Məhkəmə qərarları › İş №e-2-2(113)-1263/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1263/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1263/2023 23.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3715,29 manat (2185,46 ABŞ dolları) məbləğində əsas borcun və 60 manat məbləğində mediasiya xərcinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində 17-ADYK-AZE043 saylı nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC Cavabdeh MMCyə sonuncunun hesabına nəqliyyat-ekspedisiya xidmətləri göstərir. Müqavilənin 3.1-ci bəndinə əsasən, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, nəqliyyat-ekspedisiya xidməti başlanmazdan əvvəl, göstəriləcək xidmətlər üzrə ödənişi 100% avans olaraq həyata keçirir. Yuxarıda göstərilən müqavilənin şərtlərinə uyğun olaraq, İddiaçı MMC tərəfindən cavabdehə 2019-cü ilin avqust və dekabr aylarında müvafiq xidmətlər göstərilmiş, lakin sonuncu göstərilmiş xidmətlərin dəyərini iddiaçıya ödəməmişdir. Beləliklə, 2019-cü ilin avqust ayı üzrə göstərilmiş xidmətlərə dair xx.xx.2019cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cü il tarixinə olan borcu 1228,00 ABŞ dolları təşkiledir. 2019-cü ilin dekabr ayı üzrə göstərilmiş xidmətlərə dair xx.xx.2019-cü il tarixli üzləşmə aktından görünür ki, yuxarıda qeyd edilən borcuna əlavə olaraq, dekabr ayında cavabdehə 957,46 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə 2019-cü ilin dekabr ayında göstərilmiş xidmətin ödənilməsi üçün, Cavabdeh MMC-yə 957,46 ABŞ dollarına İNV-F-2005-0022 saylı xx.xx.2019-cü il tarixli invoys və EBAJ №938360 saylı elektron qaimə təqdim edilmişdir. Beləliklə, yuxarıda göstərilən invoyslara və üzləşmə aktlarına əsasən, cavabdehin İddiaçı MMC-yə 2185,46 ABŞ dolları (3715,29 manat) məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh üç elektron qaimə üzrə tam borcunu ödəmədiyinə görə tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında üç elektron qaimə üzrə borcun tam ödənildiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 17-ADYK-AZE043 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış nəqliyyat-ekspedisiya xidmətlərinə dair müqavilədən görünür ki, hazırki müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-nin adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərinin göstərilməsini təmin edir. EBAJ seriyalı 938360 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC Tern Transport and Trading LTD” MMC-yə 1627,68 (957,46 ABŞ dolları) manat məbləğində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli İNV-F-2005-0022 nömrəli invoysun sürətindən görünür ki, İddiaçı MMC Tern Transport and Trading LTD” MMC-yə 957,46 ABŞ dolları məbləğində xidmət göstərmişdir. EAAY seriyalı 231248 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC Tern Transport and Trading LTD” MMC-yə 1681,30 (989 ABŞ dolları) manat məbləğində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli İNV-F-1908-0017 nömrəli invoysun sürətindən görünür ki, İddiaçı MMC Tern Transport and Trading LTD” MMC-yə 989 ABŞ dolları məbləğində xidmət göstərmişdir. EAAZ seriyalı 380717 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC Tern Transport and Trading LTD” MMC-yə 450,50 (265 ABŞ dolları) manat məbləğində xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli İNV-F-2005-0022 nömrəli invoysun sürətindən görünür ki, İddiaçı MMC Tern Transport and Trading LTD” MMC-yə 957,46 ABŞ dolları məbləğində xidmət göstərmişdir. 27 dekabr 2022-ci il tarixli MŞB/18-00235 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 850.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış nəqliyyatekspedisiya xidmətlərinə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək nəqliyyat-ekspedisiya xidmətləri göstərsə də, Cavabdeh MMC göstərilən xidmətlərə görə 3715,29 manat (2185,46 ABŞ dolları) məbləğində xidmət haqqı borcunu İddiaçı MMC-yə ödəməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3 izahatında hazırda tələb edilən borcun tam ödənildiyini bildirsə də, məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia 3715,29 manat əsas borc və 60 manat məbləğində mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 3715,29 manat əsas borc və 60 manat məbləğində mediasiya xərci, cəmi 3775,29 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3715,29 manat əsas borc və 60 manat məbləğində mediasiya xərci cəmi 3775,29 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar