Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1250/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalı əmlaka dəymiş zərər miqdarında, yəni 8858 (səkkiz min səkkiz yüz əlli səkkiz) manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələbi əsasında Tərtər rayonu, Sarıcalı kəndində yerləşən ümumi sahəsi 18,6 kv/m olan qeyri-yaşayış obyektinə cavabdeh “xxxx” ASC-nin iddiaçı ilə 07.12.2018-ci il tarixdə bağlanmış sığorta müqaviləsi əsasında sığorta təminatı verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş AZ 057319 saylı şəhadətnamədə daşınar və BA 910937 saylı şəhadətnamədə isə daşınmaz əmlakın bir il müddətinə sığorta təminatı verilməsi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş 336 saylı, 18.11.2019-cu il tarixli arayışdan da göründüyü kimi, 29.01.2019-cu il tarixdə baş vermiş yağış nəticəsində sığortalı əmlak və ordakı daşınar əmlak subasmaya məruz qalmışdı. Baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün 31.01.2019-cu il tarixdə cavabdeh “xxxx” ASC-yə müraciət etmiş və cavabdeh 05.03.2019cu il tarixli məktub ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Cavabdeh “xxxx” ASC sığorta ödənişinə olan imtinanı baş vermiş hadisənin sığorta hadisəsi olmaması ilə əsaslandırmışdır. Subasma nəticəsində dəymiş zərərin ödənilməsinə cavabdeh tərəfindən edilmiş imtinadan sonra sözügedən məsələ ilə bağlı tələbə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin sözügedən məsələ ilə bağlı dəymiş zərərin müəyyən edilməsi üçün 05.12.2019-cu il tarixli, 2-1(81)-1193/2019 saylı qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2020-ci il tarixli 1054 saylı rəyi ilə sığorta hadisəsi nəticəsində sığortalı əmlaka 8858 (səkkiz min səkkiz yüz əlli səkkiz) manat ziyanın dəyməsi müəyyən edilmişdir. İddiaçı1 və X4 ərizələr ilə məhkəməyə müraciət edərək, aralarında tələb hüququnun güzəştinə dair müqavilə bağladıqlarını və bu səbəbdən AR MPM-nin 54.1-ci maddəsini rəhbər tutaraq, İddiaçı1 yeni iddiaçı X4 ilə əvəz olunmasını xahiş etmiş və iddaçı İddiaçı1 yeni iddiaçı X4 ilə əvəz edilmişdir. Daha sonra iddiaçı X4 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, sığortalı əmlaka dəymiş zərər miqdarında, yəni, 8858 (səkkiz min səkkiz yüz əlli səkkiz) manat məbləğin, 30 manat dövlət rüsumunun və qətnamə qəbul olunan günə kimi hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - BA seriyalı, 910937 nömrəli “Daşınmaz əmlakın icbari sığortası haqqında” şəhadətnamədən görünür ki, sığortalı İddiaçı1 məxsus Tərtər rayonu, Sarıcalı kəndində yerləşən daşınmaz əmlak 07.12.2018-ci il tarixdən 06.12.2019-cu il tarixədək “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 130 manat, sığorta məbləği 38350 manat, azadolma məbləği 500 manat miqdarında müəyyən edilmişdir. - AZ seriyalı, 057319 nömrəli “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” şəhadətnamədən görünür ki, sığortalı İddiaçı1 məxsus Tərtər rayonu, Sarıcalı kəndində yerləşən YDM 07.12.2018-ci il tarixdən 06.12.2019-cu il tarixədək “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 50 manat, sığorta məbləği 12500 manat, azadolma məbləği ümumi məbləğin 2%-i, minimum 200 manat miqdarında müəyyən edilmişdir. Eləcə də həmin şəhadətnamədə yanğın, ildırım, partlayış və yanğın və partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət; zəlzələ və vulkan püskürməsi; qar ağırlığı; sel və su basması; yer sürüşməsi; fırtına; daxili su; tüstü; nəqliyyat vasitələrinin sığortalanmış predmetə dəyməsi; avtomobillərin sığortalanmış predmetə dəyməsi; su nəqliyyatı vasitələrinin sığortalanmış predmetə dəyməsi; hava nəqliyyatı vasitələrinin sığortalanmış predmetə dəyməsi; zor tətbiq etməklə oğurluq və ya oğurluğa təşəbbüs (qırma, oyuq açma, sökmə, dağıtma və zorla daxil olmaq; xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq; öldürmə yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq) sığorta hadisələrinə aid edilmişdir. - Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sarıcalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 18.11.2019-cu il tarixli, 336 nömrəli arayışından görünür ki, İddiaçı1 məxsus Tərtər rayonu, Sarıcalı kəndində yerləşən “SOCCER” adlı yanacaq doldurma məntəqəsinin ərazisi yerquruluşu olaraq kənd ərazisindən və yaxınlıqdan keçən magistral yoldan aşağıda yerləşdiyindən, 29.01.2019-cu il tarixdə küləklə müşahidə olunan güclü yağış suları YDM-in transformator sahəsinə dolmuşdur. - İddiaçı1 tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 31.01.2019-cu il tarixli ərizədə bildirilmişdir ki, 29.01.2019-cu il tarixdə saat təxminən 02:20 radələrində İddiaçı1 istifadəsində olan Tərtər rayonu, Sarıcalı kəndində yerləşən “SOCCER” adlı X1 qısaqapanma baş vermiş, bu səbəbdən obyektin yanacaq paylayan pompalarının beynləri və elektronları nasaz vəziyyətə düşmüş və nəticədə İddiaçı1 maddi zərər dəymişdir. Bu səbəbdən də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “SOCCER” adlı YDM “xxxx” ASC-də sığortalandığından dəymiş zərərin müəyyən edilərək ödəniş edilməsini xahiş etmişdir. - “xxxx” ASC tərəfindən İddiaçı1 ünvanlanmış 05.03.2019-cu il tarixli, 0328 nömrəli məktubla bildirilmişdir ki, Tərtər rayonu, Sarıcalı kəndində yerləşən qeyri-yaşayış sahəsindəki daşınar əmlaka “Əmlakın yanğından və digər risklərdən sığortası” qaydalarına əsasən sığorta təminatı verilmişdir. 29.01.2019-cu il tarixdə sözügedən qeyri-yaşayış sahəsindəki elektrik xətlərində qısaqapanma hadisəsi baş vermiş və sadalanan əmlaka zərər dəymişdir. Müqavilənin şərtlərini əsas götürərək baş vermiş hadisənin sığorta təminatı ilə əhatə olunmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 09.06.2021-ci il tarixli, 20/638 nömrəli məktubundan görünür ki, 28.01.2019-cu il tarixində Tərtər hidrometeoroloji stansiyasında qeydə alınmış hava şəraiti - hava dəyişkən buludlu, görünüş 4- 20km, havanın orta temperaturu 10.4°C, minimum temperaturu 5.4°C, maksimum temperaturu 14.8°C olmuşdur. Külək qərb istiqamətli olub, maksimum surəti 10m/san (5ball) olmuşdur. Bofort şkalasına görə 5 bal külək təzə külək sayılır. Yağıntı qeydə alınmamışdır. 29.01.2019-cu il tarixində hava tutqun buludlu, görünüş 4 km, havanın orta temperaturu 5.8°C, minimum temperaturu 4.9°C, maksimum temperaturu 7.0°C olmuşdur. Külək cənub-cənub-şərq istiqamətli olub, maksimum surəti 5m/san (3 bal) olmuşdur. Saat 0040-dan 0330-dək duman müşahidə edilmiş, dumanda görünüş məsafəsi 50 m olmuşdur. Gündüz saatlarında yağış yağmışdır. Düşən yağıntının miqdarı 10.3 mm olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli, 1054 saylı ekspert rəyindən müəyyən olunur ki, 05 fevral 2019-cu il tarixli zərər aktına əsasən, 29.01.2019-cu il tarixdə yanacaq doldurma məntəqəsinin transformatorunda baş vermiş qısaqapanma zamanı sığorta predmetinin yerləşdiyi ünvanda sığorta olunan elektrik avadanlıqlarının yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş zərərin ümumi həcmi nəzəri qaydada təxminən 8858 manat müəyyən olunur. - 02.03.2021-ci il tarixli, 16 nömrəli “Tələb sahibinin, tələb hüquqlarının üçüncü şəxsə verməsi” haqqında müqavilədə qeyd olunmuşdur ki, sığortalı İddiaçı1 Tərtər rayonu, Sarıcalı kəndində yerləşən, AZ 057319 və BA 605224 saylı sığorta şəhadətnamələri ilə “xxxx” ASC-də sığortaladığı X1 29.01.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı əmlaka dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan “xxxx” ASC-yə qarşı malik olduğu bütün hüquqları və tələbləri bu müqavilə ilə üçüncü şəxsə - İddiaçı2 güzəşt etmişdir. Üçüncü şəxs İddiaçı2 sözügedən sığorta hadisəsi ilə bağlı heç bir qeydşərt olmadan, dərhal “xxxx” ASC-yə qarşı olan bütün iddia və tələb hüquqlarından istifadə edə bilər. Müqavilə Tərəflərin hər ikisi tərəfindən imzalanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Tərtər rayon, Sarıcalı kəndində yerləşən qeyri-yaşayış obyektinə (yanacaq doldurma məntəqəsu) cavabdeh “xxxx” ASC-nin iddiaçı ilə 07.12.2018-ci il tarixdə bağlanmış sığorta müqaviləsi əsasında sığorta təminatı verilmiş və sözügedən qeyri-yaşayış sahəsinə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş AZ 057319 saylı şəhadətnamədə daşınar və BA 910937 saylı şəhadətnamədə isə daşınmaz əmlakın bir il müddətinə sığorta təminatı verilməsi qeyd olunmuşdur. 29.01.2019-cu il tarixdə küləklə müşahidə olunan yağış suları YDM-in transformator sahəsinə dolmuş, nəticədə transformatorda qısaqapanma baş vermiş və sığorta predmetinin yerləşdiyi ünvanda sığorta olunan elektrik avadanlıqlarının yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Bu hal işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İddiaçı müqavilə şərtlərini əsas götürərək qısaqapanma hadisəsinin sığorta təminatı ilə əhatə olunmadığı səbəbindən sığorta ödənişinin verilməsindən imtina etmişdir. Lakin məhkəmənin qənaətinə əsasən iddiaçı sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, sığortalı əmlaka zərərin dəyməsi qısaqapanma nəticəsində olsa da, qısaqapanma su basması (yağış sularının YDM-in transformator sahəsinə dolması) nəticəsində baş vermişdir. Yəni əmlaka dəymiş zərərlə su basması arasında səbəbli əlaqə mövcuddur. Su basması isə 057319 nömrəli “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” şəhadətnamədə sığorta hadisəsi kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, sığorta müqaviləsinin şərtlərini nəzərə alaraq hesab edir ki, iddiaçı sığorta obyektinə dəymiş zərərə görə cavabdehdən sığorta məbləğinin tutulmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmənin qənaətinə əsasən iddia tələbi 8858 (səkkiz min səkkiz yüz əlli səkkiz) manat məbləğin cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. AZ seriyalı, 057319 nömrəli “Əmlakın yanğından və digər risklərdən sığortası haqqında” şəhadətnamədə zəlzələ, yanğın, sel və subasma risklərinə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2%-i, lakin minimum 200 manat olmaq şərti ilə şərtsiz azadolma məbləği müəyyən olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin dəymiş zərər miqdarında, yəni 8858 (səkkiz min səkkiz yüz əlli səkkiz) manat məbləğində (ekspert rəyi ilə müəyyən edilən məbləğ) pulun cavabdehdən tutulması hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməli, həmin məbləğdən şərtsiz azadolma məbləği 200 manat çıxılmaqla, 8658 (səkkiz min altı yüz əlli səkkiz) manatın cavabdehdən tutulması hissəsində iddia təmin olunmalı, qalan hissədə isə rədd olunmnalıdır. İddia tələbinin digər hissəsini isə qətnamə qəbul olunan günə kimi hər gecikdirilmiş gün üçün 0,1 faiz məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı həmin hissədə tələbini dəqiq və aydın ifadə etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 1 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 29 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 8658 (səkkiz min altı yüz əlli səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 8687 (səkkiz min altı yüz səksən yeddi) manat məbləğində pul İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1250/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1250/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver