Məhkəmə qərarları › İş №e-2-2(113)-126/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-126/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-126/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin qanuni təmsilçisi və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyətinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 6.185,00 (altı min yüz səksən beş manat) manat, cərimə üzrə 309,25 (üç yüz doqquz manat iyirmi beş qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun əvəzi qismində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən əsas borc üzrə 3.185,00 (üç min yüz səksən beş manat) manat, cərimə üzrə 309,25 (üç yüz doqquz manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 3.524 (üç min beş yüz iyirmi dörd) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, bildirmişdir ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli, BRC 50 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, xx xxxxxx 2018-ci il tarixli, 168943 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, 185075 nömrəli elektron vergi hesab-fakturalara əsasən cavabdehə tikinti materiallarının satışından iddiaçıya 6.185 manat borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehlə öz aralarında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə nail ola bilmədiyinə görə, pulun məhkəmə qaydasında tutulmasına dair məhkəməyə müraciət olunması məcburiyyətində qalmışdır. Hazırki işə məhkəmədə baxıldığı müddətdə, yəni 2019-cu ilin oktyabr ayında cavabdeh tərəfindən 3.000 manat ödənildiyini nəzərə alaraq, iddia tələbi həmin məbləğ miqdarında azaldılmışdır. Sonda iddiaçının nümayəndəsi borcun qalan məbləğinin cavabdeh tərəfindən bu günədək ödənilmədiyinə görə, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin qanuni təmsilçisi və nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul etməyərək bildirmişdir ki, hazırki tələb üzrə, o, əsas borc üzrə elektron vergi hesab fakturası ilə qeyd olunmuş malın dəyəri üzrə 5.241,60 manat pul vəsaiti qəbul edir, lakin onun əlavə dəyər vergisi olan hissəsini, yəni 943 manat 49 qəpik hissəsini, həmçinin iddiaçı tərəfindən hesablanmış cəriməni əsassız olduğundan qəbul etmir. Belə ki, həmin elektron vergi hesab fakturası üzrə onun tərəfindən 3.000 manat hissəsinin əvvəl ödədiyini nəzərə alaraq, hesab edir ki, onun üzərinə düşən öhdəliyi qismən də olsa icra etdiyinə, onun barəsində cərimənin tətbiq olunması düzgün deyil. Sonda cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan, xx xxxxxx 2017-ci il tarixli, BRC 50 nömrəli müqavilədən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyəti aralarında malların alqı-satqısı, onların təhvil-təslimi və dəyərinin ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Belə ki, həmin Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq, iddiaçı həmin müqavilənin əlavələrində göstərilən malları cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyi, cavabdeh isə onun tərəfindən malları qəbul edib, dəyərini həmin müqavilənin şərtlərinə müvafiq olaraq ödəməyi öz öhdələrinə götürmüşdürlər. Həmin Müqavilənin 4.2 və 4.3-cü bəndlərinə əsasən Alıcı müqavilə şərtlərinə uyğun olaraq və təhvil-təslim aktı əsasında qəbul etdiyi malın ödənişinin 1 ay ərzində həyata keçirir. Alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya Satıcı malı göstərilən müddət ərzində təhvil verməzsə gecikdirilmiş hər gün üçün malların dəyərinin 0.1 faizi həcmində, lakin müqavilə dəyərinin 5 faizidən artıq olmamaq şərti ilə cərimə ödəməlidir. Mülki işdə olan xx xxxxxx 2018-ci il tarixli, EAAG seriyalı, 168943 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, HR seriyalı, 185075 nömrəli elektron qaimə fakturalarından görünür ki, 6.185,09 manat (ƏDV daxil olmaqla) rockvul skandik 50mm İddiaçı tərəfindən “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyətinə təqdim edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, FİÇ seriyalı 092812 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 3.000 manat pul vəsaitini İddiaçınə ödənilmişdir. Cavabdehin nümayəndəsi X2 hazırki iş üzrə keçirilmiş məhkəmə iclasında ona qarşı verilən iddianı qismən, yəni əsas borc üzrə 2.241,51 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat, cəmi 2.271,51 manat məbləği hissəsində etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləni 14.3 maddəsinə uyğun olaraq, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53.2 maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 191.3 maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1 maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə cavabdehin qanuni təmsilçisi X2 tərəfindən iddianı qismən, yəni iddia tələbi üzrə 2.271,51 manat məbləği hissəsində məhkəmə iclasında etiraf etməsi, eləcə də həmin etirafın qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Cavabdeh tərəfindən qəbul etmədiyi iddianın qalan hissəsində münasibətində isə məhkəmə hesab edir ki, tərəflər arasında yaranan hazırki iş üzrə kommersiya mübahisəsi aralarında bağlanmış alğı-satqı müqaviləsindən əmələ gəldiyinə görə və həmin müqavilə üzrə cavabdeh tərəfindən öz üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyindən, həmçinin cavabdehin iddianın qəbul etmədiyi hissəsinə qarşı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia təmin edilməlidir. Beləliklə də, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyətindən əsas borc üzrə 3.185,00 (üç min yüz səksən beş manat) manat, cərimə üzrə 309,25 (üç yüz doqquz manat yirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 3.524 (üç min beş yüz iyirmi dörd) manat 25 (iyirmi beş) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Uğurlu Yol” məhdud məsuliyyətli cəmiyyətindən əsas borc üzrə 3.185,00 (üç min yüz səksən beş manat) manat, cərimə üzrə 309,25 (üç yüz doqquz manat yirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 3.524,25 (üç min beş yüz iyirmi dörd) manat (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar