Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1258/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2-2(82)-577/2018 saylı qətnaməsinin vaxtında icra olunmaması nəticəsində iddiaçıya dəymiş maddi zərərin - 40494,86 manat faiz; 47641.02 manat əldən çıxmış faydanın, mediasiya xərci olan 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il 16/01 saylı, xx.xx.2016-cıil 16/02 saylı və xx.xx.2016-cıil 16/04 saylı podrat müqavilələrinə əsasən “Podratçı” öz işçi qüvvəsi və vəsaiti hesabına, öz avadanlıq və materialları ilə cavabdehə məxsus “İnter-Arena” stadionunun 4 №-li tribunasının soyunubgeyinmə otağı və sanitar qovşaqlarında, eləcə də “İnter-Arena” stadionu Gənclər Məktəbinin və Fitnes zalının damında və təsərrüfat binasının zirzəmisində təmir işlərinin görülməsini öz öhdəsinə götürmüşdür. Görüləcək işlərin həcmi və dəyəri bağlanmış müqavilələrin ayrılmaz hissəsi olan və tərəflər arasında razılaşdırılmış və təsdiq edilmiş smetalarda öz əksini tapmışdır. Yuxarıda göstərilmiş müqavilələrdə nəzərdə tutulmuş bütün işlər “Podratçı” tərəfindən tam və keyfiyyətlə yerinə yetirilmiş və 2016-cı ilin sentyabr ayında “Sifarişçi”yə təhvil verilmişdir. Səlahiyyətli nümayəndələr tərəfindən akt tərtib edilmiş, imzalanmış və dairəvi möhürlə təsdiq edilmişdir. 01 dekabr 2016-cı il tarixdə tərtib edilmiş “Üzləşmə Aktı”na görə cavabdehin iddiaçıya 144366.71 manat borcu olduğu müəyyən edilmişdir. “Üzləşmə Aktı” da hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və dairəvi möhürlə təsdiq edilmişdir. Ancaq işin təhvil verilməsindən 2 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq cavabdeh müqavilə öhdəliyinə əməl etməyərək görülmüş işin dəyərini ödəməmişdir. Müqaviləyə və mülki qanunvericiliyə əsasən yaranmış vəziyyəti öz aralarında həll etməyə dəfələrlə cəhd göstərsələr də, qarşı tərəflə razılıq əldə edilməmiş, borcu ala bilməmişlər. xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılmış, iddia tələbi qismən təmin edilmiş və cavabdehdən 144366.71 manat əsas borc, 14436.67 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə 2-2(82)-577/2018 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2018-ci il tarixli İcra Vərəqəsi Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru xx.xx.2018-ci il tarixdə müvafiq qərarla icraata başlamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra hərəkətlərinə baxmayaraq borclu 158803.38 manat pul məbləğini ödəmir. Bunun da nəticəsində tələbkara müəyyən zərər dəymişdir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, ona qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Hal-hazırda Mərkəzi Bankın uçot faiz dərəcəsi 6.5 faizdir (xx.xx.2021 tarixindən etibarən). Azərbaycan Respublikası MM-nin 439.3-cü maddəsinə görə qanunla və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu, məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar 2% bəndi əlavə edilməklə AR Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı 5 faiz miqdarında hesablanır. Artıq 3 ildən artıqdır ki, borclu qanunsuz olaraq pul vəsaitini özündə saxlayır ki, bunun da nəticəsində iddiaçıya 40494.86 manat zərər dəymişdir (158803,38AZN x 8.5% = 13498,29 AZN x 3il = 40494,86AZN). Azərbaycan Reüspublikası MM-nin 21.1-ci maddəsində deyilir ki, hüquqi pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsində zərərə aşağıdakı kimi anlayış verilir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Borclu onlara olan borcunu əsassız özündə saxlamaqla onlara daha çox zərər vurmuşdur. Şirkətin illik dövriyyəsi milyonlarla manat təşkil edir, dövlət büdcəsinə külli miqdarda vergilər ödənilir. Onlar həmin məbləği illik dövriyyələrinə cəlb edə bilsəydilər, həmin məbləğdən ən azı illik 10 faizə qədər gəlir əldə edə bilərdilər və bunun da nəticəsində dövlət büdcəsinə ödəmələrin də sayı artardı. Borclunun öz borcunu vaxtında qaytarmaması onlara əldə edə biləcəkləri 47641.02 Azn gəlirdən də məhrum etmişdir (158803.38 Azn x 10% = 15880.34 Azn x 3il = 47641.02Azn). Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Quliyev iddia ərizəsini müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış müqavilələrə əsasən görülmüş işlərin dəyəri kimi yaranmış olan 144366,71 manat əsas borcun, 14436,67 manat faizlərin, 34.648 manat əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-577/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 144366,71 manat məbləğində əsas borc və 14436,67 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-577/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, cavabdehə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli e189563/2018-7-8 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-577/2018-005 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması cavabdehə bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 07 fevral 2022-ci il tarixli AC/013 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)-577/2018 nömrəli qətnaməsinin 3 iş günü ərzində icra olunmasına başlanmasını, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli 9/3133 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməsi gecikdirilən 158803,38 manat məbləğində pul vəsaitinə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankın məyyən etdiyi bank uçot faiz dərəcələri ilə hesablanmış faiz məbləği 40519,12 manat məbləğində müəyyən edilir. O cümlədən, ödənilməli olan əsas məbləğ 158803,38 manat, faiz borcu isə 40519,12 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 439.3-cü maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə materiallarda olan ekspert rəyi nəzərə alınmaqla təmin edilməli, cavabdehdən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2018-ci il tarixli 2-2(82)-577/2018-005 nömrəli icra sənədi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (iddia ərizəsinin verildiyi tarixə) ödənilməsi gecikdirilən 158803,38 manat pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 40494,86 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ekspert rəyində faiz borcu 40519,12 manat müəyyən edilmiş, iddia ərizəsində isə həmin hissədə tələb edilən faiz borcu kimi 40494,86 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bununla yanaşı, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 47641,02 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, 47641,02 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 40494,86 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı hazırkı iddia ərizəsi verilərkən 355 manat artıq dövlət rüsumu ödəmiş, məhkəməyə ərizə ünvanlayaraq həmin vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 355 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 40494,86 manat məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 355 (üç yüz əlli beş) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1258/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1258/2022
29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver