Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1285/2022 20.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 20.11.2020-ci il tarixli, 217/2020 saylı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 20.11.2020-ci il tarixli, 217/2020 saylı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 17.560,81 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 1.194,13 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.669,5 manat məbləğində cərimənin, müqavilə üzrə illik 5% hesablanmış 878 manat pulun, 200 manat ilkin mediasiya haqqının tutulması və İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (satıcı) və cavabdeh "xxxx" MMC (alıcı) arasında 217/2020 nömrəli 20 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “Satıcı” bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malın dəyərini hesab faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmş çeşiddə və miqdarda alıcıya təhvil verməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğlərin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31.12.2021-ci il tarixinə kimi qüvvədədir. Sözügedən müqavilə iddiaçı tərəfindən icra edilmiş və həmin alqısatqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləği ödəməkdən boyun qaçırmşdır. 03 saylı X1 əsasən, Cavabdeh MMC İddiaçı MMC-yə 5.428,05 manat və 04 saylı X1 əsasən isə 12.132,76 manat məbləğində malların satılması razılaşdırılmışdır. Bundan əlavə, İddiaçı MMC tərəfindən cavabdehə EBBB seriyalı 707315 nömrəli 17.05.2021-ci il tarixli 5.428,05 manat məbləğə dair və EBBL seriyalı 379269 seriyaıl 26.10.2021-ci il tarixli 12.132,76 manat məbləğə dair elektron qaimələr vurulmuş və qəbul edilmişdir. Həmin elektron qaimələr əsasında qaimələrdə göstərilən məbləğdəki mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Lakin tələb olunan məbləğlərdən Cavabdeh MMC tərəfindən bugünədək heç bir pul məbləği ödənilməmişdir. Beləliklə hesab edirlər ki, cavabdeh "xxxx" MMC-dən cəmi 17.560,81 manat məbləğində əsas borc məbləği tutulmalı və iddiaçıya ödənilməlidir. Bundan əlavə qeyd edirlər ki, əgər iddiaçı həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. İddiaçı cavabdehdə olan pullardan istifadə edə bilmədiyi üçün iddiaçıya maddi ziyan dəymişdir. Ona görə borc ödənilmədiyi üçün cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi intemet səhifəsindən olan çıxarışa əsasən, 2021-ci ildən bugündək bank faizinin uçot dərəcəsi 6,8% (orta faiz dərəcəsi) təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 1.194,13 manat (17.560,81 x 6,8 %x 1 il= 1194,13 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Onu da qeyd edirlər ki, alqı-satqı müqaviləsi əsasında qalıq borc məbləği bugünədək ödənilməmişdir. Həmin məbləğ elektron-qaimənin vurulduğu gündən 30 gün müddətində ödənilməli olsa da, bugünədək ödənilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, hər gecikdirilən gün üçün ödənilməyən məbəğin 0,1% cərimə məbləği ödənilməlidir. Belə ki, 17.05.2021-ci il tarixli elektron qaimə əsasında tələb olunan 5.428,05 manat məbləğdən bugünədək heç bir ödəniş edilmədiyindən 17.06.2021- 10.01.2022-ci il tarixinə dair cərimə məbləği 1.123,6 manat (5428,05 x 0,1% x 207 gün= 1123,6 manat) təşkil edir. 26.10.2021-ci il tarixli elektron qaimə əsasında tələb olunan 12.132,76 manat məbləğdən bugünədək heç bir ödəniş edilmədiyindən 26.11.2021- 10.01.2022-ci il tarixlərinə dair cərimə məbləği 545,9 (12.132,76 x 0,1% x 45 gün=545 manat) təşkil edir. Beləliklə bugünədək müqavilə üzrə hesablanmış cəmi 1.669,5 (1123,6 + 545,9=1669,5) manat cərimə məbləği də cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-cimaddəsinin tələbinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. AR MM-nin 445.7-ci maddəsini rəhbər tutaraq hesab edirlər ki, 17.560,81 manat üçün illik 5 %, yəni 878 manat (17560,81 x 5 % x 1 il=878 manat) məbləğində hesablanmış faiz məbləği iddiaçnın xeyrinə tutulmalıdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı mübahisənin həlli üçün mediasiyaya müraciət edilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mediator tərəfindən iddiaçıya 24.12.2021-ci il tarixdə 2021-012412 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Hazırda mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edirlər ki, iddiaçı dəfərlərlə cavabdehə şifahi şəkildə müraciət edərək borc məbləğinin ödənilməsini xahiş edilsə də, bugünədək heç bir məbləğ ödənilməmişdir. Odur ki, pretenziya məktubu ilə cavabdehə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İlk yazılı pretenziya məktubu 17.01.2021-ci il tarixdə, ikinci yazılı pretenziya məktubu isə 24.01.2022-ci il tarixdə cavabdehə göndərilmiş və çatdırılmışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi X3 iddia tələbinin 17.560,81 manat məbləğində borcun mövcud olmasını təsdiq etmiş və qarşı tərəfin tələb etdiyi cərimə və faiz məbləğini qəbul etmədiyini, əsas borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 20.11.2020-ci il tarixli 217/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malın dəyərini hesab-faktura təqdim edildikdən sonra ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, “Satıcı” malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmş çeşiddə və miqdarda “Alıcı”ya təhvil verməlidir. 3.3-cü bəndinə əsasən, “Alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğlərin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 31.12.2021-ci il tarixinə kimi qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 20.11.2020-ci il tarixli 217/2020 saylı müqavilə üzrə imzalanmış 03 və 04 saylı qiymətlərin razılaşrma protokollarına əsasən müvafiq olaraq Alüminium sacın ümumi qiyməti ƏDV daxil 5.428,05 manat və Paslanmaz sacın ümumi qiyməti ƏDV daxil 12.132,76 manat müəyyən edilmişdir. Razılaşmalar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 5.428,05 manat dəyərində göstərilmiş xidmətə görə EBBB seriyalı, 707315 nömrəli, 17 may 2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 12.132,76 manat dəyərində göstərilmiş xidmətə görə EBBL seriyalı, 379269 nömrəli, 26 oktyabr 2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan 17.560,81 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 1.194,13 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.669,5 manat məbləğində cərimənin, müqavilə üzrə illik 5% hesablanmış 878 manat pulun ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 20.11.2020-ci il tarixli 217/2020 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək qiymətlərin razılaşdırılması protokollarında nəzərdə tutulmuş malları Cavabdeh MMC-yə təqdim etmiş, Cavabdeh MMC isə təqdim olunmuş malların dəyəri olan 17.560,81 manat məbləğində pulu ödəməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 17.560,81 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC MMC-dən 15.686,24 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən hesablanmış 1.669,5 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 600 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin müqavilə üzrə illik 5%-i miqdarında 878 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini gecikdirməsi iş materiallarına əsasən öz təsdiqini tapdığından İddiaçı MMC gecikdirilmiş məbləğə MM-in 445.7-ci maddəsinə əsasən faiz hesablanmasını tələb etməkdə haqlıdır. Tələb olunan faizin məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı MMC əsas borc (17.560,81 manat) məbləğini 5% vurmaqla (17.560,81x5%=878) 878 manat tələb etsə də, məhkəmə hesab edir ki, borcun ödənilməsinin gecikdirilməsinə görə faizlər ƏDV daxil 5.428,05 manat dəyərində göstərilmiş xidmətə görə EBBB seriyalı, 707315 nömrəli, 17 may 2021-ci il tarixli elektron qaimənin tərtib edildiyi vaxtdan, yəni müqavilənin şərtlərinə əsasən cavabdeh həmin öhdəliyi icra etməli olduğu vaxtdan məhkəmə qətnaməsi qəbul edilənədək olan 11 aylıq müddət üçün və ƏDV daxil 12.132,76 manat dəyərində göstərilmiş xidmətə görə EBBL seriyalı, 379269 nömrəli, 26 oktyabr 2021-ci il tarixli elektron qaimənin tərtib edildiyi vaxtdan məhkəmə qətnaməsi qəbul edilənədək olan 6 aylıq müddət üçün hesablanmalıdır. Belə olan halda isə Cavabdeh MMC-yə MM-in 445.7-ci maddəsinə əsasən hesablanacaq faiz məbləği 5.428,05x5%/12x11= 249 manat və 12.132,76x5%/12x6= 303 manat olmaqla cəmi 552 (249+303) manat təşkil edir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 17.560,81 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 6,8% həddində hesablanmaqla 1.194,13 manat məbləğində bank uçot dərəcəsinə müvafiq faizin tutulması tələbini də irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, bank uçot dərəcəsi kimi hesablanmış 1.194,13 manat pulun tutulması tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 153,91 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 17.560,81 manat (on yeddi min beş yüz altmış manat səksən bir qəpik) məbləğində borc, 600 (altı yüz) manat məbləğində dəbbə pulu, illik 5% olmaqla hesablanmış 552 (beş yüz əlli iki) manat məbləğində faizlər, cəmi 18.712,81 (on səkkiz min yeddi yüz otuz on iki manat səksən bir qəpik) məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1285/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1285/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver