Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-126/2023 18.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 50 (əlli) manat pul vəsaitinin və 10 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC və X5 arasında 336/16 saylı 01 iyun 2016-ci il tarixli xidməti müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh İlqar Zeynalov “John Deere JD” markalı **-AB-*** d.q.n-lı kombaynın qiymətləndirilməsi və hadisənin səbəblərinin araşdırılmasını öz üzərinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş xidmətlərin icrasına görə iddiaçı 50 manat məbləğində pul vəsaitini cavabdehə ödəmişdir. Lakin cavabdeh araşdırma apararkən xarici ölkələrin bazarlarına istinad etmiş, eyni zamanda xarici ölkələrin internet səhifələrindən istifadə etmiş, qiymətlərin hesablanması zamanı xarici valyutanın konvertasiyasını müvafiq orqanlara müraciət etməklə hesablama işi aparmaq əvəzinə primitiv üsulla hesablamış nəticədə açıq riyazi hesablama səhvlərinə yol vermişdir və hadisənin səbəblərini müəyyən etməmişdir. Bununla da müqavilədən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və məhkəməyə ünvanlamış teleqramında cavabdeh iddia tələbini etiraf edərək qəbul etmiş və bildirmişdir ki, rəydə qeyd edilən məbləğ səhv göstərilmişdir. Belə ki, nəqliyyat vasitəsinin dəyərini müəyyən etmək üçün xarici ölkələrin bazarlarına istinad etmək məcburiyyətində qalmışdır. Lakin xarici valyutanın konvertasiyasında səhvə yol verilmişdir. Qeyd etmək istəyir ki, ona ödənilmiş xidmət haqqını geri qaytarmağa hazırdır. Qarşı tərəf bununla bağlı rəsmi məktub göndərərsə, ödəniş edərəm. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış teleqramında xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC (sifarişçi) ilə X5 (icraçı) arasında xx.xx.2016-cı il tarixdə 336/16 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə icraçı sifarişçinin tapşırıqlarına əsasən daşınmaz və daxilində olan daşınar əmlaklara dəymiş zərərin ekspertizasını aparmağı öz üzərinə götürür. Sifarişçi isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz ohdəsinə götürür. Hər hansı anlaşılmazlığın qarşısını almaq üçün tərəflər bu müqaviləni məqsədləri üçün başa düşür və təsdiq edirlər ki, sifarişçi icraçının işəgötürəni qismində çıxış etmir və tərəflər arasında bu müqavilə ilə yaranan hüquqi münasibətlər mülki hüquq xarakteri daşıyır və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 2.1-ci bəndinə görə göstərilən xidmətə görə sifarişçi tərəfindən icraçıya göstərilmiş xidmətləri təsdiq edən təhvil-təslim aktı icraçıya hər ay üçün həmin ayın son iş günündən gec olmayaraq iki nüsxədə təqdim olunacaq. Təhvil-təslim aktını hər iki tərəf imzaladıqdan sonra həmin təhvil-təslim aktına əsasən müəyyən edilmiş məbləğdə xidmət haqqı sifarişçi tərəfindən icraçıya ödənilir. Təhvil-təslim aktının hər nüsxəsi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən lazımi qaydada imzalanmalı və möhürlənməlidir. Əgər sifarişçi hər hansı bir qüsura istinad edərək görülmüş işləri təhvil almırsa, sifarişçi bu barədə əsaslandırılmış imtina məktubunu icraçıya təqdim edir. 2.4-cü bəndinə görə xidmət haqqı sifarişçi tərəfindən icraçıya nağd və ya bank köçürməsi yolu ilə ödəniləcək. 3.1.1-ci bəndinə görə bu müqavilə ilə müəyyən edilmiş xidmətlərin vaxtında və keyfiyyətli göstərilməsini tələb etmək sifarişçinin hüququdur. 3.4.1-ci bəndinə görə bu müqavilə əsasında göstərilən xidmətləri vaxtında və keyfiyyətlə yerinə yetirmək icraçının vəzifəsidir. 4.1-ci bəndinə görə bu müqavilə 01 iyun 2016-cı il tarixindən 01 iyun 2017-ci il tarixinədək olan müddətə bağlanılmışdır. 7.1-ci bəndinə əsasən müqavilə üzrə görülmüş işlərin icra dövrü, yerinə yetirilmə həcmi, həmin həcmə uyğun xidmət haqqı, tərəflərin görülmüş işləri təhvil verməsi və qəbul etməsi təhvil-təslim aktında öz əksini tapır. Müqavilə hər iki tərəfin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. X1 Ekspertizasının 12 may 2021-ci il tarixli, 4603 saylı ekspert (X5) rəyinə əsasən, John Deere 9970 markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 92.150 manat, işçilik xidmətləri isə 30.850 manat müəyyən edilir. Avtomobilə dəymiş cəmi zərər 123.000 manat təşkil edir. Rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki: - Baxış zamanı müvafiq qeydlər aparılmışdır və rəqəmsal fotoaparatla fotoşəkilləri çəkilmişdir. - Nəqliyyat vasitəsinə dəymiz zərərin bazar qiymətinin müəyyən edilməsi aşağıdakı normativ sənədlərin tələblərinə müvafiq olaraq aparılır: - 2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.9-cu maddəsinə; - Dövlət Statistika Komitəsinin bazar qiymətləri barədə məlumatları; - malların (işlərin, xidmətlərin) ixracı və idxalı əməliyyatları üzrə taktiki tətbiq olunan qiymətlərin reallığın müəyyənləşdirmək məqsədi ilə, həmin ölkələrin müvafiq mallar (işlər, xidmətlər) üzrə bazar qiymətləri barədə mənbələr, habelə dünya bazar qiymətləri barədə mənbələr; - konkret mala olan tələb və təklifin bazar konyukturası; - ehtiyyat hissələrinə və xidmətə tələb və təklifin dəyişməsi (mövsümü olaraq istehlakçı tələbin artıb-azalması); - modelin müasirliyi, dəbdə olması və yaxud əksinə; - ehtiyyat hissələrinin istehsal yeri və mənşə ölkəsi; - ehtiyyat hissələrinin keyfiyyət və digər istehlak göstəricilərinin səviyyəsi; - ehtiyyat hissələrinin və xidmətlərin istismar yeri və şəraiti; - marketinq siyasətinin aparılması və əlaqədar olaraq bazara anoloqu olmayan (prototip) yeni malların çıxarılması, yaxud malların yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədi ilə əmtəə nümunələrinin təqdim edilməsi; - analoji mala təklif olunan qiymətlər. Tədqiqat qeyd olunan xüsusiyyətlərə müvafiq olaraq aparılmışdır. "xxxx" ASC tərəfindən X4 15 avqust 2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq müqavilə üzrə yaranmış 50 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci ilədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" ASC (sifarişçi) ilə cavabdeh X5 (icraçı) arasında 336/16 saylı 01 iyun 2016-cı il tarixli xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının tapşırıqlarına əsasən daşınmaz və daşınar əmlaklara dəymiş zərərin ekspertizasını aparmağı, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçının tapşırığına əsasən cavabdeh X5 tərəfindən “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna dəymiş zərərin qiymətləndirilməsi həyata keçirilmiş və 12 may 2021-ci il tarixli “X1 ekspertizası” üzrə ekspert rəyi verilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən həmin xidmətə cavabdehə 50 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdeh tərəfindən zərərin qiymətləndirilməsi apararılarkən xarici ölkələrin bazarlarına istinad edildiyini, qiymətlərin hesablanması zamanı açıq hesab səhvlərinə yol verildiyini, yəni qiymətləndirmə rəyinin müəyyən edilmiş zərər məbləğinin əsassız olmasını, eləcə də rəydə hadisənin baş vermə səbəblərinin müəyyən edilmədiyini əsas göstərərək cavabdeh X3 müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini iddia edir və "xxxx" ASC tərəfindən həmin xidmətə görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı cavabdehə ödənilmiş 50 manat məbləğində pul qaytarılması barədə tələbini cavabdeh tərəfindən mübahisəli xidmət müqaviləsinə əsasən göstərilmiş “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna dəymiş zərərin qiymətləndirilməsi üzrə xidmətlərin keyfiyyətsiz (qüsurlu) olması, yəni cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə əvvəla qeyd edir ki, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini qiymətləndirərkən xarici valyutanın konvertasiyasında səhvə yol verdiyini və 50 manat xidmət haqqının geri qaytarılmasına hazır olduğunu bildirmiş, yəni faktiki olaraq verdiyi qiymətləndirmə rəyində müəyyən edilmiş zərər məbləğinin əsassız, göstərdiyi xidmətlərin isə qüsurlu olması və son nəticədə xidmət müqaviləsi üzrə öhdəliklərin tərəfindən lazımi qaydada icra edilməməsi faktlarını etiraf etmişdir. MPM-in 106.4-cü maddəsinə görə məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Hazırkı halda cavabdehin faktı etiraf etməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, birincisi, cavabdeh qiymətləndirmə rəyini tərtib edərkən xarici valyutaların konvertasiyasında səhvə yol verdiyini etiraf etsə də, hesablama səhvinin nədən ibarət olmasını konkretləşdirməmişdir. İkincisi, məhkəmə tərəfindən cavabdehin hər hansı bir sübutla möhkəmləndirilməmiş etirafına əsaslanaraq qiymətləndirmə rəyində nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin düzgün müəyyən edilməməsi faktının qəbul edilməsi nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı sığorta ödənişinin verilməsi ilə bağlı mübahisəyə məhkəmədə baxılarkən sözügedən rəyin sübut qismində nəzərə alınmasına təsir göstərə və nəticədə hazırkı işdə iştirak etməyən üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər. Bununla bağlı məhkəmə tərəfindən iddiaçı tərəfə dəfələrlə qiymətləndirmə rəyində sözügedən nəqliyyat vasitəsinə zərər vurulması ilə bağlı sığorta ödənişinin verilməsinə dair mübahisənin mövcud olub-olmaması, həmin mübahisəyə dair işə məhkəmədə baxılıbbaxılmaması, baxıldığı təqdirdə işə baxılarkən sözügedən rəyin sübut qismində qiymətləndirilib-qiymətləndirilməməsi, məhkəmə araşdırması gedişində rəyin əsaslılığının "xxxx" ASC tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması barədə məlumat verilməsi təklif edilsə də, müvafiq məlumatlar məhkəməyə təqdim edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi baş verməsinə dair şübhə olduğundan etirafı qəbul etmir və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi faktının ümumi qaydada sübut olunmasını zəruri sayır. İş materiallarından isə görünür ki, iddiaçı "xxxx" ASC da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsini (müqavilə üzrə göstərilmiş qiymətləndirmə xidmətlərinin qüsurlu olmasını) cavabdehin qiymətləndirmə rəyində hesablama səhvlərinə yol verməsi əsaslandırsa da, həmin səhvlərin nədən ibarət olmasını konkretləşdirməmiş və ümumiyyətlə, qiymətləndirmə rəyində müəyyən edilmiş zərər məbləğinin həqiqəti əks etdirməməsini təsdiq edən hər hansı bir sübuta istinad etməmişdir. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli xidmətlərin göstərilməsindən qiymətləndirmə rəyinin verilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı həmin müddət ərzində (məhkəməyə müraciət edilməmişdən əvvəl 2022-ci ilin avqust ayında göndərilmiş pretenziya məktubu istisna olmaqla) cavabdehə göstərilmiş qiymətləndirmə xidmətinin qüsurlu olması, verilmiş qiymətləndirmə rəyinin əsassız olması ilə bağlı cavabdehə irad bildirməmiş, qüsurların aradan qaldırılmasını təklif etməmiş və digər formada rəylə bağlı narazılığı ifadə etməmişdir. Bununla yanaşı iddiaçı "xxxx" ASC rəyin verilməsindən keçən müddət ərzində qiymətləndirmə rəyini hər hansı bir formada mübahisələndirməsini (məsələn, rəy əsasında hesablanmış sığorta ödənişini ödəməkdən imtina etməsini, rəyin həqiqiliyini məhkəmədə mübahisələndirməsini, rəyin məhkəmədə sübut qismində qəbul edilməsinə dair etiraz irəli sürməsini, zərərin qiymətləndirilməsinə dair alternativ rəy almasını və s.) təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilən hallar ona dəlalət edir ki, cavabdeh tərəfindən göstərilmiş “John Deere JD” markalı **-AB-***3 dövlət nömrə nişanlı kombayna dəymiş zərərin qiymətləndirilməsi üzrə xidmətlər iddiaçı tərəfindən hər hansı irad bildirilmədən qəbul edilmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış xidmət müqaviləsində xidmətlərin dəyərinin yalnız müvafiq xidmətlər göstərildikdən və sifarişçi tərəfindən qəbul edildikdən sonra ödənilməsi nəzərdə tutulduğundan mübahisəli xidmətə görə iddiaçı tərəfindən 50 manat xidmət haqqının ödənilməsi faktının özü (göstərilən fakt tərəflərin heç biri tərəfindən mübahisələndirilmir) də həmin xidmətin iddiaçı tərəfindən qəbul edilməsini təsdiqləyir. Cavabdeh tərəfindən hadisənin səbəblərinin araşdırılmaması barədə iddiaçının istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, qiymətləndirmə rəyində cavabdehin qarşısında qoyulmuş suallar sadalanmış və onların arasında hadisənin səbəblərinin araşdırılması barədə sual yer almamış, iddiaçı isə sözügedən rəyin verilməsi bağlı sifariş verilərkən ekspert qarşısında belə bir sual qoyulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına əsasən cavabdeh tərəfindən mübahisəli xidmət müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi müəyyən edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş xidmət haqqı məbləğində dəymiş zərərin ödənilməsi barədə hazırkı iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-126/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-126/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver