Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1250/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12 iyun 2023-cü il tarixli maliyyə lizinqi müqaviləsi üzrə 13940,12 manat əsas borc, 1774,06 manat faiz borcu, 80,55 manat cərimə məbləği olmaqla ümumilikdə 15794,73 manat məbləğində pulun və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, lizinq obyekti olan “BMW 328İ” minik markalı avtomobilin saz və işlək vəziyyətdə Cavabdeh2 alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 12 iyun 2023-cü il tarixli ML/5683 nömrəli maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 1 ədəd 2013-cü il buraxılışı “BMW 328İ” minik markalı WBA3C1C56EK110139 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23% dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Maliyyə lizinqi müqaviləsi üzrə kredit məbləği 16880 manat təşkil edir. 12 iyun 2023-cü il tarixli ML/5683 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh1 arasında 12 iyun 2023-cü il tarixli 5683 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 12 iyun 2023-cü il tarixli ML/5683 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Cavabdeh2 uzun müddətdir ki, lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, lizinq üzrə borc ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh2 12 iyun 2023-cü il tarixli ML/5683 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə lizinq borcu cəmi 15794,73 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 “BMW 328İ” minik markalı avtomobili şəxsi məqsədləri üçün lizinqə götürdüyünü, həmin avtomobildən sahibkarlıq fəaliyyətində istifadə etmədiyini, ümumiyyətlə, sahibkarlıq fəaliyyətini dayandırdığını və işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və Cavabdeh1 iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Adıçəkilən Qərarın 12-ci bəndində həmçinin göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və Cavabdeh2 sahibkarlıq fəaliyyəti subyektidir və mübahisə onlar arasında bağlanmış maliyyə lizinqindən irəli gəlmişdir. İddiaçının kommersiya hüquqi şəxsi kimi sahibkarlıq fəaliyyətindən kənar fəaliyyəti olmadığından hazırkı işin kommersiya məhkəməsinə aidiyyətini də məhz lizinq münasibətinin Cavabdeh2 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığı müəyyən edəcək. Cavabdeh2 məhkəməyə veridiyi izahatında lizinq obyektini şəxsi məqsədlər üçün əldə etdiyini bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli maliyyə lizinqi müqaviləsindən lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə bağlı götürüldüyü və ya lizinq obyektinin məhz sahibkarlıq fəaliyyətində istifadə edilməsinin şərtləşdirildiyi də görünmür. Bu səbəbdən yalnız müqavilənin yekun hissəsində lizinq alanın rekvizitləri göstərilərkən Cavabdeh2 VÖEN-nin göstərilməsi də hüquq münasibətinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq etməyə kifayət etmir. Göründüyü kimi, işin hallarından mübahisənin Cavabdeh2 sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması öz təsdiqini tapmır. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyata alındığı yer Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 162a, mənzil 26-dır. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maliyyə lizinqi müqaviləsi üzrə pulun tutulması və s.” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1250/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1250/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver