Məhkəmə qərarları › İş №e-2-2(113)-1275/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1275/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1275/2025 18.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.156,57 manat məbləğində əsas borc və 3.783 manat məbləğində gecikdirilməyə görə dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilməli olan 1000 manatın və dövlət rüsumuna görə ödənilmiş 196 manatın, cəmi 18.135,57 manatın Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 4.6-cı bəndinə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan xx.xx.2022-ci il tarixli əlavəsinin 6.2-ci maddəsinə əsasən “Satıcı” e-qaimələrdə göstərilmiş malları Müqaviləyə görə “Alıcı”ya təhvil verir, “Alıcı” isə bunun müqabilində “Satıcı”ya həmin e-qaimələrlə təhvil aldığı malların dəyərini üzləşmə aktı tərtib olunduqdan sonar 40 bank günü ərzində ödəyir. “Satıcı” İddiaçı MMC (VÖEN10:********) ilə “Alıcı” Cavabdeh MMC (VÖEN: **********) arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 33685.48 AZN borcu təsdiqlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində Cavabdeh MMC tərəfindən ƏDV daxil 1447.65 AZN dəyərində illik faiz endirimləri üzrə və 354.00 AZN dəyərində marketinq xidmətinə görə E qaimələr, 2023-cü ilin mart və may aylarında İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 1272.74 AZN dəyərində 10 ədəd malların təqdim edilməsi e-qaiməsi göndərilmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən ƏDV daxil 20000.00 AZN ödəniş edilmişdir. Cari tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ƏDV daxil 13.156,57 manat (336xx.xx-1447.65-354+12xx.xx-20000.00) borcu ödənilməmiş olaraq qalır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixli malların alqı-satqı müqaviləsi bağlanmışdır.

9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

11. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.

12. İş materiallarından görünür ki, iddaçı tərəfindən cavabdehə malların verilməsinə dair elektron qaimələr göndərilmişdir.

13. İddiaçı cavabdeh tərəfindən ödənişlər həyata keçirildikdən sonra 13.156.57 manat borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, xx.xx.2023-cü il tarixli üzləşmə aktında cavabdehin möhürünün olmadığını bildirərək, borcun hesablanması üçün ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə tərəfindən verilən xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktını imzalayan Abbasov Ş.-nin kim olduğu sualına cavab olaraq cavabdeh satınalma departamentinin direktoru olduğunu bildirmişdir.

16. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və qaimələr əsasında cavabdeh tərəfindən ödənişlər edildiyi nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

17. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 13.156,57 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

19. Cavabdeh borcunun olmadığını bildirsə də, bunu sübut edə biləcək dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

20. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 13.156,57 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə iddianın 3.783 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. Yuxarıda qeyd edilmiş normanın (462.1) məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur.

23. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.

24. Bundan başqa məhkəmə qeyd edir ki, iddiada hüquqi yardımla əlaqədar çəkilən xərclərin əvəzi olaraq 1.000 manat məbləğində pul tələb edilsə də, həmin xərcin çəkilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etməmişdir.

25. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129,47 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 13.156 (on üç min yüz əlli altı) manat 57 (əlli yeddi) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 129 (bir yüz iyirmi doqquz) manat 47 (qırx yeddi) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar