Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1283/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsinə görə vurduğu 90.000 manat məbləğində maddi zərərin, 13.500 manat məbləğində dəbbə pulunun, 45.000 manat məbləğində əldən çıxmış faydanın və 50.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında ST-06022020 nömrəli, 13.07.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəflərindən cavabdehə 90.000 manat məbləğində ödəniş edilmişdir. Həmin ödəniş müqabilində isə cavabdeh tərəfindən iddiaçıya 1500 kubmetr “Beton M350” adlı mal 1 aylıq müddət ərzində təhvil verilməli idi. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilməmişdir. Bunun nəticəsində isə iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Belə ki, cavabdehlə sözügedən müqavilə bağlanılarkən tərəflərindən 90.000 manat yerində ödənilmişdir. Buna dair müqaviləyə 1 nömrəli əlavə də mövcuddur ki, həmin əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir və imzalandığı gündən qüvvəyə minir. Həmin əlavədən və müqavilədən açıq-aşkar müşahidə olunur ki, cavabdehin iddiaçıya 1500 kubmetr beton verilməsi öhdəliyi yaranmışdır. Müqavilə bağlandıqdan sonra dəfələrlə cavabdeh tərəfin nümayəndələri ilə əlaqə yaradıb müqaviləni icra etmələrini tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə malın təhvil verilməsindən yayınmışdırlar. İddiaçı rəsmi pretenziya qaydasında cavabdeh tərəfə həm kuryer, həm də azərpoçt vasitəsi ilə müraciət etmişdir. Həmçinin pretenziyaya qoşma vasitəsi ilə iddia ərizəsinin surətini də əlavə etmişdir. Lakin müraciətindən bir aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh tərəf heç bir cavab göndərməmiş və öhdəlik icra edilməmişdir. Halbuki müqavilənin 5.3-cü bəndində göstərilmişdir ki, satıcı (yəni cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş müddətdə malın təhvil verilməsini gecikdirdikdə hər gecikən gün üçün alıcıya bu müqavilə üzrə sifariş edilmiş malın dəyərinin 0.1% həcmində dəbbə pulu (cərimə) ödənilməlidir. İddiaçı cavabdeh tərəfə həmin maddənin yaratdığı məsuliyyəti izah etsə də, yenə də malın təhvil verilməsi həyata keçirilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi müqavilənin məbləği 90.000 manatdır və həmin məbləğin 0.1% də 90 manat etməkdədir. Müqavilə 13.07.2020-ci il tarixdə bağlanmış və alqı-satqı müqaviləsinin predmeti olan mal da bir ay müddətində ona təhvil verilməli idi. Lakin yuxarıda da qeyd etdiyi kimi ona heç bir mal təhvil verilməmişdir. 2020ci ilin avqust ayından etibarən iddia ərizəsini verdiyi tarixə qədər hesablanılan dəbbə pulu isə 13.500 manat məbləğində təşkil edir. Hesab edir ki, müqavilə üzrə ödədiyi pul məbləğindən əlavə dəbbə pulu da ona ödənilməlidir. Bundan əlavə həmin betonlama işləri gələcək fəaliyyəti ilə bağlı idi və o bu fəaliyyət nəticəsində külli miqdarda gəlir əldə edəcəkdi. İddiaçı cavabdehdən gələcəkdə ticarət fəaliyyəti ilə məşğul olmaq üçün obyekt və tikililər quraşdırmaq niyyəti ilə beton sifariş etmişdir. Yalnız beton işinə 90.000 manat xərcləməsi qoyduğu investisiyanın və əldə edəcəyi gəlirin nə qədər yüksək olduğunu göstərməkdədir. Lakin cavabdeh tərəfin məsuliyyətsizliyi və müqavilə tələbləri vaxtında və tam formada icra etməməyi nəticəsində o həmin gəlirdən məhrum olmuşdur. Cavabdehin müqavilə tələblərini icra etməməyi nəticəsində əldən çıxmış fayda qismində ona vurulan zərər isə 45.000 manat məbləğindədir. Yuxarıda da qeyd etdiyi kimi dəfələrlə cavabdeh tərəflə əlaqə yaratmağa çalışıb müqavilə üzrə öhdəliklərini icra etmələrini, əks halda ona külli miqdarda zərər vurulacağını bildirsə də buna heç bir məhəl qoymamışdırlar. Biznes fəaliyyətinin iflic olmas ilə bağlı iddiaçıya mənəvi zərər vurulmuşdur. Belə ki, cavabdeh qurumla aralarında yaranan gərgin mübahisələr, qoyulmuş investisiyanın müqaviləyə riayət edilməməsi səbəbindən uğursuzluqla nəticələnməsi onun gərgin əsəb stressi keçirməyiтə səbəb olmuşdur. Buna görə də ona olduqca ağır mənəvi zərər də dəymişdir. Cavabdehdən ona vurduğu mənəvi zərərə görə 50.000 manat pul da tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi cavabdeh tərəfindən aralarında bağlanmış 13.07.2020-ci il tarixli müqavilənin bütün bəndlərində göstərilən tələblər pozulmuş, ona 1 ay müddətində təhvil verilməli olan “Beton M350” adlı mal ona hal-hazıra kimi təhvil verilməmişdir. Həmçinin müqavilənin 5.1-ci maddəsində də göstərilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Buna görə də hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə ona vurduğu 90.000 manat məbləğində maddi zərər, 13.500 manat məbləğində dəbbə pulu, 45.000 manat məbləğində əldən çıxmış fayda və 50.000 manat məbləğində mənəvi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, müqavilə iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə cavabdehin direktoru olmuş Orxan Əliyev arasında bağlanmışdır. Müqaviləyə cavabdehin əsas dairəvi möhürü vurulmalı olduğu halda sənədlər üçün möhür vurulmuşdur. Eyni zamanda ödəmə köçürmə yolu ilə deyil, nağd şəkildə həyata keçirilmişdir. Orxan Əliyev hal-hazırda Türkiyə Respublikasındadır. İddiaçı pul verdiyi şəxsi, yəni Orxan Əliyevi tapmalı və pulu ondan tələb etməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında 13 iyul 2020-ci il tarixli ST- 06022020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı istehsal etdiyi hazır beton məmulatlarını alıcının sifarişi əsasında ona satmağı, alıcı isə malı qəbul edərək bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq malın dəyərini ödəməyi öhdəsini götürür. Həmin müqavilənin: 5.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 5.3-cü bəndinə əsasən satıcı malı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verilməsini gecikdirildikdə hər gecikdirilən gün üçün alıcıya bu müqavilə üzrə sifariş edilmiş malın dəyərinin 0,1% həcmində dəbbə pulu ödəməlidir, lakin bu dəbbə pulu ümumi məbləğin 5%-dən çox olmamalıdır. Bu dəbbə pulu üç gün ərzində ödənilməlidir. Bu dəbbə pulu üç gün ərzində ödənilməlidir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. -13 iyul 2020-ci il tarixli ST/06022020 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malın – 1500 m3 beton M350 qiyməti 90.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda 90.000 manat məbləğində ödənişin qəbul edildiyi göstərilmişdir. Razılaşma satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdehnə 04.11.2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq MMC-dən ödədiyi pul müqabilində malın təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2020-ci il tarixli ST-06022020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan Cavabdeh MMC beton məmulatlarını alıcı olan İddiaçı təqdim etməyi, alıcı isə təqdim edilmiş malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı həmin müqaviləyə əsasən sifariş etdiyi malın dəyərini qabaqcadan ödədiyini, lakin cavabdehin ödənişin müqabilində təqdim etməli olduğu malları təhvil vermədiyini iddia edərək müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin, dəbbə pulun və mənəvi zərərin ödənilməsini tələb edir. Cavabdeh MMC isə iddiaçımım müqaviləni MMC ilə deyil, onun direktoru ilə bağlanmasını, eləcə də müqaviləyə müəssisənin əsas möhürünün vurulmadığını əsas göstərərək iddianıbn rədd edilməsini tələb edir. Məhkəmə müqavilənin Cavabdeh MMC ilə deyil, MMC-nin direktoru olmuş Orxan Əliyevlə bağlanması barədə cavabdehin istinad etdiyi dəlilə münasibətdə qeyd edir ki, müqavilənin məzmunundan da göründüyü kimi O.Əliyev həmin müqaviləni fiziki şəxs qismində deyil, MMC-nin direktoru qismində imzalamış və həmin müqaviləıyə MMC-nin möhürü vurulmuşdur. Müqaviləyə vurulmuş möhürün MMC-nin əsas dairəvi möhürü deyil, sənədlər üçün möhür olması barədə cavabdehin dəlilinə gəldikdə məhkəmə qeyd etməyi zəruri sayır ki, tərəflərin mübahisəli alqı-satqı müqaviləsini bağlayarkən əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər müəyyən etmələri iş materialları ilə öz təsdiqini tapmır. Mülki Məcəllədə isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır. Belə olan halda sözügedən razılaşmanın bağlanması üçün ona Cavabdeh MMC-nin möhürünün vurulub-vurulmaması ümumiyyətlə əhəmiyyət kəsb etmir. Digər tərəfdən Mülki Məcəllənin 425.1-cü maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin müqavilənin üzərinə vurulmuş möhürün MMC-nin əsas möhürü olması əsası ilə həmin müqavilənin etibarlılığını mübahisələndirməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan Cavabdeh MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə vurulmuş möhürün müqaviləyə vurulmalı olan möhür olmaması müqavilənin bağlanmamış və ya etibarsız sayılması üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2020-ci il tarixli ST-06022020 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 90.000 manat məbləğində qabaqcadan ödəniş etsə də, Cavabdeh MMC ödənişin müqabilində sifariş edilmiş malları iddiaçıya təqdim etməmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. 450.2-ci maddəsinə görə öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində 90.000 manat məbləğində puldan məhrum olmuşdur. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı 90.000 manat məbləğində pulu Mülki Məcəllənin 447.7-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 90.000 manat məbləğində pulun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 13.500 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 4.000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı 45.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. İddianın mənəvi zərərin vurulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının onun əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi iş materiallarına əsasən müəyyən edilmir. Digər tərəfdən iddiaçının belə bir sarsıntı və iztirab keçirməsi ehtimal edilsə belə məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə onun hüquqlarının pozulması halının təsdiq edilməsi və ona dəymiş maddi zərər və dəbbə pulunun ödənilməsi qət edilməklə onun əmlak hüquqlarının bərpa edilməsi faktı özü-özlüyündə ona dəymiş olan mənəvi zərər üçün yetərli kompensasiyadır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 90.000 manat məbləğində pul vəsaiti, 4.000 manat məbləğində dəbbə pulu, cəmi 94.000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1283/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1283/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver