Məhkəmə qərarları › İş №e-2-2(113)-128/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-128/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-128/2024 10.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 28 dekabr 2019-cu il tarixdə 403a saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı Əlavə) spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. - 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. - 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. - 9.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı (imzalanaraq möhürlə təsdiqləndiyi) andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. Müqaviləyə 1 saylı əlavə olan qiymət cədvəlində malın görünüşü, adı, rəngi, çəkisi və qiyməti göstərilmişdir. Əlavə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli üzləşdirmə aktı tərtib edilmiş və aktda Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 2799 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, alqısatqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1696 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş hazırki işin 76-78-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli 403a nömrəli alqı-satqı müqaviləsinin 1-3-cü vərəqlərinin aşağı sağ küncündə “Alıcı” qarafasındakı imzalar, 79-82-ci vərəqələrdə olan müqaviləyə 1 saylı əlavə olan Qiymət cədvəlinin 1-4-cü vərəqələrinin aşağı sağ küncündəki “Alıcı” qrafasındakı imzalar, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli 2799 manata dair üzləşdirmə aktının “Müştəri tərəfindən” hissəsində “İmza:” qrafasındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 2.799 manat əsas borcun, 60 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 403a saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Alqı-satqı münasibətlərinin yekununda qalıq debitor borcun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə tərəflər arasında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 2.799 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-yə 2.799 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.2, 385.1, 425, 442, 448 və 600-cü maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh əvvəlcə izahatında onun malları təhvil almadığını, malları iddiaçı ona aid sahədə yerləşdirdiyini, lakin o malları bəyənmədiyini, iddiaçı gəlib malları təhvil almalı olduğunu, o onlara malları geri təhvil verməsi ilə məsuliyyətli olmadığını, eyni zamanda müqaviləni o imzalamadığını, malların olduğu yerin video görüntülərinin mövcud olduğunu bildirmişdir. Sonrakı məhkəmə iclasında isə Cavabdeh izahatında ona malları Pərviz adlı şəxsin gətirdiyini və malların olduğu kimi qaldığını, sənədləri o imzalamadığını və malların dəyərinin ödənildiyini bildirmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh məhkəmə iclaslarında vermiş olduğu izahatlarında alqı-satqı müqaviləsi üzrə malları təhvil almadığını, müqaviləni və üzləşmə aktlarını imzalamadığını bildirməklə İddiaçı MMC ilə alqı-satqı müqaviləsində olması faktını inkar etdiyindən tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olubolmaması işin mübahisəli halını təşkil etmişdir.

20. Həmin hala aydın gətirilməsi məqsəsilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının ekspert rəyi ilə xx.xx.2019-cu il tarixli 403a nömrəli alqı-satqı müqaviləsində “alıcı” qrafasındakı imzalar, xx.xx.2022-ci il tarixli 2799 manata dair üzləşdirmə aktının “Müştəri tərəfindən” hissəsində imzanın Cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir.

21. Məhkəmə qeyd edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

22. Bununla yanaşı cavabdeh məhkəmə iclaslarında malların bir hissəsinin anbarında saxlanılması, eləcə də malların dəyərinin ödənilməsi barədə ziddiyyətli izahatlar verməklə də malları alması faktını dolayısı ilə etiraf etmişdir.

23. Beləliklə, iş materiallarında olan sübutların məcmusu ilə (alqı-satqı müqaviləsi, üzləşmə aktı, ekspert rəyi, cavabdehin izahatı) tərəflərin arasında 28 dekabr 2019-cu il tarixdə 403a saylı saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğu, eləcə də həmin müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya 2.799 manat məbləğində borcunun olması faktları öz təsdiqini tapmışdır.

24. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 2799 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2799 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

25. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

26. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 47,99 manat təşkil edir.

27. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

28. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 2799 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar