Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1283/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqaviləsinin ləğv olunması, dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin ləğv edilməsi, ziyanın ödənilməs) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) müqaviləsinin ləğv olunması, dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə bağlanılan 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli maliyyə lizinqi müqaviləsinin ləğv olunması və Cavabdeh MMC-dən lizinqə götürülən 1 ədəd “Massey Ferguson 7347 S” markalı taxılyığan kombaynın nasaz olması səbəbindən geri təhvil alındığı üçün kombayna ödənilən ilkin ödəniş və digər ödənişlər olmaqla, toplam 99821,09 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən "Sara Lizinq” MMC-dən 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən 1 ədəd “Massey Gerguson 7347 S” markalı taxılyığan kombayn lizinqə götürülmüşdür. Müqaviləyə əsasən texnikanın alış qiyməti 457720 manat olmuş, həmin məbləğin 171254,53 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdehə 91645,47 manat məbləğində ilkin ödəniş ödənilmiş və əlavə olaraq 1092,34 manat kasko sığorta ödənişi, 189,28 manat sığorta ödənişi, 400 manat qiymətləndirmə, 3247 manat aylıq ödəniş və digər xərclər olmaqla, toplam olaraq 99821,09 manat ödənilmişdir. Texnika iddiaçıya 8 avqust 2024-cü il tarixdə təhvil verilmişdir. Lakin təhvil götürülən gündən texnikada problemlər yaşanmağa başladı. Belə ki, ilk dəfə, yəni 9 avqust 2024-cü il tarixdə günəbaxan biçini vaxtı texnikanın tənzimləmələrində problem baş verdi və servis işçilərinin qərarı ilə iddiaçı sahədən çıxmış, biçin mövsümündə işləyə bilməmişdir. Bu, təqribən 160-200 hektar biçin deməkdir ki, biçin qiymətinin hər hektar üçün 120 manat hesabı ilə 20000 manat gəlirdən məhrum olmuşdur. Növbəti mövsüm qarğıdalı biçini sentyabr ayında başladı. Bir müddət işləyəndən sonra texnikada əsas işçi orqan sayılan kəmər (remen) qırılmağa başladı və bu hal qısa zaman ərzində 3 dəfə təkrarlandı. Kombaynın təmirinə baxmayaraq, nasazlıqlar yenə də davam etmiş və bu barədə dəfələrlə servis əməkdaşlarına məlumat verilmişdir. Lakin nasazlıqlar aradan qaldırılmamış və bunun nəticəsində külli miqdarda qazancdan məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, həmçinin maddi ziyana düşmüşdür. Biçin mövsümü başlayanda biçməyi nəzərdə tutduğu sahələri kombaynın nasazlığı, yəni kəmərin qırılması səbəbindən biçə bilməmişdir. Bunun nəticəsində təqribən 10000 manat zərərlə üzləşmişdir. Kombaynın uzun müddət nasazlığı və iş görə bilməməsi, həmçinin külli miqdarda zərərə düşməsi və servisin etinasızlığı iddiaçını kombaynı geri qaytarmağa məcbur etdi. Kombayn 1 ay nasaz halda qaldı və iddiaçı təhcizatçı "xxxx" MMC-nin və Cavabdeh MMC-nin rəhbərliyinin razılığı ilə 24 oktyabr 2024-cü il tarixdə 1 ədəd “Massey Ferguson 7347 S” modelli kombaynı təhvil vermişdir. Kombayna aid olan bütün ehtiyyat hisssələri, açarlar dəsti və s. servis işçiləri tərəfindən geri təhvil götürülübdür. Bu barədə təhvil-təslim aktı da tərtib olunub. İndiki halda iddiaçı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Həm əldə edəcəyi faydadan məhrum olmuş, həm də sahibkarlar arasında etibarı azalaraq işgüzar nüfuzuna xələl gəlmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “İddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanılan 02 iyul 2024-cü il tarixli, SL452/24 nômrəli maliyyə lizinq müqavilləsinin ləğv olunması, MMC-dən lizinqə götürülən 1 ədəd “Massey Ferguson 7347 S” modelli kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması, servis işçilərinin etinasızlığı səbəbindən işləyə bilməməsi və adı çəkilən texnikanı və ona aid olan bütün ehtiyyat hissələrini geri təhvil aldıqları üçün zərərə düşdüyü 30000 manat əldən çıxmış fayda və işgüzar nüfuzuna xələl gəldiyi üçün 10000 manat mənəvi ziyan və ümumi olaraq kombayna ödənilən 100000 manat olmaqla, cəmi 140000 manat vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, lizinqə götürülən kombayn üçün ödənilən ödənişlərdən əlavə olaraq, kombaynın nasaz olması səbəbindən (buna misal olaraq, kombaynın təhvil-təslim anında nasazlıq baş verdi ki, bu da 160-200 hektar günəbaxan sahəsi və hər hektarın biçin qiyməti 120 manat hesabı ilə təqribən 20000 manat zərər), daha sonrakı vaxtda kombaynda baraban kəmərinin (remen) qırılması səbəbi ilə həm illərlə işlədiyi fermerlərlə münasibəti korlanaraq işgüzar nüfuzuna xələl gəlmiş, həm maddi, həm mənəvi zərər çəkmiş, həm də əldə edəcəyi faydadan məhrum olmuşdur. Dəfələrlə biçin sahəsindən kəmər qırılma səbəbi ilə yarımçıq çıxmışdır ki, bu da təqribən 10000 manat dəyərləndirilir.
6. Üçüncü şəxsin nümayəndəsi tərəfindən məhkəməyə daxil olmuş ərizədə qeyd olunur ki, xx.xx.2024-cü ildə İddiaçı Cavabdeh MMC-dən lizinq yolu ilə əldə etdiyi “Massey Fergysson MF7347S (MCS)” markalı kombaynı tam saz vəziyyətdə təhvil almışdır. Həmçinin iddiaçı texnikanı təhvil alarkən onun barabanının və arxa doğrayıcısının qoşulmasına etiraz etmiş və bununla bağlı yarana biləcək hər hansı problemə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Texnikadan istifadə etdiyi müddət ərzində texnikada yaranmış tənzimləmələrlə bağlı "xxxx" MMC-nin servis mərkəzinə müraciət etmiş və servis əməkdaşları müştəriyə lazımi servis xidməti göstərmişdir. Sonradan hər hansı qüsurla bağlı "xxxx" MMC-yə müraciət olunmamışdır. Yalnız xx.xx.2024-cü ildə texnikada hansı texniki nasazlıqların olması və həmin nasazlıqların diaqnostika edilməsilə bağlı "xxxx" MMC-yə iddiaçı tərəfindən müraciət olunmuş, iki tərəfin imzası ilə qüsur aktı tərtib olunduqdan sonra texnikanın təmiri üçün həmin texnikanı servisə qoymuşdur. O, bu barədə "xxxx" MMC-nin məlumatı olduğunu bildirmişdir. Lakin sonradan iddiaçı texnikadakı təmirə ehtiyac duyulan hissələrin təmiri ilə bağlı heç bir hərəkət (əqd bağlanması, ilkin ödəniş, hansısa iradə ifadəsi və s.) etməmişdir. Bu günədək texnika servis mərkəzindədir və məlum olmuşdur ki, o, texnikanın lizinqi ilə bağlı müqaviləni ləğv etməklə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının iddiası əsassız hesab edilir. Belə ki, texnikada hansısa istehsalçı qüsuru mövcud olmamış, olsaydı belə, bu, zəmanət şərtləri ilə aradan qaldırılmalı idi.
7. İddiaçı məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, məhkəmə iclası zamanı "xxxx" MMC-nin vəkili tərəfindən 24 oktyabr 2024-cü il tarixində texnikanın guya təmir məqsədilə təhvil alındığı barədə həqiqətə uyğun olmayan, yanıltıcı məlumat təqdim edilmişdir. Halbuki, texnika həmin tarixdə təmirə deyil, geri təhvil verilmişdir və bu barədə tərəflər arasında əvvəlcədən razılaşdırılmış şəkildə təhvil-təslim baş vermişdir. Bunu sübut edən sənədlər məhkəməyə təqdim olunmuşdur. Ehtiyat hissələri isə 25 oktyabr 2024-cü il tarixində xüsusi akt əsasında servis əməkdaşları tərəfindən ayrı-ayrılıqda təhvil alınmışdır. Bu sənəd hazırda məhkəməyə sübut kimi təqdim olunur. Əgər texnika 24 oktyabrda guya təmirə götürülübsə, ehtiyat hissələrinin bir gün sonra ayrıca şəkildə təhvil alınması bu iddianı tam şəkildə təkzib edir. Üstəlik ehtiyat hissələrinin təmir olunmadığı, yalnız dəyişdirildiyi ümumi texniki praktikada qəbul olunmuş faktdır. Bu səbəbdən qarşı tərəfin təqdim etdiyi məlumatlar yalandır və məhkəmənin diqqətini yayındırmaq məqsədi daşıyır. Texnika 24 oktyabr 2024-cü ildə geri qaytarılmış, ehtiyat hissələri isə 25 oktyabrda servisə təqdim edilmişdir. Bu təhvil prosesi qarşı tərəfin iştirakı və razılığı ilə həyata keçirilmişdir. Bu gündən etibarən texnika onun istifadəsində olmamış, həmin vaxtdan artıq 7 ay keçmişdir. Belə olan halda məhkəmə tərəfindən təyin edilmiş texniki ekspertizanın obyektiv nəticə verməyəcəyi qeyd edilmişdir. Çünki texnika onun nəzarətində olmayan müddətdə istənilən dəyişiklik və müdaxiləyə məruz qalmış ola bilər. Bu isə ekspertiza nəticələrinin ona qarşı tətbiqini qanunsuz və qeyri-obyektiv edir. Əlavə olaraq bildirilir ki, texnikanın onda olduğu dövrdə baş verən nasazlıqlarla bağlı dəfələrlə və ardıcıl olaraq həm lizinq şirkətinə, həm də təchizatçıya rəsmi şəkildə yazılı məlumatlar verilmiş, həmçinin foto-video sübutlar təqdim olunmuşdur. Bu faktlar ekspertizadan daha etibarlı hüquqi əsas təşkil edir.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, ekspert tərəfindən iddiaçının iştirakı ilə texnikaya baxış keçirilmişdir. Ekspert rəyində bildirilir ki (nəticə hissəsi), texnikanın işlək vəziyyətdə olduğu qeydə alınır. Hər hansı bir istehsalçı qüsuru müəyyən olunmur. Beləliklə, texnikada hər hansı qüsurun olmadığı aşkar olunmuşdur. Habelə, texnikanın hər-hansı hissəsinin təmir tələb etməsi halları ilə əlaqədar, iddiaçının tələbi ilə "xxxx" MMC tərəfindən gecikdirilmədən texniki dəstək göstərilmiş və müraciətindən qısa vaxt ərzində texnikaya xidmət göstərilmişdir. İddiaçı tərəfindən də bildirildiyi və müqavilədə də göstərildiyi kimi, kombayn qarğıdalı biçini üçün nəzərdə tutulmuş başlıqla birlikdə satılmış və qarğıdalı biçini uğurla icra edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi məqsədəuyğun hesab edilir.
9. İddiaçı məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, illərlə mexanizator kimi halal zəhmətlə çalışmışdır (20 il və daha artıq). Bu texnikanı da illik biçin mövsümündə istifadə məqsədi ilə götürmüşdü. Lakin texnikanı götürdüyü ilk günlərdən texnikada ciddi nasazlıqlar baş vermişdir ki, həmin nasazlıqları əks etdirən foto video materiallar və yazılı məlumatlar lizinq şirkətinə və təhcizatçıya təqdim edilmişdir. Ekspertiza rəyində açıq şəkildə qeyd olunur ki, texnikanı təhvil-təslim anında texnikada hər hansı qüsurun və ya deffektin olub-olmaması onun tərəfindən müəyyən edilə bilməzdi. Belə hallar yalnız istismar zamanı üzə çıxa bilər. Ekspert həmçinin qeyd edir ki, baraban lövhələrinin və samandoğrayanın qoyulmaması texnikada hər hansı bir qüsurların yaranmasına səbəb ola bilməz. Bu da kombaynda remen (kəmər) qırma halının tez-tez baş verməsinin onun günahı olmadan olduğunu göstərir. O, bu texnikanı 2024-cü ilin oktyabr ayında üçtərəfli razılıq əsasında könüllü şəkildə geri qaytarmışdır. Artıq həmin müddətdən 8 ay keçməsinə baxmayaraq, bu günə qədər nə əvəzləyici texnika verilib, nə də vəsaiti qaytarılıb. Hazırda biçin mövsümü başlamışdır. Sahə biçilməmiş qalıbdır (strateji məhsul olan buğda təxminən 80-90 ton), məhsul batmaq təhlükəsi ilə üz-üzədir. Fermerlərdən biçin sifarişləri gəlməkdədir, lakin iddiaçı texnikasız və çarəsiz durumdadır.
10. Məhkəmə icraatının gedişində cavabdehin vəsatəti əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tədqiq olunan sübutlar:
11. İddiaçı məhkəmə iclasında iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia rələbinin təmin edilməsini xahiş etdi.
12. Cavabdehin vəkili Vəkil3 məhkəmə iclasında izahat verərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi.
13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, əgər alıcı əmlakın qüsurlu olduğunu iddia edirsə, qüsurların nədən ibarət olduğunu da sübut etməlidir. Məlumat verilib ki, iddiaçı tərəf texnikanı gətirib və qüsur aktı tərtib olunubdur. Üçüncü şəxs olaraq bu işə qarışmırlar. İddiaçıya heç bir istismarı olmamış, yeni texnika verilmişdir və texnikada hər hansı qüsurun olması mümkün deyildir. Həmin texnika qarğıdalı biçini üçün nəzərdə tutulubdur və ola bilər ki, iddiaçı tərəf günəbaxan və s. biçibdir. Texnikanın saz vəziyyətdə və qüsursuz olmasını nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş edir.
14. Məhkəmə iclasında şahid qismində izahat verən X3 izahatında qeyd etmişdir ki, iddiaçının dostudur. Samux rayonunda işləyir, iddiaçı isə Tərtər rayonunda işləyir. İddiaçı texnikanın işləmədiyini qeyd etmiş, o da texnikaya baxmağa getmişdir. Texnikaya baxanda görmüşdür ki, günəbaxanı təmiz biçmir. İddiaçıya Ağsuda iş olduğunu demiş, iddiaçı isə kombaynın işləmədiyini və remenin qırıldığını qeyd etmişdir. Mexanikdir və kombaynın işləmədiyini görmüşdür. Texnikaya baxmağa gedəndə "xxxx" MMC-nin işçiləri də orada idi. Texnika təxmini 1 həftə olardı ki, işləmirdi. Baraban istədiyi sürəti götürə bilmirdi, qalan digər səbəbləri tam məlum deyil. Onun texnikaya nəsə etməyə ixtiyarı yoxdur. Texnikaya baxanda servis işçilərinə kömək etmişdir. Remen günabaxan sahəsində qırılmamışdı. Servis işçiləri yeni remen quraşdırdılar, lakin uyğun gəlmədi.
15. Məhkəmə iclasında şahid qismində izahat verən X1 izahatında qeyd etmişdir ki, Sərdar kombayn aldı və texnika yoxlanılaraq ona təhvil verildi. Kombayn yeni olub. Tərtər rayonunda kombayn sınaqdan keçirildi. İddiaçı narazılıq etdi ki, texnika yaxşı işləmir, təmiz biçmir. Sahəsi biçilən şəxs də narazılıq etdi və texnika sahədən çıxarıldı. Daha sonra iddiaçı qeyd etdi ki, remen qırılıb. Servis işçiləri göndərildi və remen dəyişdirildi. Daha sonra iddiaçı təkrar remenin qırıldığını qeyd edərək, texnikanı servis xidmətinin qarşısına gətirib təhvil verdi. Texnika o məqsədlə təhvil alınıb ki, texnikada hansısa qüsurlar mövcuddur. İddiaçı isə texnikanı qaytarmaq məqsədi ilə veribdir və bu sonra məlum oldu. Ola bilər ki, kəmər özü də normal olmasın və ya qoruyucu yerində olmasın. Qoruyucunu müştəri açmışdı. Kombayna 20-dən çox xəta kodu gəlmişdi və bu ona görə idi ki, Kombayn tam surətdə söndürülmüşdü. İstismar xətaları da mövcuddur. Təşkilatdan heç kim iddiaçıya nəsə vəd verməyibdir. Texnika hazırda işlək vəziyyətdədir, lakin tam saz deyil. Remenlər orijinal idi, haradansa alınma deyildi. Mirtofiq müəllim dedi ki, Kombaynda qüsur var. Haradasa sınaq edilməsi barədə razılığa gəlindi, lakin alınmadı. Texnika işlək vəziyyətdədir. Texnikanın başlığı günəbaxan və qarğıdalı başlığıdır. Günəbaxan tam qurumamışdı və ona görə də normal biçmirdi. Avqust ayında texnika təhvil verilib, oktyabr ayında qaytarılıb. İddiaçı yerində narazılığını bildirdi və sonra kəmərin qırılması ilə bağlı müraciət etdi. Sərdar bəy tərəfindən iki ay ərzində 3 dəfə müraciət olunubdur. Qırılma səbəbi texnikaya 20 dəfə yeni xətanın gəlməsi ola bilər. Kombayn surət həddində söndürülmüşdü, əvvəlcə dövrlərin sayı azaldılmalı və sonra söndürülməli idi. Kəmər 2-3 il işləməli idi. Düzgün istismar olmayanda kəmər tez sınır. Düzgün istismar etməmə dedikdə, üst qoruyucunu çıxarma, surət həddində söndürmə və s. ola bilər. Qeyd edilən səbəblər ehtimal ilə texnikanın remeninin sınmasına səbəb ola bilər. Sərdar bəy texnikanı necə vermişdisə, elə də saxlanılmışdır. Kombaynın təyinatı dənli bitkilərin biçilməsi olub. Birinci dəfə Kombaynı yoxlayanda günəbaxan biçimi olubdur. Təmiz biçməmə məhz günəbaxanın nəm olması ilə bağlı ola bilər. Kombaynı günəbaxan və qarğıdalı biçmək üçün istifadə edirlər. Kombaynı iddiaçı tərəf günəbaxan biçmək üçün alıbdır. Günəbaxan üçün xüsusi bıçaqlar olmalı idi. Bıçaqların olması bildirilmişdi.
16. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, lizinq verən qismində Cavabdeh MMC ilə lizinq alan qismində İddiaçı arasında xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövrilikdə lizinq ödənişlərini icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər; 2.3-cü bəndinə əsasən lizinq ödənişlərini müqavilənin 1 saylı əlavəsində göstərilir; 3.2-ci bəndinə əsasən lizinq obyektinin təhvil verilməsi təhvil-təslim aktının imzalanması ilə rəsmiləşdirilir. 6.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini qəbul edərkən hər hansı çatışmamazlıq aşkar edərsə, qəbul aktında bu barədə qeyd etməli və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı yazılı pretenziyalarını 3 iş günü müddətində satıcıya qarşı irəli sürməli və bu barədə lizinq şirkətini yazılı qaydada məlumatlandırmalıdır. Göstərilən müddət ərzində lizinq obyektinin aşkar edilmiş çatışmazlıqları barədə yazılı pretenziyanın verilməməsi lizinq obyektinin müqavilənin şərtlərinə uyğun vəziyyətdə təhvil verilməsi vəzifəsinin lazımınca icrası faktını təsdiq edir; 6.4-cü bəndinə əsasən lizinq şirkəti alqı-satqı müqaviləsi üzrə satıcının öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə görə lizinq alan qarşısında məsuliyyət daşımır; 10.2-ci bəndinə əsasən lizinq obyekti zədələndikdə lizinq alan öz hesabına dərhal onu bərpa etməli və normal iş rejimində saxlamalıdır. Bu halda müqavilə dəyişməz qalaraq öz qüvvəsini saxlayır, lizinq alan isə müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə lizinq ödənişlərinin ödənilməsini davam etdirir; 13.1-ci bəndinə əsasən lizinq şirkəti lizinq alanın lizinq obyektindən istifadə şəraiti müqavilənin şərtlərinə və ya lizinq obyektinin təyinatına, o cümlədən texniki sənədlərinin tələblərinə uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun texniki keyfiyyətini pisləşdirirsə, müqavilənin 8.6-cı bəndində nəzərdə tutulan vəzifələr lizinq alan tərəfindən pozulduqda lizinq şirkəti pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
17. xx.xx.2024-cü il tarixli, SL452/24 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi”nə 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, lizinq obyektinin satınalma qiyməti 457720 manat, lizinq üzrə borc məbləği 194820 manat təşkil edir. Lizinq müddəti 60 aydır. Əlavədə qeyd edilmişdir ki, lizinq alan tərəfindən ödənilməli olan ilkin ödəniş məbləği və/və ya Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ayrılmalı olan maliyyələşdirmə məbləği gecikdirildiyi halda, ödəniş cədvəli faktiki maliyyələşdirilmə tarixindən hesablanacaq və ödəniş cədvəlində göstərilmiş birinci və sonuncu ayların ödənişlərinin tarixi və məbləği əlavədə əksini tapan qrafikdən fərqlənə bilər.
18. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən 1 ədəd “Massey Ferguson” markalı, “MF 7347S” modelli kombayn və 1 ədəd “Aktürk” markalı 8 sıralı qarğıdalı biçən başlıq satış məqsədi ilə İddiaçı təhvil verilmişdir. Aktda qeyd olunur ki, İddiaçı təhvil verilmiş malın keyfiyyətindən tamamilə razıdır və "xxxx" MMC-yə heç bir iddiası yoxdur. Akt tərəflərin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.
19. 00012 nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2024-cü il tarixli lizinq obyektinin təsvirinin məzmunundan müəyyən olunur ki, “Massey Forgusson” markalı kombayn və “Aktürk” markalı 8 sıralı qarğıdalı başlığının ümumi dəyəri 440000 manat təşkil edir.
20. "xxxx" MMC tərəfindən tərtib edilmiş Cavabdeh MMC tərəfindən 00012 nömrəli müqaviləyə əsasən satılan texnika və aqreqatlar üçün zəmanət şərtlərinin məzmunundan müəyyən olunur ki, satıcının zəmanət öhədlikləri, texnikanın alıcıya göndərildiyi tarixdən bir il və ya 1000 moto saat ərzində etibarlıdır.
21. xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli lizinq müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli qəbul aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı “Massey Fergusson” markalı, “MF 7347S (MCS)” model kombayn və Aktürk markalı 8 sıralı qarğıdalı başlığı təhvil verilmişdir. Akta əsasən lizinq obyekti lizinq şirkətinin iştirakı ilə lizinq alan tərəfindən yoxlanılıb və lizinq müqaviləsinin bütün şərtlərinə, o cümlədən heç bir məhdudiyyət qoyulmadan miqdar, çeşid, kompleklilik və keyfiyyət şərtlərinə uyğundur; lizinq obyekti tam, istifadəyə yararlı və işlək vəziyyətdədir; lizinq obyektində heç bir qüsur aşkar olunmamışdır; bu qəbul aktının imzalanması tarixində lizinq alanın lizinq obyektinə münasibətdə lizinq şirkətinə qarşı hər hansı iddiası yoxdur və gələcəkdə də olmayacaq. Akt tərəflərin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.
22. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli texniki təminatın məzmunundan müəyyən olunur ki, İddiaçı istifadəsinə verilən ZN2G5650J03050728 şassili, PLD421127 mühərrikli “Massey Ferguson” markalı, “MF 7347S (MCS)” modelli kombayna və üstündəki 3738 şassili qarğıdalı biçən başlığa 1000 motosaat və ya 1 il (hansı tez bitərsə) zəmanət verilir.
23. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli texniki təminatın məzmunundan müəyyən olunur ki, İddiaçı istifadəsinə verilən 3738 şassili, Aktürk markalı, 8 sıralı qarğıdalı biçən başlığa 1 il zəmanət verilir.
24. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktının məzmunundan müəyyən olunur ki, İddiaçı satış sonrası şöbə rəisi H.Əmirxana kombayn “Massey Ferguson markalı, MF 7347S” markalı kombaynın montaj zamanı baraban lövhələrinin və arxa doğrayıcının qoşulmasına etiraz etmiş, bununla bağlı yarana biləcək hər hansı qüsurların aradan qaldırılmasının məsuliyyətini üzərində götürmüşdür. Akt İddiaçı imzası ilə təsdiq edilmişdir.
25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 82600 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.
26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 5400 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.
27. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 189,28 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, M-MB-0189/24 nömrəli müqaviləyə əsasən 1-ci hissədə sığorta ödənişi qeyd edilmişdir.
28. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 1092,34 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, M-MB-0189/24 nömrəli müqaviləyə əsasən 1-ci hissədə sığorta ödənişi qeyd edilmişdir.
29. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3646 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən avans ödənişi qeyd edilmişdir.
30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3247 manat ödəniş edilmişdir.
31. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 3,25 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, SL452/24 saylı daxili lizinq müqaviləsinə əsasən aylıq ödəniş qeyd edilmişdir.
32. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 000520 nömrəli təmir aktının məzmunundan müəyyən olunur ki, "xxxx" MMC tərəfindən ümumi dəyəri 1353,26 manat olan təmir işləri həyata keçirilmişdir. Qeyd edilmişdir ki, baraban kəməri yenisi ilə əvəz olunub.
33. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının məzmunundan müəyyən olunur ki, qarğıdalı başlığının udlaq hissəsində qoruyucu lövhə əzilmişdir, sağ dönmə işıq sıradan çıxmışdır. Kombaynın salonundakı yan güzgüləri tənzimləmə düyməsi sıradan çıxmış, mühərrik bölməsində qoruyucu kranşteyn sıradan çıxmışdır və əlavə olaraq texnikada mühərrik yağı və hidrovlik yağı nəzərdə tutulmuş həddən çox aşağıdır və sol arxa təkərin zədələnməsi müşahidə edilmişdir. Kombaynda qeyd edilən qüsurlardan başqa heç bir qüsur aşkarlanmamışdır. Bütün elektrik və mexaniki hissələr işlək vəziyyətdədir.
34. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən 1 ədəd “Massey Ferguson” markalı, “MF 7347 S” modelli kombayn və 1 ədəd Aktürk markalı kombayn başlığı işlək vəziyyətdə, lakin müəyyən qüsurlarla "xxxx" MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
35. İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 140000 manat məbləğində pul vəsaitinin 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
36. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd edilmişdir ki, kombaynın istismarı zamanı ciddi çətinliklərlə üzləşmişdir. Dəfələrlə eyni nasazlıq baş vermişdir ki, bu da işi çətinləşdirmiş və nəticədə ciddi maliyyə itkisi ilə üzləşmişdir. Kombaynın nasazlığı üzündən müştərilərdən biçin sahəsi ilə bağlı sifariş qəbul edə bilməmiş, bununla bağlı təhcizatçı "xxxx" MMC-yə məlumat verməsinə baxmayaraq, problemin həlli yönümündə heç bir iş aparılmamışdır. Son olaraq həm "xxxx" MMC rəhbərliyi, həm də Cavabdeh MMC-nin rəhbərliyinin razılığı ilə 1 ədəd “Massey Ferguson 7347 S” modelli kombaynı və onun qarğıdalı başlığı ilə birlikdə 24 oktyabr 2024-cü il tarixdə təhvil vermişdir. Əlavə olaraq, kombayna aid olan bütün ehtiyyat hissələri də "xxxx" MMC tərəfindın geri götürülüb. Bunu təsdiq edən akt da tərtib olunub. Yuxarıda qeyd olanları və kombaynın qüsurlu olmasını nəzərə alaraq aralarında bağlanmış SL452/24 nömrəli, 02 iyul 2024-cü il tarixli lizinq müqaviləsinə xitam verilməsini və həmin müqavilə üzrə ödənilən 100000 (yüz min) manat vəsaitin tam həcmdə müqavilədə göstərilən VÖEN hesabına köçürülməsi xahiş edilmişdir.
37. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, SL452/24 saylı 02 iyul 2024-cü il tarixli lizinq müqaviləsinə və həmin tarixli qəbul aktına əsasən lizinq obyektləri olan “Massey Fergusson” kombayn və Aktürk 8 sıralı qarğıdalı başlığı (xeder) tam işlək vəziyyətdə təhvil verilmişdir. Qəbul aktının 8-ci bəndinə əsasən lizinq alan lizinq şirkətinə qarşı hər hansı bir iddianın olmadığı və gələcəkdə də heç bir iddianın olmayacağını öz imzası ilə təsdiq etmişdir. Məktubda texnikanın lizinq şirkətinə geri təhvil verilməsi ilə bağlı iddialara cavab olaraq bildirilmişdir ki, şifahi müraciət nəzərə alınaraq SL452/24 saylı, 02 iyul 2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 7.2-ci bəndinə əsasən texnikanın yerinin dəyişdirilməsinə görə sizə icazə verilibdir. Qeyd edilmişdir ki, xx.xx.2024-ci il tarixə "xxxx" MMC qarşısında SL452/24 saylı, 02 iyul 2024-cü il tarixli daxili lizinq müqaviləsində qeyd olunmuş lizinq ödənişləri qaydasını pozduğuna görə xx.xx.2024-cü il tarixinə 3246 (üç min iki yüz qırx altı) manat gecikdirilmiş borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyin icrası təmin edilməmişdir.
38. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/M 48-141/25 saylı mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, texnikanın işlək vəziyyətdə olduğu qeydə alınmışdır. Hər hansı bir istehsalçı qüsuru müəyyən olunmamışdır. Yerləşdiyi yer texnikanın istismar edilərək yoxlanılması üçün əlverişli olmadığından “Massey Ferguson 7347 S” markalı taxılyığan kombaynda yaranmış problemlərin, nasazlığın müəyyən edilməsi mümkün olmamışdır. Müəyyən edilmişdir ki, qüsur və nasazlıqların aşkar edilməsi yalnız taxıl sahəsində biçin və istismar zamanı (yüksək yüklənmə şəraitində) mümkündür. Mütəxəssislər tərəfindən aparılan yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, baraban lövhələrinin qoşulmaması kombaynın işləmə mexanizminə heç bir mənfi təsir göstərmir. Qoşulmaması nəticəsində yalnız müəyyən funksiyaların (məsələn, əlavə təmizləmə) yerinə yetirilməsi məhdudlaşır. Arxa doğrayıcının qoşulmaması kombaynın əsas işləmə qabiliyyətinə təsir etmir. Yalnız biçilmiş məhsulun əlavə emalı funksiyasını məhdudlaşdırır. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
41. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lizinq predmeti lizinq alanın istifadəsinə verilmiş, İddiaçı tərəfindən müqavilə üzrə ilkin ödəniş, sığorta ödənişləri həyata keçirilmiş, müəyyən xərclər çəkilmişdir. Eyni zamanda lizinq predmetinin satıcısı qismində hazırkı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, lizinq predmetinə dair zəmanət şərtləri müəyyən edilmiş, kombaynda yaranacaq qüsurlarla bağlı müvafiq öhdəliklər götürülmüşdür. Kombaynda yaranmış qüsurlarla bağlı da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuş, müəyyən təmir işləri (kəmər dəyişdirilmiş və s.) həyata keçirilmişdir. Qeyd olunan hallar işin mübahisəsiz hallarını təşkil edir.
42. Lizinq predmeti iddiaçıya 2024-cü il avqustun 8-də təhvil verilmişdir. Lizinq predmetində yaranmış nasazlıqla bağlı üçüncü şəxs olan satıcıya müraciətlər olmuş, sonuncu dəfə isə 2024-cü ilin oktyabr ayında qüsur aktı tərtib edilərək, iddiaçı tərəfindən üçüncü şəxsə verilmiş və bununla bağlı akt tərtib olunmuşdur. İddiaçı kombaynın geri təhvil verildiyini bildirmiş, cavabdeh isə bunu qəbul etməyərək, kombaynın təmir olunması üçün yalnız yerinin dəyişdirilməsinə icazə verildiyini, üçüncü şəxs isə kombayna dair qüsur aktının da tərib edilərək, təmir işləri üçün qəbul edildiyini bildirmişdir.
43. İddiaçı lizinq predmetinin təhvil alındığı andan nasaz olduğunu iddia etmiş və "xxxx" MMC isə kombaynın tam saz vəziyyətdə İddiaçı təhvil verildiyini, bununla bağlı təhvil-təslim aktının imzalandığı qeyd edilmişdir.
44. İddiaçı cavabdehə qarşı Cavabdeh MMC ilə bağlanılan 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli maliyyə lizinq müqaviləsinin ləğv olunması tələbini irəli sürmüşür.
45. Məhkəmə qanunvericilik normalarını, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin şərtlərini, müqavilə ilə lizinq alan və lizinq verənin öz üzərlərinə götürdükləri öhdəlikləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə almışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcəd pozulması faktı aşkarlanmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SL452/24 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövrilikdə lizinq ödənişlərini icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən hazırkı mübahisə ilə bağlı müqavilə öhdəliklərinin pozulması öz təsdiqini tapmamışdır.
46. Bundan əlavə lizinq predmetində yaranmış nasazlıqlarla bağlı qeyd edilməlidir ki, 02 iyul 2024-cü il tarixli, SL452/24 nömrəli maliyyə lizinq müqaviləsinin 6.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini qəbul edərkən hər hansı çatışmamazlıq aşkar edərsə, qəbul aktında bu barədə qeyd etməli və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı yazılı pretenziyalarını 3 iş günü müddətində satıcıya qarşı irəli sürməli və bu barədə lizinq şirkətini yazılı qaydada məlumatlandırmalıdır. Müqavilənin 6.4-cü bəndinə əsasən lizinq şirkəti alqı-satqı müqaviləsi üzrə satıcının öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə görə lizinq alan qarşısında məsuliyyət daşımır. Göründüyü kmi, iddiaçı lizinq obyektini qəbul edərkən hər hansı çatışmamazlıq aşkar edərdisə, qəbul aktında bu barədə qeyd etməli və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı yazılı pretenziyalarını 3 iş günü müddətində satıcıya qarşı irəli sürməli və bu barədə lizinq şirkətini yazılı qaydada məlumatlandırmalı idi. Bundan başqa, lizinq şirkətinin alqı-satqı müqaviləsi üzrə satıcının öz üzərinə götürdüyü öhdəliklərini icra etməməsinə görə lizinq alan qarşısında məsuliyyəti müəyyən edilməmişdir.
47. Eyni zamanda texnikada ciddi nasazlıqlar və istehsal qüsurları ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, lizinq obyektində nasazlıqlar, istehsal qüsurlarının olub-olmaması barədə sual qoyulmuşdur. “xx.xx.2025-ci il tarixli, CVN/M 48-141/25 saylı rəydə qeyd edilmişdir ki, texnika işlək vəziyyətdədir və hər hansı bir istehsalçı qüsuru müəyyən olunmamışdır.
48. Eyni zamanda əsas mübahisəli olan baraban lövhələrinin və arxa doğrayıcının qoşulmamasının kombaynın işləmə mexanizminə təsiri ilə bağlı rəydə qeyd olunmuşdur ki, baraban lövhələrinin qoşulmaması kombaynın işləmə mexanizminə heç bir mənfi təsir göstərmir. Qoşulmama nəticəsində yalnız müəyyən funksiyaların (məsələn, əlavə təmizləmə) yerinə yetirilməsi məhdudlaşır. Arxa doğrayıcının qoşulmaması kombaynın əsas işləmə qabiliyyətinə təsir etmir. Yalnız biçilmiş məhsulun əlavə emalı funksiyasını məhdudlaşdırır. Mübahisəli məqamlardan biri də texnikanın məhz taxılı təmiz biçməməsi, əlavə təmizləmə işləri ilə bağlı olmuşdur. Arxa doğrayıcı və baraban lövhələri məhz iddiaçınnı istəyi ilə bağlı kombayna qoşulmamış, bununla bağlı xx.xx.2024-cü il tarixli imtina aktı tərtib olunmuş və aktda qeyd olunmuşdur ki, lizinq alan “Massey Ferguson markalı, MF 7347S” markalı kombayna montaj zamanı baraban lövhələri və arxa doğrayıcının qoşulmasına etiraz etmiş, bununla bağlı yarana biləcək hər hansı qüsurların aradan qaldırılmasının məsuliyyətini üzərində götürmüşdür. Akt İddiaçı imzası ilə təsdiq edilmişdir.
49. İddiaçı kombaynın nasaz olması, texnikada olan nasazlığın aradan qaldırılmaması, servis işçilərinin etinasızlığı səbəbindən işləyə bilməməsi və adı çəkilən texnikanı və ona aid olan bütün ehtiyyat hissələrini geri təhvil aldıqları üçün zərərə düşdüyünü iddia edərək, zərərə düşdüyü 30000 manat əldən çıxmış fayda və işgüzar nüfuzuna xələl gəldiyi üçün 10000 manat mənəvi ziyan və ümumi olaraq kombayna ödənilən 100000 manat olmaqla, ümumilikdə 140000 manat vəsaitin Cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsini tələb etmişdir.
50. Məhz yuxarıda qeyd olunan əsaslarla cavabdehin öz öhdəliklərini pozması, yaxud hər hansı hərəkətləri nəticəsində iddiaçının zərərə məruz qalması öz təqdiqini tapmadığından iddia həmin hissədə də təmin olunmamalıdır. Eləcə qeyd olunan zərər məbləğləri ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçının lizinq müqaviləsi ödədiyi ilkin ödəniş məbləği və digər məbləğlərin iddiaçıya qaytarılması üçün əsaslar müəyyən edilmir.
51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə də təmin olunmamalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova