Məhkəmə qərarları › İş №e-2-2(113)-1289/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1289/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1289/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8551 manat əsas borcun, 9652 manat cərimə məbləğinin, mediasiya xərci qismində ödənilmiş 200 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, O000726492saylıalqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır,cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvilalmışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş əlavəyə əsasən Alıcımalın dəyərinimalıəldə etdiyi tarixdən 30 gün müddətində Satıcıya ödəməlidir. Müqavilənin 8.2-ci bəndində qeyd olunur ki, Alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavəyə əsasən taxta altlığın bir ədədinin dəyəri ƏDV ilə 28.32 AZN müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 8551 (səkkiz min beş yüz əlli bir manat) AZN məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28.32 AZN olan 57 ədəd taxta altlığı şirkətimizə geri qaytarmamışdır. Cavabdehin şirkətimizdən təhvilaldığı, amma, dəyərini ödəmədiyi malların cəmiməbləği 10165.3 (on min yüzaltmış beş manat otuz qəpik ) AZN təşkiletmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvilaldığı malların dəyərini, yəni10165.3 AZN əsas borcunu ödəməmişdir. Müqavilənin 8.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 9652 (doqquz min altı yüzəlli iki ) AZN təşkiledir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişik. Cavabdehin qeydiyyat ünvanı tapılmadığı üçün pretenziya məktubunun kağız versiyası ona təqdim etmək mümkün olmamışdır (poçt qəbzi və akt iddia ərizəsinə əlavə edilir). Pretenziya məktubu xx.xx.2023-cü il tarixində vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. Cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri göstərilməklə Mediasiyaya dəvət məktubu göndərilməsinə baxmayaraq cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bakı 12 saylı Mediasiya Təşkilatı MŞB/12/2023-00774 saylı, xx.xx.2023- cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir (iddia ərizəsinə əlavə edilir).

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul etdiyini və hissələrlə ödəyəcəyini bildirdi, lakin cərimə borcunun silinməsini xahiş etdi. III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ilə Cavabdeh arasıda bağlanmış xx.xx.2020-ci il tarixli O000726492 saylı alqı-satqı müqaviləsinə əsasən:

7. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

8. Müqavilənin 3.3-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir.

9. Müqavilənin 7.2-ci bəndinə əsasən satılmış malın vaxtı-vaxtında alıcı tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin vaxtında ödənilməsini tələb etmək satıcının hüququdur.

10. xx.xx.2020-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə Əlavəyə əsasən malların və altlıqların dəyəri müəyyən edilmişdir və Əlavənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd olunan 3.3-cü bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

11. 06.03.2020-ci il tarixli, A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən Cavabdeh 14.40 ton, xx.xx.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən 28.80 ton, xx.xx.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən 16 ton və xx.xx.2020-ci il tarixli yük-nəqliyyat qaiməsinə əsasən 16 ton həddində mallar və müvafiq altlıqlar təhvil verilmiş və alıcının imzası ilə təsdiqlənmişdir.

12. 10.03.2020-ci il tarixli, EBAH seriyalı, 474204 saylı elektron qiaməyə əsasən "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh 3599,75 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 545318 saylı elektron qiaməyə əsasən 3815,72 manat dəyərində, xx.xx.2020-ci il tarixli EBAH seriyalı, 869286 saylı elektron qaiməyə əsasən 3815,72 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 811337 saylı elektron qaiməyə əsasən 2119,85 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 356662 saylı elektron qaiməyə əsasən 2400,03 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 157667 saylı elektron qaiməyə əsasən 1614,24 manat dəyərində malın satıldığı qeyd olunmuşdur.

13. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

18. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

22. Tərəflər arasında bağlanmış 0303.2020-ci il tarixli O000726492 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

23. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (e-qaimələr və yük-nəqliyyat qaimələri) və həmçinin cavabdehin etirafı ilə təsdiqini tapdığı üçün iddia tələbinin 8551 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

24. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən hesablanmış 9652 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

27. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

28. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 428 manat məbləğində müəyyən edilməlidir.

29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat (iddianın təmin olunan məbləğinə mütənasib olaraq) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 8551 manat əsas borc məbləği, 428 manat dəbbə pulu və mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Holcim (Azərbaycan) ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar