Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1269/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə ƏDV daxil olmaqla 24,651,37 manat, əldən çıxmış faydaya görə 2875,6 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 27.726,97 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 088/18 saylı Alqı-Satqı Müqaviləsinə əsasən mal-materialların satışı və alışı həyata keçirilmişdir. Uzun müddət aralarında mal-materialların alınıb-satılmasına və ödənişlərin edilməsinə baxmayaraq cavabdeh sonuncu aldığı malların ödənişlərini hələ də etməmişdir. Belə ki, 24,651,37 manat borcu artıq 2020-ci ilin sentyabr ayından ödəmir. Dəfələrlə şirkət rəhbərlərinin görüşməyinə, hətta mediasiya sessiyası zamanı müəyyən vaxt istəmələrinə baxmayaraq hələ də borc ödənilməmişdir. 088/18 saylı Alqı-Satqı Müqaviləsinin 2.2.2-ci bəndinə görə, alınmış malların dəyəri 20 (iyirmi) iş günü müddətində ödənilməli idi. Lakin artıq yuxarıda göstərildiyi kimi 2 (iki) ildən artıq müddətdir ki, cavabdeh ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehə elektron vergi hesab faktura göndərilmiş, malın dəyəri 20.890,99, malın ƏDV məbləği 3760,38 və malın ümumi dəyəri 24,651,37 təşkil etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında hesablaşmalar elektron qaimələr əsasında olmuş, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrdən yalnız sonuncusu, yəni 20890,99 manat məbləğli EBAP 509273 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə ödəniş edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağıanmış 01 oktyabr 2018-ci il tarixli 088/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən köçürmə və nəğd formasında həyata keçiriləcəkdir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş mallar təhvil alınandan sonra 20 iş günü müddətində aparılmalıdır. İddiaçı tərəfindən cavabdehə 10000,4 manat məbləğli EAAN 032898 nömrəli xx.xx.2018-ci il tarixli, 40000,01 manat məbləğli EAAN 839657 nömrəli xx.xx.2018-ci il tarixli, 9516,2 manat məbləğli EAAO 549128 nömrəli xx.xx.2018-ci il tarixli, 40000,04 manat məbləğli EAAO 990447 nömrəli xx.xx.2019-cu il tarixli, 40000,01 manat məbləğli EAAQ 240997 nömrəli xx.xx.2019-cu il tarixli, 120022,84 manat məbləğli EAAU 288995 nömrəli xx.xx.2019-cu il tarixli, 70048,5 manat məbləğli EAAX 086477 nömrəli xx.xx.2019cu il tarixli, 8000,4 manat məbləğli EBAK 098616 nömrəli xx.xx.2020-ci il tarixli, 1000 manat məbləğli EBAM 200663 nömrəli xx.xx.2020-ci il tarixli, 20890,99 manat məbləğli EBAP 509273 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 1721 saylı məktuba cavabdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 18000,40 manat vəsait mədaxil olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 04 mart 2022-ci il tarixli SNYF-2022/109 nömrəli arayışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına yalnız bir dəfə xx.xx.2018-ci il tarixində 10.000 manat məbləğində vəsait daxil olmuşdur. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 743 nömrəli məktuba cavabdan görünür ki, cavabdeh tərəfindən hesab açılan tarixdən, yəni xx.xx.2016-cı il tarixdən bugünə kimi 319586,34 manat vəsait daxil olmuşdur. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli 088/18 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 20.890,99 manat əsas borc, 3.760,37 manat ƏDV borcu, ümumilikdə 24,651,37 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən ƏDV daxil olmaqla 24,651,37 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsinin gecikdirilməsinə görə 2875,6 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, 2875,6 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ƏDV daxil 24,651,37 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/6-5646 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 24,651,37 (iyirmi dörd min altı yüz əlli bir manat otuz yeddi qəpik) manat əsas borc və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1269/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1269/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver