Məhkəmə qərarları › İş №e-2-2(113)-1292/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1292/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1292/2023 11.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, işgüzar münasibət, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1857,66 manat ƏDV daxil olmaqla 17257,39 manat əsas borc, 3523 manat məbləğində əldən çıxmış faydanın və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli 048/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən uzun müddət mal-materialların satışı və alışı həyata keçirilmişdir. Lakin sonuncu alınan malların dəyəri – 17257,39 manat 2019-ci ilin yanvar ayından ödənməmişdir. Halbuki adıçəkilən alqı-satqı müqaviləsinə əsasən alınmış malların dəyəri 15 iş günü müddətində ödənilməli idi. Bundan başqa, cavabdehin iddiaçının pul vəsaitini əsassız olaraq özündə saxlaması səbəbindən tələb edilən pul məbləğinə xx.xx.2019-cu il tarixdən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanan 3523 manat əldən çıxmış fayda məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 443, 449, 445.7-ci və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə əsasında uzun müddət alqı-satqı münasibətləri olmuş, ilki xx.xx.2018-ci il tarixdə olmaqla cəmi 12 dəfə mal təhvili olmuşdur. Ümumilikdə 32782,23 manat mal-material cavabdehə təqdim olunmuşdur, həmin məbləğin ƏDV-si 5982 manat təşkil etmişdir. Təqdim olunan qaimələr üzrə 17382,50 manat əsas məbləğdən, 4043,16 manat ƏDV məbləğindən vəsait ödənilmişdir. Belə ki, xx.xx.2018-ci ildə 752693 saylı qaimə üzrə 303 manat, xx.xx.2018-ci ildə 382658 və 572459 saylı qaimələr üzrə 10000 manat, xx.xx.2019-cu ildə 382658 saylı qaimə üzrə 2000 manat, xx.xx.2019-cu ildə 124924 saylı qaimə üzrə 5079,48 manat əsas məbləğ bank hesabı vasitəsi ilə cari hesaba ödənilmişdir. Lakin cavabdehə göndərilmiş xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019-cu il tarixli elektron qaimələr üzrə isə ödəniş edilməmişdir.

5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddia tələbinin bir hissəsini təşkil edən 3523 manat məbləğində pulun tutulması tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdə tutulmuşdur. Müvafiq məbləğin hesablanması qaydası ilə bağlı isə göstərilmişdir ki, sonuncu ödənilməyən elektron qaimənin tarixindən – xx.xx.2019-cu il tarixdən iddia ərizəsinin məhkəməyə göndərildiyi tarixədək 49 ay üçün həmin məbləğ hesablanmışdır.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, iddiaçı ilə alqı-satqı müqaviləsi üzrə ödənişlər bir müddət həyata keçirilib, lakin şirkətin maddi vəziyyəti pisləşdiyindən bəzi qaimələr üzrə ödənişlər aparılmayıb. Eyni zamanda qeyd edildi ki, iddiaçı əsas borcu qəbul edir, lakin əldən çıxmış faydanı təşkil edən məbləğin tutulmamasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

9. İddia ərizəsinə əlavə olunmuş 29 may 2018-ci il tarixli 048/18 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, «Satıcı» (iddiaçı) Alıcıya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, «Alıcı» (cavabdeh) isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir.

10. Adıçəkilən müqavilənin tərəflərin məsuliyyəti adlanan 2-ci hissəsində satıcnın məsuliyyəti kimi müqavilə imzalandıqdan 1 (bir) iş günü ərzində malları alıcıya göndərmək, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) vermək, alıcının məsuliyyəti kimi isə malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etmək, alınmış malların dəyərini 15 (on beş) iş günü müddətində ödəmək göstərilmişdir.

11. Qeyd edilən müqavilənin 3-cü hissəsinə əsasən, müqavilə tərəfləri ƏDV ödəyiciləridir (3.1). Ödəniş «Alıcı» tərəfindən köçürmə və nağd formasında həyata keçiriləcəkdir (3.2). Ödəniş mallar təhvil alınandan sonra 15 (on beş) iş günü müddətində aparılmalıdır (3.3).

12. Sözügedən müqavilənin 8-ci hissəsində satıcının bank hesabı rekvizitləri qismində "xxxx" Bank ASC-nin Sənaye filialında açılmış İBAN AZ47BBTB400609440 **********1 göstərilmişdir.

13. Məhkəməyə təqdim edilən elektron qaimə-fakturalardan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaiməfaktura” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli EAAJ 752693 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 357,54 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAL 229923 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 305,97 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAL 529780 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 4156,55 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAL 951574 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3337,93 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAM 283681 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2599,66 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAM 572459 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2076,45 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAN 382658 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8374,22 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAP 094819 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 184,38 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAP 109736 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2157,75 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAR 124924 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 5993,79 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAU 248146 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7496,25 manat məbləğində, xx.xx.2019-cu il tarixli EAAX 405773 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1642,56 manat məbləğində müxtəlif adda malların təhvil verilməsi üçün rəsmiləşdirilmişdir.

14. İddiaçının "xxxx" Bank ASC-nin Sənaye filialındakı AZ47BBTB4006094 40**********1 nömrəli hesabından 2018-2023-cü illəri əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə EAAJ 752693 seriya və nömrəli elektron qaimə üzrə 303 manat, xx.xx.2018-ci il tarixdə EAAN 382658 və EAAM 572459 seriya və nömrəli elektron qaimələr üzrə 10000 manat, xx.xx.2019-cu il tarixdə EAAN 382658 seriya və nömrəli elektron qaimə üzrə 2000 manat, xx.xx.2019-cu il tarixdə EAAR 124924 seriya və nömrəli elektron qaimə üzrə 5079,48 manat iddiaçının bank hesabına köçürülmüşdür.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “ƏDV-nin depozit hesabı” altsistemindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 54,54 manat, xx.xx.2018-ci il tarixdə 1800 manat, xx.xx.2019-cu il tarixdə 360 manat, xx.xx.2019-cu il tarixdə 914,31 manat, xx.xx.2019-cu il tarixdə 914,31 manat məbləğində malların dəyərinə uyğun əlavə dəyər vergisi ödənmişdir.

16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən cədvəldən görünür ki, cavabdeh 12 elektron qaimə üzrə iddiaçıya 1857,66 manat ƏDV məbləği daxil olmaqla cəmi 17257,45 manat məbləğində borcunun olduğunu qeyd etmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müxtəlif adda malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə 12 elektron qaimə əsasında ümumilikdə 38 683,05 manat dəyərində (5900.82 manat ƏDV daxil) mal cavabdehdə təhvil verilmiş, malların dəyərindən 4043,16 manat ƏDV məbləği daxil olmaqla ümumilikdə 21 425,64 manat hissəsi ödənilmiş, 1857,66 manat ƏDV və 15 399,75 manat əsas məbləğ olmaqla 17257,41 manat hissəsi isə ödənilməmişdir.

18. İddiaçı alqı-satqı müqaviləsinə əsasən təhvil verilmiş mallara görə ödənilməmiş 1857,66 manat ƏDV daxil olmaqla 17257,39 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

19. Cavabdehin qanuni təmsilçisi cavabdehə olan 17257,39 manat məbləğində borcu qəbul edir və maddi çətinliklə əlaqədar ödəyə bilmədiyini bildirir.

20. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının şərh edilməsindən öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında işgüzar münasibətlər təhvil-təslimin elektron qaimə ilə rəsmiləşdirilməsi istiqamətində olmuşdur. Belə ki, iddiaçının bank hesabından çıxarışdan da görünür ki, ödənişlər malların təhvilindən sonra elektron qaimə-fakturaların seriya və nömrəsinə istinad edilməklə ödənmişdir. Həmçinin mövcud hal iddiaçının nümayəndəsi tərəfindən də təsdiqlənmiş, cavabdeh tərəf isə mübahisələndirməmişdir.

21. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 1857,66 manat ƏDV daxil olmaqla 17257,39 manat əsas borc Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı

34. İddiaçı həmçinin ödənilməsi gecikdirilmiş 17257,39 manat borca illik beş faizlə hesablanan 3523 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

35. Cavabdeh əsas borc hissəsində iddianı qəbul etsə də, bu hissədə tələbin rədd olunmasını xahiş edir.

36. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

37. Əvvəla cavabdehin sözügedən məbləğin silinməsi xahişi ilə bağlı qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə malın müqaviləyə görə ödənilməli olduğu gündən (hazırkı halda tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən mallar təhvil alındığı andan 15 iş günü ərzində) hər gecikdirilmiş gün üçün illik beş faiz ödəmək vəzifəsi qanundan irəli gəlir və məhkəmənin diskresiyasından asılı deyildir.

38. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2018-ci il tarixdə EAAJ 752693 seriya və nömrəli elektron qaimə üzrə və xx.xx.2019-cu il tarixdə EAAR 124924 elektron qaimə üzrə cavabdeh tərəfindən ödənişlər aparılarkən qaimələrdə əks olunan məbləğlər düzgün qeyd olunmuş, xx.xx.2018-ci il tarixdə EAAN 382658 və EAAM 572459 seriya və nömrəli elektron qaimələr üzrə ödəniş həyata keçirilərkən artıq məbləğ ödənilmiş (ƏDV daxil 10450,67 manat ödənilməli olan halda ƏDV daxil 11800 manat ödənilmiş), EAAN 382658 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2018-ci il tarixdə ödəniş edildiyi halda isə yenidən xx.xx.2019-cu il tarixdə ƏDV daxil 2360 manat ödəniş edilmişdir. Ona görə də, ƏDV daxil artıq ödənilmiş 3709,33 manat ((11800-10450,67)+2360) əvvəlki tarixə olan borca görə ödənilmiş məbləğ kimi nəzərə alınmalıdır. Əvvəlki tarixə olan ilkin borclar xx.xx.2018-ci il tarixli EAAL 229923 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil 305,97 manat, xx.xx.2018-ci il tarixli EAAL 529780 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil 4156,55 manat təşkil edir. ƏDV daxil artıq ödənilmiş 3709,33 manat məbləğ nəzərə alındıqda xx.xx.2018-ci il tarixli EAAL 229923 seriya və nömrəli elektron qaimə üzrə 305,97 manat borc tam, xx.xx.2018-ci il tarixli EAAL 529780 seriya və nömrəli elektron qaimə üzrə isə borc 3403,36 manat hissəsində (3709,33-305,97=3403,36) əhatə olunur və EAAL 529780 seriya və nömrəli elektron qaimə üzrə ƏDV daxil qalıq borc 753,55 manat (4156,55-3403,36=753,55) təşkil edir.

39. Belə olan halda məhkəmə qeyd edir, ödənilməsi gecikdirilmiş borca illik 5% məbləğ xx.xx.2018-ci il tarixli EAAL 529780 seriya və nömrəli elektron qaimə üzrə qalıq 753,55 manat məbləğə, xx.xx.2018-ci il tarixli EAAL 951574 seriya və nömrəli, xx.xx.2018-ci il tarixli EAAM 283681 seriya və nömrəli, xx.xx.2019-cu il tarixli EAAP 094819 seriya və nömrəli, xx.xx.2019-cu il tarixli EAAP 109736 seriya və nömrəli, xx.xx.2019-cu il tarixli EAAU 248146 seriya və nömrəli, xx.xx.2019-cu il tarixli EAAX 405773 seriya və nömrəli elektron qaimələr üzrə hesablanmalıdır.

40. Bundan başqa, iddiaçı bütün qaimələr üzrə əsas borca illik 5% hesablamanın başlanğıcını xx.xx.2019-cu il tarixdən hesablamışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli EAAL 529780 seriya və nömrəli, xx.xx.2018-ci il tarixli EAAL 951574 seriya və nömrəli, xx.xx.2018-ci il tarixli EAAM 283681 seriya və nömrəli elektron qaimələr üzrə ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablama xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmalıdır.

41. Tərəflər arasında malların təhvilinin elektron qaimə əsasında aparıldığını, müqaviləyə əsasən ödənişin mallar təhvil alınandan sonra 15 iş günü müddətində aparılmalı olduğunu nəzərə aldıqda isə qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixli EAAP 094819 seriya və nömrəli və xx.xx.2019-cu il tarixli EAAP 109736 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2019-cu il tarix, xx.xx.2019-cu il tarixli EAAU 248146 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2019-cu il tarix, xx.xx.2019-cu il tarixli EAAX 405773 seriya və nömrəli elektron qaimə üzrə xx.xx.2019-cu il tarix başlanğıc tarixlər olmaqla xx.xx.2023-cü il tarixədək ödənilməsi gecikdirilmiş borca görə illik 5% faiz hesablanmalıdır.

42. Belə olan halda, gecikdirilmiş vaxt üçün faiz məbləği aşağıdakı kimi olacaqdır: – xx.xx.2018-ci il tarixli EAAL 529780 seriya və nömrəli elektron qaimə üzrə qalıq 753,55 manat, xx.xx.2018-ci il tarixli EAAL 951574 seriya və nömrəli elektron qaimə üzrə 3337,93 manat, xx.xx.2018-ci il tarixli EAAM 283681 seriya və nömrəli elektron qaimə üzrə 2599,66 manat borca görə: 1358,428 manat (753,55+3337,93+2599,66=6691,14 manat x 5%/100=334,557 manat /365 gün= 0,916 (1 günün faizi) x1483 gün); – xx.xx.2019-cu il tarixli EAAP 094819 seriya və nömrəli elektron qaimə üzrə 184,38 manat, xx.xx.2019-cu il tarixli EAAP 109736 seriya və nömrəli elektron qaimə üzrə 2157,75 manat borca görə: 467,52 manat (184,38+2157,75=2342,13 manat x 5%/100=117,1 manat /365 gün= 0,32 (1 günün faizi) x1461 gün); – xx.xx.2019-cu il tarixli EAAU 248146 seriya və nömrəli elektron qaimə üzrə 7496,25 manat borca görə: 1376,892 manat (7496,25 manat x 5%/100=374,8 manat /365 gün= 1,026 (1 günün faizi) x1342 gün); – xx.xx.2019-cu il tarixli EAAX 405773 seriya və nömrəli elektron qaimə üzrə gecikdirilmiş 1642,56 manat borca görə 279,84 manat (1642,56 manat x 5%/100=82,128 manat /365 gün= 0,22 (1 günün faizi) x1272 gün).

43. Beləliklə müəyyən olunur ki, ödənilməsi gecikdirilmiş 17257,39 manat borca illik 5% hesablanan məbləğ 3482,68 manat (1358,428+467,52+1376,892+279,84) təşkil edir.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının faiz məbləğinin tutulması tələbi qismən təmin edilməli, ödənilməsi gecikdirilmiş borc üçün illik 5% ilə hesablanan 3482,68 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

c) Mediasiya xərci ilə bağlı

45. İddiaçı həmçinin 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

46. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/12-00073 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci "xxxx" MMC tərəfindən ödənilmişdir.

47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Həmin Məcəllənin 115.0 və 115.0.9.-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

49. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

50. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

51. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

52. Cavabdehin müqavilə qaydalarını pozulduğunu, iddiaçının mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydasına uyğun olaraq göndərdiyi pretenziyanı cavabsız qoyduğunu nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1857,66 manat hissəsi ƏDV olmaqla 17257 (on yeddi min iki yüz əlli yeddi) manat 39 (otuz doqquz) qəpik əsas borc və əsas borca illik beş faizlə hesablanan 3503 (üç min beş yüz üç) manat 28 (iyirmi səkkiz) qəpik olmaqla ümumilikdə 20760 (iyirmi min yeddi yüz altmış) manat 67 (altmış yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar