Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1281/2025 13.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, yükün məhv olması, öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərər, öhdəliyin icra edilməməsi üçün dəbbə pulu, dəbbə pulu və real zərərin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli yüklərin daşınması xidməti müqaviləsi üzrə 28307 ABŞ dolları əsas borc, 28086,51 ABŞ dolları dəbbə pulu və ödənilmiş 377,61 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 30 mart 2023-cü il tarixdə yüklərin daşınması xidməti üzrə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən daşıyıcının, yəni cavabdehin iddiaçı qarşısında sonuncunun ərizəsinə və ya müqavilənin ayrılmaz hissəsi olan əlavə razılaşmaya əsasən yükü daşınmaya qəbul etmək, yükü təyinat yerinə çatdırmaq, yükü yükalana, yaxud yükalanın səlahiyyətli nümayəndəsinə təhvil vermək, yüklərin beynəlxalq norma və standartlara uyğun, iddiaçı ilə razılaşdırılmış nəqliyyat vasitələrində, marşrutları ilə və sifariş ərizələrində göstərilən həcmlərdə daşınmasının təşkilini təmin etmək, iddiaçının sifariş ərizələrində göstərilən yük daşıma əməliyyatları üzrə bütün təlimatların yerinə yetirilməsini təmin etmək, yüklərin hərəkətinə nəzarəti təmin etmək, lazım gəldikdə iddiaçıya yüklərin yeri haqqında müvafiq məlumat vermək, iddiaçıdan daxil olan sifarişçi materiallarında olan kommersiya sirrinin mühafizəsini təmin etmək, yükün, Çin Xalq Respublikasından çıxdığı andan 20-25 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək öhdəlikləri olmuşdur. 2.2. Müqavilə əsasında 21105 ABŞ doları dəyərində birinci yük 26 iyun 2024-cü il tarixdə, 7202 ABŞ doları dəyərində ikinci yük isə 15 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən Çin Xalq Respublikasının Yivu anbarında təhvil alınmışdır. Bundan sonra, maksimum bir həftə anbarda gözləmə müddəti və 25 gün Bakı şəhərinə çatdırılma müddəti nəzərə alındıqda, birinci yük 25 iyul 2024-cü il tarixdə, ikinci yük isə 17 avqust 2024-cü il tarixdə Bakı şəhərinə çatdırılmalı olmuşdur. Lakin cavabdeh tərəfindən yüklərin çatdırılması vaxtında təmin edilməmiş, məhz əməkdaşlarının qeyri-peşəkarlığı, habelə cavabdehin səhlənkarlığı nəticəsində malları gətirən avtomaşında 13 sentyabr 2024-cü il tarixdə yanğın baş vermiş, nəticədə məhv olmuş əmlaklarına görə iddiaçı maddi zərərə məruz qalmışdır. 2.3. Bununla əlaqədar, 01 oktyabr 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya yazılı məktubla məlumat verilmiş, həmçinin cavabdeh baş vermiş hadisəni etiraf edərək, iddiaçıya dəymiş ziyanın kompensasiya olunacağını bildirmişdir. Dəymiş zərərin ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh zərərin qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, hazırda cavabdeh iddiaçıya əmlaka dəymiş zərərə görə 28 307 ABŞ doları ödəniş etməlidir. 2.4. Eyni zamanda 30 mart 2023-cü il tarixdə yüklərin daşınması xidməti üzrə müqavilənin 4.2.3-cü maddəsinə əsasən daşıyıcı hazırkı müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 1,5%-i məbləğində dəbbə pulu ödəyəcəkdir. Beləliklə, ilk yükün çatdırılma müddətinin gecikdirilməsi vaxtının 04 noyabr 2024-cü il tarixə 72 gün (çatdırılmalı vaxtdan 30 gün çıxılarsa) olduğu nəzərə alındıqda, iddiaçıya dəbbə pulu olaraq ödənilməli məbləğin 22 793,04 ABŞ doları, ikinci yükün çatdırılma müddətinin gecikdirilməsi vaxtının eyni tarixə 49 gün (çatdırılmalı vaxtdan 30 gün çıxılarsa) olduğu nəzərə alındıqda, iddiaçıya dəbbə pulu olaraq ödənilməli məbləğin 5293,47 ABŞ doları təşkil etdiyi müəyyən edilir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 456, 850.1, 851, 858.3, 859-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, Çin şirkəti invoysları cavabdehə təqdim edib, cavabdeh isə iddiaçıya göndərmişdir. İddiaçı Çin şirkətinə bank hesabı vasitəsilə ödəniş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubda bildirdiklərinə istinadən iddia ərizəsində malların 13 sentyabr 2024-cü il tarixdə yanğın hadisəsi nəticəsində məhv olması qeyd edilmişdir, bu barədə onlarda məlumat yoxdur.
7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (sifarişçi qismində) ilə cavabdeh (daşıyıcı qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli K/035 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilənin şərtlərindən görünür ki, müqavilənin mövzusu Sifarişçinin adından və Sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində Daşıyıcı tərəfindən nəqliyyat vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanı həyata keçirir (1.1). Sifarişçi Daşıyıcını əmin edir ki, bu Müqaviləni bağlayarkən o, qanunvericiliyə və Sifarişçinin təsis sənədlərinə (iri sövdələşmənin təsdiqi və s.) uyğun olaraq zəruri olan bütün korporativ prosedurlara riayət etmişdir və həmçinin təsdiq edir ki, müqaviləni Sifarişçinin adından imzalayan şəxs bunun üçün bütün lazımi səlahiyyətlərə malikdir (1.2). Sifarişçi bu Müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini əvvəlcədən razılaşdırılmış tariflərə uyğun olaraq Daşıyıcıya ödəyir. Müəyyən marşrut üzrə hər bir tarif əlavə razılaşmada/sifariş ərizəsində razılaşdırılır və onun yerinə yetirilmə müddəti ərzində qüvvədə olur. Bütün tariflər ƏDV-sizdir (3.1). Sifarişçinin yükünün yüklənmiş olduğu avtonəqliyyat vasitəsi sifariş ərizəsində göstərilən xarici dövlətin ərazisində hərəkət edərkən, hazırkı Müqavilə üzrə xidmətlərin göstərilməsinin başa çatma anı yükün təyinat stansiyasına çatdırılma tarixidir (3.2). Daşıyıcının çəkmiş olduğu əlavə xərclərə görə hesablaşma (sifariş ərizəsində və yük müşayiətedici sənədlərdə yük çəkisinin göstərilməməsi və ya yanlış göstərilməsinə görə yaranmış həddindən artıq yükləməyə görə cərimə, yükvurma/boşaltma zamanı normadan artıq boşdayanmaların olması, yüklənmənin ləğvinə görə cərimə və s.) Daşıyıcı tərəfindən təsdiqedici sənədlər və müvafiq qaimə-faktura əsasında həyata keçirilir (3.3). Ödəniş Daşıyıcının hesabfakturalarında göstərilən şərtlərə uyğun olaraq təqdim olunan hesab-faktura əsasında 3 iş günü ərzində həyata keçirilir (3.4). Ödəniş forması – bank köçürmə yolu ilə həyata keçirilir (3.5). Sifarişçi xidmət haqqını Daşıyıcı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında avans şəklində öncədən ödəyir və xidmət təhvil verildikdən sonra təhvil-təslim aktı ilə rəsmiləşdirilir (3.6). Bu müqavilə üzrə ödəniş Sifarişçi tərəfindən Daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında 100% ödəniş kimi həyata keçirilir (3.7).
12. Məhkəməyə təqdim edilən proforma invoys və invoyslardan görünür ki, “X2 İndustrial Co. LTD” Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli proforma invoys və xx.xx.2024cü il tarixli invoys 21105 ABŞ dolları, xx.xx.2024-cü il tarixli proforma invoys və xx.xx.2024cü il tarixli invoys 7202 ABŞ dolları malla bağlı verilmişdir.
13. İş materiallarına əlavə edilən SWİFT sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 17905 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 3200 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 7202 ABŞ dolları olmaqla ümumilikdə 28307 ABŞ dolları “X2 İndustrial Co. LTD” Şirkətinin bank hesabına köçürülmüşdür.
14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 19 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış № K/035 xx.xx.2023 tarixli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə məxsus malın/yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması nəzərdə tutulmuş, qeyd olunan razılaşmadan irəli gələrək göstərilən yük dövlət nömrə nişanı 08KG810AJX/05KG344PD olan nəqliyyat vasitəsinə yüklənərək Çin – Qırğızıstan - Özbəkistan - Türkmənistan - Ələt yolu, “İpək yolu” vasitəsi ilə yola salınmışdır. Lakin bununla belə 07 sentyabr 2024-cü il tarixində Türkmənistan Respublikasının 2P3C+V44 Chagyl koordinatları ərazisində fors-major hadisə baş vermiş, yəni İddiaçı MMC-yə məxsus yükü daşıyan, dövlət nömrə nişanı 08KG810AJX/05KG344PD olan 73 saylı nəqliyyat vasitəsində yanğın hadisəsi baş vermiş və nəticədə İddiaçı MMC və digər müştərilərə məxsus yük yanaraq tam məhv olmuşdur. Bununla da Cavabdeh MMC-yə külli miqdarda ziyan dəymişdir. Hazırda baş vermiş hadisə ilə bağlı Türkmənistan Respublikasında araşdırma gedir və araşdırma nəticəsində tərtib olunan sənədlər İddiaçı MMC-yə təqdim olunacaqdır. Eyni zamanda baş verən hadisə ilə bağlı Cavabdeh MMC təəssüf hissi keçirmiş və İddiaçı MMC-yə dəymiş ziyanın kompensasiya olunacağına zəmanət vermişdir. Bununla yanaşı, dəymiş ziyanın kompensasiya olunmasını - yanğın nəticəsində məhv olan malın/yükün invoys dəyəri həcmində məbləğin sonrakı daşımalarda əvəzləşməsini nəzərə alaraq, İddiaçı MMC-nin daşınma xərclərindən azad olunması təklifi irəli sürülmüşdür.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli K/035 nömrəli yüklərin daşınması xidməti müqaviləsi bağlanmış, cavabdeh iddiaçının adından və onun tapşırığı ilə müəyyən haqq müqabilində nəqliyyat vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanı həyata keçirməyi, iddiaçı müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini əvvəlcədən razılaşdırılmış tariflərə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qiyməti əvvəlcədən ödənilmiş 28307 ABŞ dolları dəyərində malın “X2 İndustrial Co. LTD” Şirkətindən daşınmasını cavabdehə tapşırmış, mallar iddiaçıya çatdırılmamış, cavabdeh malların 07 sentyabr 2024-cü il tarixində Türkmənistan Respublikasının 2P3C+V44 Chagyl koordinatları ərazisində nəqliyyat vasitəsində yanğın hadisəsi nəticəsində tam məhv olduğunu bildirmişdir.
16. İddiaçı xx.xx.2023-cü il tarixli K/035 nömrəli müqavilə üzrə daşınması həyata keçirilməli olan, lakin iddiaçıya çatdırılmayan yükün dəyərinin (28307 ABŞ dolları) ödənilməsini tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilən bütün sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı olaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.
25. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
26. Hazırda isə iddiaçı cavabdeh tərəfindən ekspeditor kimi öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
29. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
30. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin icra edilməməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.
31. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir (borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur).
32. Məhkəmə səbəbli əlaqə və zərər münasibətdə isə göstərir ki, Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
33. Həmin Məcəllənin 859.4-cü maddəsinə əsasən, daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.
34. Hazırda yükün təhvil alındıqdan sonra məhv olduğunu cavabdeh qeyd etmişdir.
35. Digər tərəfdən, Mülki Məcəllənin 859.3-cü maddəsinə əsasən, əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.
36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən Mülki Məcəllənin 859.3-cü maddəsinə əsasən məsuliyyətdən azad edilmə ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir. Əksinə, xx.xx.2024-cü il tarixli 19 nömrəli məktubda cavabdeh yanğın nəticəsində məhv olan malın/yükün invoys dəyəri həcmində məbləğin kompensasiya olunacağını vəd etmişdir.
37. Belə olan halda, cavabdehin məsuliyyəti tam həcmdə qəbul etdiyi və yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcının məsuliyyətinin həcminin tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) deyil, imperativ normada təsbit edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur və iddia həmin hissədə təmin edilməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli K/035 nömrəli yük daşınması müqaviləsinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 28307 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Daşıma müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
39. İddia ərizəsində iddiaçı həmçinin 28086,51 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
41. Məhkəmə qeyd edir ki, qanunla nəzərdə tutulmadığı halda tərəflərin razılaşdırılması ilə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən icranın gecikdirilməsi ilə bağlı dəbbə pulu müəyyən edilə bilər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 465-ci maddəsi ilə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi ilə bağlı dəbbə pulu vədinə münasibətdə fərqli tənzimləmələr aparılmış, dəbbə pulu və zərər, dəbbə pulu və müqavilənin icrası tələbi arasındakı münasibət müəyyənləşdirilmişdir.
42. xx.xx.2023-cü il tarixli K/035 nömrəli müqavilənin şərtlərindən görünür ki, müqavilənin 3.8-ci bəndi ilə 3.4-cü bənddə nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, iddiaçı gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,3% -i miqdarında, 4.2.3-cü bəndi ilə cavabdeh müqavilə üzrə müəyyən edilmiş çətdırlma müddətinin 30 gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (1 kiloqramı) üçün razılaşdırılmış məbləğin 1,5% məbləğində dəbbə pulu ödəməlidir.
43. Göründüyü kimi, tərəflərin razılaşmasında öhdəliyin icra edilməməsi üçün deyil, icranın gecikdirilməsi ilə bağlı dəbbə pulu şərtləşdirilmişdir. Hazırkı halda isə öhdəlik onun üçün müəyyən edilmiş müddətdə yükün məhv olması və ya itirilməsi səbəbindən icra edilməmişdir. Başqa sözlə, hazırkı halda icranın gecikdirilməsi deyil, öhdəliyin icra edilməməsi halı mövcuddur. Tərəflər arasındakı razılaşmada isə bu halla bağlı hər hansı dəbbə pulu nəzərdə tutulmamışdır.
44. Digər tərəfdən, hətta müqavilənin 4.2.3-cü bəndi öhdəliyin icra edilməməsi üçün dəbbə pulu barədə razılaşma kimi şərh edilsə belə, məhkəmə qeyd edir ki. Mülki Məcəllənin 465.2-ci maddəsinin 3 və 4-cü cümləsinə əsasən, əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.
45. Göstərilən normalardan aydın olur ki, kreditorun icra etməmək nəticəsində dəbbə pulunun və dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Hazırda isə iddiaçı zərərin minimum məbləğini – real zərəri tələb etdiyindən, sonuncunun dəbbə pulunun ödənilməsi hüququ aradan qalxmış olur, digər zərərin - əldən çıxmış faydanın ödənilməsi hüququ isə saxlanılır.
46. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində təmin edilməməlidir.
c) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
48. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli K/035 nömrəli yük daşınması müqaviləsi üzrə əsas borc məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
d) Məhkəmə xərcləri ilə bağlı
49. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 377,61 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
50. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 377,61 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 mart 2023-cü il tarixli yüklərin daşınması xidməti müqaviləsi üzrə 28307 ABŞ dolları pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 190 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova