Məhkəmə qərarları › İş №e-2-2(113)-1294/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1294/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1294/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı cavabdehdən 11.710,58 manat əsas borcun, 2.107,90 ƏDV borcunun, ümumi borc 13,818,48 manat məbləğində, əldən çıxmış faydaya görə 2.303 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 16.321,48 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən əsas borca görə 13,818,48 manat məbləğində, əldən çıxmış faydaya görə 2303 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 16.321,48 manat məbləğində pul vəsaiti qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən 11.710,58 manat əsas borcun, 2.107,90 ƏDV borcunun, ümumi borc 13,818,48 manat məbləğində, əldən çıxmış faydaya görə 2.303 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 16.321,48 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 15 oktyabr 2019-cu il tarixdə 19/101 saylı Alqı-Satqısı müqaviləsi bağlanmış və mal-materialların satışı və alışı həyata keçirilmişdir. Cavabdeh uzun müddət aralarında mal-materialların alınıb-satılmasına və ödənişlərin edilməsinə baxmayaraq sonuncu aldığı malların ödənişlərini hələ də etməmişdır. Belə ki, cavabdeh 13,818,48 manat borcu artıq 2019-cu ilin oktyabr ayından ödəmir. Dəfələrlə şirkət rəhbərlərinin danışıqlarına baxmayaraq hələ də borcu ödəməmişdir. 19/101 saylı Alqı-Satqısı Müqaviləsinin 2.2.2-ci bəndinə görə, alınmış malların dəyəri 20 iş günü müddətində ödənilməli idi. Lakin artıq yuxarıda göstərdiyi kimi 3 ildən artıq müddətdir ki, ödənişi etmir. xx.xx.2019-cu il tarixdə cavabdehə elektron vergi hesab fakturalar göndərilmiş, lakin ödəniş edilməmişdir. Alqı-satqı müqaviləsi və maddi hüquq normaları cavabdehin öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl etməyi zəruri edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixdə 19/101 saylı Alqı-Satqısı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə Hesab Fakturada göstərilən mal-material dəyərlilərini satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və 20 iş günü müddətində malın haqqını ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Hazırkı mübahisə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir. İddiaçı satılmış malların dəyərinin ödənilməməsinə görə 13,818,48 manat borcu təşkil etməsini irəli sürür. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi üzrə satılmış malların ödənilməmiş dəyərini tələb etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təslim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb Mülki Məcəllənin 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixdə 19/101 saylı Alqı-Satqısı müqaviləsinin: - 2.1.2-ci bəndində qeyd olunmuşdur ki, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. - 2.2.3-cü bəndində qeyd olunmuşdur ki, mallar təhvil alınandan və təhvil-təslim sənədləri rəsmİləşdiriləndən sonra «Alıcı» «Satıcıya» malların keyfiyyət və kəmiyyəti barəsində iddia verə bilməz. Lakin iddiaçı tərəfindən məhkəməyə tələb olunan məbləğdə malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələrin göndərilməsinə dair çıxarışdır. Məhkəmə hesab edir ki, həmin sənəd malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər malın təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, mallarla birlikdə təhvil-təslim sənədlərinin (qaimə-faktura) verilməli olması barədə 2.1.2-ci bəndin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Eyni zamanda, məhkəmə qeyd edir ki, ki, elektron qaimələrin göndərilməsinə dair çıxarışda cavabdehə göndərilmiş elektron qaimələrin kim tərəfindən göndərilməsi, hansı əsasla göndərilməsi, təqdim olunan malların nədən ibarət olması müəyyən olunmur. Habelə, həmin sənəddə göstərilən elektron qaimələr də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qaimə – fakturalarda nəinki təhvil – təslim aktı, göstərilməli olan məlumatların heç biri qeyd olunmamış və elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində də əksini tapmamışdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini təsdiq edən sənəd deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Hazırki iş üzrə isə iddiaçı tərəfindən malın cavabdehə verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı cavabdehdən 11.710,58 manat əsas borcun, 2.107,90 ƏDV borcunun, ümumi borc 13,818,48 manat məbləğində, əldən çıxmış faydaya görə 2.303 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 16.321,48 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar