Məhkəmə qərarları › İş №e-2-2(113)-1259/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1259/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1259/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.200 (dörd min iki yüz) manat ödənilməmiş pulun, 62 (altmış iki) manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 60 (altmış) manat pulun, ümumilikdə 4322 (dörd min üç yüz iyirmi iki) manat məbləğndə pulun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı “X1 və Radio Şirkəti” MMC ilə 01.08.2020-ci il, 01.11.2020-ci il, 01.02.2021-ci il tarixli tapşırıq müqavilələri bağlamışdır. Həmin tapşırıq müqavilələrinə əsasən, İddiaçı müvafiq xidmətləri Cavabdehə göstərməyi, Cavabdeh isə həmin xidmətlərin əvəzində onun dəyərini İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqavilələrə əsasən 6300 manat (altı min üç yüz) dəyərində xidmətlər göstərərək müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin Cavabdeh razılaşdırılmış məbləğin 2100 manatını (iki min yüz ) ödəmiş, yerdə qalan 4200 manat (dörd min iki yüz) məbləği indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 01.08.2020-ci il, 01.11.2020-ci il, 01.02.2021-ci il tarixli tapşırıq müqavilələri bağlanmışdır. Eyni məzmunlu olan müqavilələrə əsasən tapşırıq alan RTVM-in radio-telequrğuları üzrə mühəndis kimi xidmət göstərməyi, tapşırıq verən isə mühəndis işinin xərcinin ödənilməsini öhdəsinə götürmüşdür. Hər bir müqavilənin müddəti 3 ay olmuşdur. Həmçinin müqavilələrdə aylıq xidmət haqqının dəyəri kimi 700 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, radio-telequrğulara mühəndis xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə həmçinin qeyd edir ki, tapşırıq müqaviləsi konsensual müqavilədir. Yəni, tapşırıq alanın qeyd edilən işi icra etdiyini sübut etmək vəzifəsi tapşırıq alanın öhdəsinə düşür. Qeyd olunan hal sübut olunduqdan sonra, tapşırıq alanın xidmət haqqını tələb etmək hüququ vardır. İş materiallarında olan 04.11.2021-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında olan üzləşmə aktından görünür ki, sonuncu İddiaçı 04.11.2021-ci il tarixədək 4200 manat borcunun qaldığını etiraf etmişdir. Göründüyü kimi, cavabdeh tərəf adı çəkilən üzləşmə aktını imza etməklə qeyd edilən müqavilələr üzrə, iddiaçı tərəfindən işlərin icra edildiyini qəbul etmiş və icra edilmiş işlərə görə ödənilməmiş 4200 manat borcunun qaldığını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 4200 manat borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddianın qiymətinin 4200 manat olmasını nəzərə alaraq, iddianın verilməsinə görə 62 manat rüsum tələb olunsa da, iddiaçı tərəf artıq 60 manat mediasiya xərci ödədiyi üçün həmin hissədə dövlət rüsumunun ödəməkdən azad edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 62 manat pulun cavabdehdən tələb edilməsi hissəsində iddia ancaq 2 manat hissəsində əsaslı, qalan 60 manatın tələb edilməsi hissəsində isə əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.200 (dörd min iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar