Məhkəmə qərarları › İş №e-2-2(113)-1295/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1295/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1295/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alğı-satqı müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı cavabdeh X2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 445,69 manat (dörd yüz qırx beş manat altmış doqquz qəpik) əsas borc, 476,88 manat (dörd yüz yetmiş altı manat səksən səkkiz qəpik) dəbbə pulu, ümumilikdə 922,57 manat (doqquz yüz iyirmi iki manat əlli yeddi qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında malların alqı-satqı qaydaları haqqında 08 yanvar 2024-cü il tarixli, 07-İ/24 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh sözügedən müqavilə öhdəliklərini yerinə yetirməmiş, borcunu ödəməkdən imtina etmişdir. Belə ki, 0104-6940 nömrəli xx.xx.2024-cü il tarixli satış-fakturasından göründüyü kimi, İddiaçı MMC tərəfindən cavabdehə (VÖEN:**********, Braun Pub (restoran)) 445,69 manat məbləğində mallar təqdim edilmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən cavabdehə 445,69 manat məbləğinə dair xx.xx.2024-cü il tarixli EBEA seriyalı 572337 nörməli elektron qaimə təqdim edilmiş və həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı MMC-yə faktiki olaraq 445,69 manat (dörd yüz qırx beş manat altmış doqquz qəpik) əsas borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə, o cümlədən sonuncu dəfə xx.xx.2024cü il tarixdə Cavabdeh pretenziya məktubu göndərilmiş, lakin cavabdeh göndərilmiş pretenziya məktubuna heç bir münasibət bildirməmişdir. Cavabdehlə bağlanmış 08 yanvar 2024-cü il tarixli, 07-İ/24 nömrəli müqavilənin 2.4-cü maddəsinə əsasən alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% (sıfır tam onda beş) faiz həcmində penya ödəyir. Qeyd edilmişdir ki, cavabdeh xx.xx.2024cü il tarixli elektron qaimə təqdim edildikdən sonra 214 gün (xx.xx.2024-cü il tarixədək) müddətində ödənişi gecikdirdiyindən ona hesablanmış dəbbə pulu məbləği 476,88 (dörd yüz yetmiş altı manat səksən səkkiz qəpik) manat təşkil edir. Müqavilənin 2.5-ci bəndinə əsasən razılaşdırılmış dəbbə pulu hazırda məhkəmə qaydasında cavabdehdən tələb edilir. Yuxarıda qeyd olunan qaimə üzrə əsas borc və dəbbə pulu nəzərə alınaraq, hazırda Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 922,57 manat (doqquz yüz iyirmi iki manat əlli yeddi qəpik) borcu vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 448.1, 448.2, 449.1, 593.3-cü maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı MMC-nin xeyrinə 270 (iki yüz yetmiş) manat əsas borc, 476,88 manat (dörd yüz yetmiş altı manat səksən səkkiz qəpik) dəbbə pulu, ümumilikdə 922,57 manat (doqquz yüz iyirmi iki manat əlli yeddi qəpik) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İş materiallarından görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində X3 arasında xx.xx.2024-cü il tarixli, 07-İ/24 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqaviləyə əsasən tərəflərin müqaviləni təsdiqlədiyi andan etibarən, satıcı rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları alıcının sifarişlərinə əsasən qaimə-faktura, təhviltəslim aktı və elektron-qaimə əsasında alıcıya satmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci maddəsinə əsaslanaraq alıcıya təhvil veriləcək malların satış şərtləri müvafiq əlavələr ilə müəyyən edilir. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən bütün hesablaşmalar Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan manatı ilə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödənilməlidir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5%-i həcmində peniya ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən satıcı tərəfindən təchiz olunacaq malların satış şərtləri alıcı ilə razılaşdırılır və müqavilənin müvafiq əlavələri ilə müəyyən edilir. Həmin müqavilənin 4.1.1ci maddəsinə əsasən satıcının alıcı ilə öncədən razılaşdıraraq, satış şərtləri çərçivəsində sifariş olunmuş malları öncədən təyin olunmuş müddətlərdə alıcıya təhvil vermək və ya xidmətləri həyata keçirmək vəzifəsi vardır. Həmin müqavilənin 4.1.12-ci maddəsinə əsasən müqavilənin 2.4-cü maddəsində nəzərdə tutulan ödənişləri etmək alıcının vəzifəsidir.

7. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 572337 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən X2 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 445,69 manat təşkil edir.

8. xx.xx.2024-cü il tarixli, O104-6940 nömrəli satış fakturanın məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 445,68 manat olan mal satılmışdır.

9. İddiaçı MMC tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, mövcud borcun 5 (beş) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, bu zaman sadəcə mövcud borcun deyil, həm də mənəvi ziyan, əldən çıxmış fayda və məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçı tərəfindən ödəniləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

13. İddia tələbinin bir hissəsini cavabdeh X1 xx.xx.2024-cü il tarixli, 07-İ/24 nömrəli alğı-satqı müqaviləsi üzrə 270 manat əsas borcun tutulması təşkil edir.

14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 270 (iki yüz yetmiş) məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

15. İddiaçı həmçinin cavabdehdən 476,88 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

16. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

17. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 15 (on beş manat) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

18. Eləcə də, iddiaçı 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

19. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən 11,40 manat (on bir manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 270 (iki yüz yetmiş) əsas borc, 15 (on beş manat) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,40 manat (on bir manat qırx qəpik) olmaqla, cəmi 296,4 manat (iki yüz doxsan altı manat qırx qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar