Məhkəmə qərarları › İş №e-2-2(113)-1253/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1253/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1253/2020 11.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən yaranmış 3496,50 manat məbləğində əsas borcun, 475,24 manat əldən çıxmış faydanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən yaranmış 3496,50 manat məbləğində əsas borcun, 475,24 manat əldən çıxmış faydanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdeh izahat verərək, bildirdi ki, 2016-cı il fevral ayından “Azərsənaye İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib vəzifəsində işləməyə başlamışdır. İddiaçı üzləşmə aktını əsas götürür. İmzası yalnız o borcun təsdiqidir və baş mühasib kimi imza etmişdir. Onun vergi ödəyicisi kimi hazırki mübahisəylə heç bir əlaqəsi yoxdur. İcarə müqaviləsi ilə bağlı vergi ödəyicisi kimi 2007-ci ildən qeydiyyatdan keçmiş, lakin o vaxtdan da sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bu iddia ilə bağlı heç bir borcu yoxdur. Alqı-satqı müqaviləsini də o, bağlamamışdır. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Cavabdeh məhkəmə iclasında işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, “İşə səlahiyyətli məhkəmə tərəfindən baxılması mübahisənin ixtisaslaşmış məhkəmə tərəfindən hərtərəfli və obyektiv həll edilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti əsassız və qeyri-qanuni dəyişdirilə bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit edilmişdir ki, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci və 26.1-ci maddələrinin tələblərindən göründüyü kimi mübahisəyə kommersiya məhkəməsində baxılması ücün qanunvericilik tərəflər arasında yaranmış mübahisənin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisəyə aid olmasını şərt olaraq göstərir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx xxx 2016-cı il tarixdən xx xxxxxxxx 2017-ci il tarixədək “Azərsənaye İnşaat” məhdud məsuliyyətli cəmiyyətində baş mühasib vəzifəsində işləmiş və üzləşdirmə aktına “Azərsənaye İnşaat” məhdud məsuliyyətli cəmiyyətinin baş mühasibi kimi imza etmişdir. Lakin iddiaçı borcu “Azərsənaye İnşaat” məhdud məsuliyyətli cəmiyyətindən deyil, cavabdehdən tələb edir ki, bu halda mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bu səbəbdən də iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Eyni zamanda cavabdehin sahibkar olması da hazırki mübahisəyə kommersiya məhkəməsində baxılmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və iş materiallarından göründüyü kimi cavabdehin ünvanı ünvan 1 mənzil 21 ünvanıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 25, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən yaranmış 3496,50 manat məbləğində əsas borcun, 475,24 manat əldən çıxmış faydanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar