Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1257/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LTD Firmasının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, Cavabdehin iştirakı olmadan İddiaçı LTD Firmasının Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LTD Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 9514,36 manat məbləğin və ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" LTD Firmasına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 10 noyabr 2021-ci il tarixli 543 nömrəli müqaviləyə əsasən cavabdehin "xxxx" LTD Firmasından almış olduğu kolbasa və sosiska malara görə 9514,36 manat borcu yaranmışdır. Belə ki, xx.xx.2021; xx.xx.2022; xx.xx.2022; xx.xx.2022; xx.xx.2022; xx.xx.2022; xx.xx.2022; xx.xx.2022; xx.xx.2022-ci il tarixində verilmiş olan iddia ərizəsinə əlavə edilmiş elektron-qaimələr üzrə cavabdehə təhvil verilmiş olan malın ümumi dəyəri 20442,95 manat təşkil etmişdir ki, həmin məbləğdən 10928.59 manat ödənilmiş və cavabdehin 9514,36 manat borcu yaranmışdır. Həmçinin, borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya verilsə də ödəniş edilməmişdir. Cavabdehə verilmiş mediasiya təklifi qəbul edilsə də, mediasiya sessiyasında iştirakdan imtina edildiyindən bu barədə müvafiq arayış verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 9.1-1cimaddəsinə uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 543 saylı alqısatqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu alıcıya satmağı, alıcı isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcının hüquqları:
10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini alıcıdan tələb edir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcının vəzifələri:
12. Müqavilənin 2.2.1-ci bəndinə əsasən 1.2-ci bəndi ilə müəyyən olunan malı qaiməfaktura əsasında alıcıya təhvil verməyi.
13. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının vəzifələri:
14. Müqavilənin 2.4.3-cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazimi qaydada icra edir və onların pozulmasına yol vermir.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı hər sifariş üzrə təhvil aldığı hesab fakturanın dəyərini təhvil aldığı gündən 10 iş günü müddətində satıcıya ödəyir.
16. xx.xx.2021-ci il tarixli EBBO811633 saylı e-qaiməyə əsasən İddiaçı LTD Firması tərəfindən Cavabdeh MMC-yə 704 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBP401118 saylı e-qaiməyə əsasən 1500 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBQ697407 saylı e-qaiməyə əsasən 2000 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBS450099 saylı eqaiməyə əsasən 2674 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBS652692 saylı eqaiməyə əsasən 130 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBX002196 saylı eqaiməyə əsasən 9474 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCE427450 saylı eqaiməyə əsasən 300.88 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCH306676 saylı eqaiməyə əsasən 2799,12 manat dəyərində və xx.xx.2022-ci il tarixli EBCJ239644 saylı eqaiməyə əsasən 860,95 manat dəyərində məhsul satışına dair elektron qaimələr göndərilmişdir.
17. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 0611 saylı məktubuna əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər Cavabdeh MMC tərəfindən EBBO811633 saylı e-qaimə üzər xx.xx.2022-ci il tarixində 596,61 manat, EBBQ697407 saylı e-qaimə üzrə xx.xx.2022-ci il tarixində 1694,91 manat, xx.xx.2022-cı il tarixində EBBP401118 saylı eqaimə üzrə 847,46 manat, EBBS450099 saylı e-qaimə üzrə xx.xx.2022-ci ildə 1885,25 manat, EBBP401118 saylı e-qaimə üzrə xx.xx.2022-ci il tarixində 2542,37 manat və EBBX002196 saylı e-qaimə üzrə xx.xx.2022-ci il tarixində isə 1694,91 manat məbləğində ödənişlər edilmişdir.
18. ƏDV məbləğləri üzrə Cavabdeh MMC tərəfindən edilmiş ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixdə 107,39 manat, xx.xx.2022-ci il tarixində 305,08 manat, xx.xx.2022ci il tarixində 152,54 manat, xx.xx.2022-ci il tarixində 339,35 manat, xx.xx.2022-ci il tarixində 457,63 manat və xx.xx.2022-ci il tarixində 305,09 manat ödənişlər edilmişdir.
19. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
20. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 543 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci bəndində göstərilən məhsulu alıcıya satmağı, alıcı isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı hər sifariş üzrə təhvil aldığı hesab fakturanın dəyərini təhvil aldığı gündən 10 iş günü müddətində satıcıya ödəyir.
28. .Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh iddiaçının müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
29. Lakin, işdə olan sübutlar, yəni e-qaimələr və cavabdeh tərəfindən qismi ödənişlər edilməsi iddiaçı tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə sübutdur.
30. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlara təsdiqini tapdığı üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə və satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 110 manat məbləğində mediasiya xərci və 16 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin və dövlət rüsumunun əvəzi qismində 116 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 9514,36 manat borc məbləği və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 116 manat tutularaq İddiaçı LTD Firmasına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova