ” minik markalı, WBA3CİG5XENR49798 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əssında lizinqə qəbul etməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.2-ci bəndinə görə alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 30700 (otuz min yeddi yüz) manat təşkil edir.

11. Müqavilənin 12.1.3-cü bəndinə görə lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya üç dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edə bilər.

12. Müqavilənin 12.3-cü bəndinə görə lizinq verənin müəyyən etdiyi müddət ərzində lizinq obyekti, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər lizinq verənə təhvil verilməyibsə, lizinq verən lizinq obyektini məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün lizinq oyektinin cari dəyərinin 0,5% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

13. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına görə 1 (bir) ədəd 2014-cü il buraxılışı olan “BMW 328İ” minik markalı, WBA3CİG5XENR49798 ban nömrəli, **-PT-*** qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin əsas borcu 10523,32 manat, faiz borcu 896,25 manat, cərimə borcu 40,03 manat təşkil edir.

15. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, ML/4115 nömrəli X2 bağlanmışdır. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

19. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

20. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

21. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

22. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2022-ci il tarixli, ML/4115 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10523,32 manat əsas borc, 896,25 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 10523,32 manat əsas borc, 896,25 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən hesablanmış 40,03 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Məhkəmə iddia tələbinin lizinq obyektinin cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

27. Belə ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

28. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə son ödəniş xx.xx.2024-cü il tarixdə edilmiş, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixdə ona xəbərdarlıq göndərib müqaviləni birtərəfli qaydada ləğv etdiyini bildirib, yaranmış borcun ödənilməsini və lizinq predmetinin geri qaytarılmasını tələb etmişdir.

29. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10523,32 manat əsas borc, 896,25 manat məbləğində faiz borcu, 40,03 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, lizinq predmeti olan 1 ədəd “BMW 328İ” minik markalı avtomobil cavabdehdən alınıb iddiaçıya geri qaytarılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 18 avqust 2022-ci il tarixli, ML/4115 nömrəli X2 üzrə 10523,32 manat əsas borc, 896,25 manat faiz borcu, 40,03 manat cərimə borcu, 125 manat dövlət rüsumu, ümumilikdə 11584,60 (on bir min beş yüz səksən dörd manat altmış qəpik) manat məbləğində pul tutularaq İddiaçı Bank olmayan kredit təşkilatı MMC-yə ödənilsin. Cavabdeh2 lizinq predmetini təşkil edən “BMW 328İ” minik markalı avtomobil saz və işlək vəziyyətdə geri alınaraq İddiaçı Bank olmayan kredit təşkilatı MMC-yə qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar