Məhkəmə qərarları › İş №e-2-2(113)-1297/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1297/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1297/2021 08.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 28.07.2020-ci il tarixli, SSA/020/07002 nömrəli “İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatı”nın hazırlanması üzrə Müqavilə üzrə görülmüş işlərin tam dəyərinin, yəni 5400 (beş min dörd yüz) manat müqavilə ödənişinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxx“xxxx” MMC arasında 28.07.2020-ci il tarixli, SSA/020/07002 nömrəli “İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatı”nın hazırlanması üzrə dəyəri 5400 manat olan müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı adlı proqram təminatı xəstəxananın gündəlik fəaliyyəti üçün, yəni müştərinin (pasiyentin) qəbulundan, onun qeydiyyatından başlayaraq, klinikada müvafiq həkimin qəbuluna göndərilməsi, həkim müayinəsinin nəticəsi və rəsmiləşdirilməsi, edilən ödənişlərin məbləği və s. digər məqamlar öz əksini tapırdı. Bütün bu modullar detallı şəkildə razılaşdırılandan sonra iddiaçının əməkdaşı yay aylarında sərt karantin dövründə (şənbə və bazar günləri ictimai nəqliyyatın işləmədiyi günləri taksi ilə səfərlər daxil olmaqla) 1 aya yaxın müddətdə cavabdehin ünvanında olmaqla bu proqram təminatını hazırlamış və cavabdeh tərəfin əməkdaşlarına dəfələrlə proqramla işləməklə bağlı təlimlər vermişdir. Proqram təminatı ilkin razılaşdırılmış kriteriyalar üzrə tam yekunlaşmış, iddiaçı öz öhdəliklərini tam icra etmiş və cavabdeh 12.08.2020-ci il tarixindən etibarən proqram təminatından tam istifadəyə başlamışdır. İşlərin təhvil verilməsinin bariz sübutu odur ki, proqram təminatı müvafiq “Cloud (bulud)” sistemində yerləşdirilib və bütün məlumat bazası həmin bulud sistemində sinxronizasiya edilmişdir. Həmin proqram cavabdeh tərəfindən 12.08.2020-ci il tarixdən 06.10.2020-ci il tarixə qədər tam və məhdudiyyətsiz istifadə edilmişdir. Proqram təminatı cavabdehin öz istəyinə uyğun olaraq müəyyən səbəblərdən ötrü (serverdəki məlumatların nəzarət və tənzimləmə qurumlarının və digər qurumların əlinə keçməməsi üçün) ölkə xaricindəki serverlərin birində olan “Cloud (bulud)” sistemində yerləşdirilməsini təkid etmişdir. İddiaçı tərəf də həmin proqram təminatını Almaniya Federativ Respublikasının Frankfurt şəhərində yerləşən serverdə yerləşdirmişdir. Bütün məlumatlar da həmin Cloud (bulud) sistemində bu günə qədər mövcuddur. Proqram təminatının təhvil alınmasından sonra 24.09.2020-ci il tarixli görüşləri zamanı cavabdeh proqramda mövcud olan 2 məsələdən, yəni USM həkimi reportlarının proqrama daxil edilməsi prosesinin uzun olmasından və yekun hesabatın özü istədiyi kimi olmamağından şikayət etdi (cavabdeh yekun hesabat formasının yeni halını nəzərə almalarını və bunu proqram təminatına daxil etmələrini xahiş etdi). Bu məsələlərdən biri yerində həll edildi, digər texniki məsələnin isə 01 oktyabra qədər həll edəcəklərini bildirdilər. Lakin Vətən müharibəsi başladıqdan bir müddət sonra məhdudiyyətlərə görə bir çox müştəriləri local (yerli) serverə keçid edərək, fəaliyyətinə davam etdilər. Biz də cavabdehlə bu təcrübəni paylaşaraq, istədikləri halda müharibə bitənədək hər hansı klinikadaxili kompüterə verilən bazanı köçürərək daxili server sistemi ilə işə davam edə biləcəyini bildirdilər. Cavabdeh açıq şəkildə bizim proqram təminatını “cloud” sistemində işlədiyi üçün seçdiyini və lokalda server qurmaq istəmədiyini bildirdi. Onların bununla bağlı hələlik bir hərəkət edə bilməyəcəklərini və bunun bütün ölkə üçün keçərli olduğunu bildirdikdə, onlardan imtina edəcəyini bildirdi. Daha sonra onlar müqaviləyə görə forsmajor hal olduğunu, bunun imtina səbəbi ola bilməyəcəyini cavabdehə bildirdikdə isə məhz 01 oktyabra təhvil verməli olduqları yekun hesabatın həll olmadığını dilə gətirdi. Cavabdeh bunu bəhanə bilərək ödəniş etməkdən yayındı. Dəfələrlə aparılan şifahi danışıqlarından sonra isə cavabdeh tərəfindən bildirilmişdir ki, həmin proqram təminatından istifadə edilməyəcək, ondan birtərəfli imtina edilir və həmin proqram təminatı üçün heç bir ödəniş edilməyəcək. Cavabdehin məhz bu kimi məsuliyyətsizliyinə görə müvafiq təhvil-təslim aktı imzalanmamışdır. Müqaviləyə əsasən 2020-ci ilin sentyabr ayından başlayaraq hər ay 450 manat olmaqla 12 ay ərzində ümumilikdə 5400 manat ödənilməli idi. Lakin həmin proqram təminatını xxxx MMC-nin tam təhvil almasına və 05.10.2020-ci ilə qədər heç bir məhduduyyət olmadan istifadə etməsinə baxmayaraq, bizə heç bir ödəniş edilməmişdir. Hazırda cavabdeh müqavilədən faktiki olaraq birtərəfli imtina etməklə iddiaçı tərəfindən görülən işə görə heç bir ödəniş etmir, cavabdehin əsassız imtinası iddiaçıya böyük miqdarda ziyan vurmuşdur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək göstərdi ki, Tərəflər arasında təhvil-təslim aktı yoxdur. iddiaçı tərəfindən təqdim edilmiş proqram təminatındakı on moduldan ikisində problemlər olmuşdur. Qeyd olunan problemlər iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Problemlərdən biri laboratoriya ilə bağlı olmuşdur. İnteqrasiya problemi olmuşdur. Proqram təminatı test rejimində çalışmışdır. Sonradan iddiaçı proqrama giriş dayandırmışdır. Proqram təminatı tam təhvil verilməyib. İddiaçının əməkdaşlarının müəyyən xərclər çəkərək, əmək sərf etdiyini başa düşürlər. Ona görə də onun qarşılığı olaraq bir aylıq ödənişi təşkil edən 450 manat məbləğində pulun iddiaçıya ödənilməsinə etiraz etmirlər. 16.04.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, İddiaçındə marketinq hərəkətləri ilə bağlı işlər görür. Əmirxan Səlimovla görüşdükdən sonra müqavilə tərtib olunaraq imzalanmışdır. Bundan sonra işin texniki tərəfləri həll edilməyə başlamışdır. Ə.Səlimovun proqram təminatı ilə bağlı xüsusi istəkləri var idi. Həmin istəklərlə bağlı anlaşılmazlıq yarandı. Bundan sonra tərəflər arasında görüş keçirilərək razılaşma əldə olundu. Lakin müharibə başladığı və ölkədə internetlə bağlı məhdudiyyətlərin tətbiq edildiyi üçün Əmirxan Səlimovun xüsusi istəkləri icra oluna bilmədi. 29.04.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Cavabdeh tibb mərkəzinin rəhbəridir. İddiaçı ilə proqram təminatı ilə bağlı razılaşma əldə olunmuşdu. Ən qısa zamanda proqram təminatının hazır olacağını bildirdilər. İlkin olaraq proqram tibb mərkəzinin qeydiyyat şöbəsində quraşdırıldı. Orada bəzi problemlərlə üzləşdilər. Daha sonra lobaratoriyada quraşdırıldıqda da həmin hissədə müəyyən nasazlıqlarla qarşılaşdılar. Bundan sonra tərəflər arasında görüş təyin edildi. Görüş zamanı bildirdilər ki, qısa müddətdə nasazlıqlar aradan qaldırılacaq. Bundan sonra müharibə başladı. Proqram təminatının işləməsi üçün “VPN” proqramı yazdılar. Lakin yenə işləmədi. Süleymanov Musaya bu barədə iradını bildirdi. O isə artıq Cavabdeh onun müştərisi olmadığını bildirərək ona zəng etməməyini xahiş etdi, daha sonra Cavabdehnə pretenziya məktubu göndərildi. Həmçinin cavabdeh tərəfindən proqram təminatına iddiaçı tərəfindən giriş bağlanıldı. Proqram təminatı bir neçə gün test rejimində işləmiş oldu. Bir neçə dəfə də cavabdehin əməkdaşları Cavabdeh tibb mərkəzinə gələrək proqram təminatının yazılması və düzəlişlərin edilməsi ilə bağlı fəaliyyət göstərdilər. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 28.07.2020-ci il tarixdə SSA/020/07002 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının “Cavabdeh tibb mərkəzi” üçün İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatını satır, alıcı isə bu proqram təminatı üçün satıcıya 5400 manat məbləğində pul vəsaitini 12 ay ərzində ödənilməsini öz öhdəsinə götürür. Proqram təminatına daxil olan İddiaçı modulları: 1) qeydiyyat, 2) kassa, 3) personalın idarə edilməsi, 4) komissiyon mükafatlar, 5) nəticələr, 6) xidmətlərin idarə edilməsi, 7) mühasibatlıq, 8) sığorta, 9) laboratoriya – inteqrasiyasız, 10) radiologiya təşkil edir. Həmin Müqavilənin 1.1.1-ci maddəsində və 1.2.1-ci maddəsində satıcı siyahı üzrə bütün modulları alıcıya 15.08.2020ci il tarixdə təhvil verir. Həmin Müqavilənin 1.1.4-cü maddəsində və 1.2.4-cü maddəsində satıcı satış məbləğini 12 ay (sentyabr 2020 – avqust 2021) hər ay 450 manat olmaq üzrə alıcıdan qəbul edir. Həmin Müqavilənin 2.5-ci maddəsində satıcının fəaliyyətində aşkar edilə biləcək nöqsanları alıcı yalnız yazılı qaydada qarşı tərəfə bildirməlidir. Eləcə də alıcının fəaliyyətində aşkar edilə biləcək nöqsanları satıcı yalnız yazılı qaydada qarşı tərəfə bildirməlidir. Həmin Müqavilənin 5-ci maddəsində fors-major dedikdə çox ciddi iqtisadi böhran, yanğın, partlayış, su basma, zəlzələ və başqa gözlənilməz təbii fəlakətlər və buna oxşar hallar başa düşülür. Fors-major şəraiti 6 (altı) aydan çox uzanarsa tərəflər müqavilənin davam etdirilməsi üzrə danışıqlar aparıb qərara gəlir. - İddiaçı MMC tərəfindən 13.10.2020-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Pretenziya məktubuna cavab məktubunda qeyd olunur ki, "Cavabdeh"xxxx"İddiaçı MMC" arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər tərəfinizdən vəd olunan vaxtda və formada təhvil verilə bilmədiyi üçün tərəfimizdən sizin əməkdaşlara dəfələrlə xəbərdarlıq edilərək, görülən işlər ən qısa vaxt ərzində tamamlanmazsa, xidmətinizdən imtina edəcəyimizi bildirmişik. Proqram təminatının hazırlanması ilə bağlı öhədliklərinizin tam və fasiləsiz yerinə yetirilməsinə dair iddianız isə tamamilə iftiradan ibarətdir. Qeyd etdiyinizin tam əksi olaraq proqram təminatının təhvil verilməsində sıxıntılar yarandığı üçün şirkətinizin direktoru Musa bəyin son görüşümüzdə aldığı vaxtda belə müqavilə öhdəlikərinizi yerinə yetirmədiyiniz üçün proqram təminatından imtina edəcəyimizi şirkətiniin əməkdaşına şifahi olaraq bildirmişik. Cavab olaraq isə müqavilədə əks olunan proqram təminatının satışı ilə bağlı işlərin dayandırıldığı və bizim sizin müştəriləriniz siyahısından çıxarılmamız ilə bağlı şirkətinizin direktoru Musa bəy heç bir koroporativ etikaya riayət etmədən göndərdiyi mesajla sizin tərəfinizdən birtərəfli sonlandırılmış və bununla bağlı bizə heç bir rəsmi məktub göndərilməmişdir, iddia etdiyiniz kimi proqram təminatının fasiləsiz və heç bir məhdudiyyət olmadan çalışmasına dair yalan bilginizə qarşı şirkətinizin bu işdə məsul şəxsləri ilə yazışmalarımız və telefon danışıqlarına dair qeydlərimiz mövcuddur. Proqram təminatı üzrə ödənişlərin proqram tam təhvil verildikdən sonra başlanılacağına dair sizin satış üzrə əməkdaşınıza və şirkətinizin direktoruna məlumat verilmiş və bu barədə qarşılıqlı razılıq olmuşdur. Proqram təminatının alınmasında imtina ilə bağlı tərəfimizdən heç bir rəsmi müraciət olmamışdır. Proqram təminatı ilə bağlı rəsmi texniki tapşırıq razılaşdırılaraq, texniki tapşırığın icrasına dair rəsmi öhdəlik götürdüyünüz təqdirdə müqavilə üzrə bizim üzərimizə düşən öhədlikləri yerinə yetirməyə ilk gündə olduğu kimi yenə də razıyıq. Məhsul tam təhvil verildikdən sonra müqavilədə qeyd edilmiş ödəniş cədvəli üzrə ödənişləri həyata keçirəcəyik. Qeyd edilənləri əsas gətirərək, məktubda qeyd etdiyiniz məbləği, ortada olmayan bir məhsula görə ödəməkdən imtina edirik. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbini cavabdehlə bağlanmış 28.07.2020-ci il tarixli, SSA/020/07002 nömrəli “İddiaçı adlı xəstəxana informasiya sistemi proqram təminatı”nın hazırlanması üzrə Müqavilə üzrə görülmüş işlərin tam dəyərinin, yəni 5400 (beş min dörd yüz) manat müqavilə ödənişinin ödənilməsi təşkil edir. Göründüyü kimi, iddiaçı cavabdehin 28.07.2020-ci il tarixli, SSA/020/07002 nömrəli müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyinin icra olunması tələbini irəli sürübdür. Məhkəmə araşdırması zamanı həmin müqaviləyə münasibətdə aşağıdakılar müəyyən olundu:

1. Müqavilənin “tərəflər haqqında məlumat” hissəsində qeyd olunur ki, bu müqavilə bir tərəfdən: “xxxx” MMC-nin direktoru X2 - alıcı, digər tərəfdən: İddiaçı MMC-nin direktoru X3 -satıcı şəxsində hazırkı müqaviləni bağlayırlar. Müqavilənin 6-cı bəndində (tərəflərin ünvanları) “xxxx” MMC sifarişçi, İddiaçı MMC icraçı olaraq qeyd olunur. VÖEN nömrəsi “xxxx” MMC-yə məxsusdur. Həmin bənddə “təsdiq edirəm” hissəsində imzalayan şəxs olaraq X2 (“xxxx” MMC-nin direktoru qismində) qeyd olunur və möhür “xxxx” Tibb Mərkəzinə məxsusdur. Halbuki müqavilədə tərəflər olaraq “xxxx” MMC və İddiaçı MMC qeyd olunur. Həmin hissə ilə bağlı müəyyən olundu ki, Ə.Səlimov “xxxx” MMC-nin deyil, “xxxx” Tibb Mərkəzinin direktorudur. “xxxx” MMC-nin direktoru V.Səliimovadır. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, Ə.Səlimov V.Səliimovanın oğludur, göstərilən proqram təminatı tibb mərkəzi üçün nəzərdə tutulmuşdu. Həmin mərkəz də MMC-yə bağlı qurumdur. Ə.Səlimovun MMC-nin adından müqavilə bağlamaq səlahiyyəti olmasa da, onlar həmin müqaviləni bəyənirlər, aralarında həmin müqavilənin, müqavilə öhdəliklərinin olmasını təsdiq edirlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında mübahisəli müqavilənin bağlanmasını və həmin müqavilə üzrə tərəflərin öz üzərlərinə müvafiq öhdəliklər götürməsini qəbul edir.

2. Müqavilə “Satış haqqında” müqavilə adlanır və müqavilədə deyilir ki, qarşılıqlı razılaşdırmaya əsasən satıcı alıcıın “xxxx tibb mərkəzi” üçün İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatını satır. Satış paketinə Qeydiyyat, Kassa, Personalın idarə edilməsi, Komissiyon mükafatlar, Nəticələr (statistika), Xidmətlərin idarə edilməsi, Mühasibatlıq, Sığorta, Laboratoriya - İnteqrasiyasız (Barkodlu sistem, qanalma, çeşitləmə, kefiyyətə nəzarət funksiyalarla, cavabların resepşn-email-saytdan əldə edilməsi), Radiologiya modulları (10 modul) daxildir. Satıcı bu modulların normativlərə uyğun olaraq quraşdırılmasını təmin edir. Modullar üzrə normativ və standartlar satıcı tərəfindən təqdim edilmiş və alıcı tərəfindən qəbul verilmişdir. Məhkəmənin qənaətinə əsasən müqavilə satış haqqında Müqavilə adlansa da, tərəflər arasında podrat müqavilə hüquq münasibətləri mövcud olmuş və tərəflər üz üzərlərinə həmin münasibətlərdən irəli gələn öhdəliklər götürmüşlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Cavabdehin etirazının əsaslarından biri ondan ibarətdir ki, tərəflər arasında təhviltəslim aktı yoxdur, ona görə də iş təhvil verilməmiş sayılmalıdır. Lakin Müqavilənin 1.1.1-ci bəndinə əsasən bu müqavilənin predmetinə uyğun olaraq siyahı üzrə bütün modulları alıcıya 15.08.2020 tarixində təhvil verir. Təhvil verilməyə: - alıcının məsul şəxs və ya şəxslərinə proqramın tam işlək olduğunu təqdim etmək - alıcının məsul şəxs və ya şəxsləri ilə birlikdə test etmək - alıcının test etməsi üçün 1 (bir) ay müddət möhlət verilmək daxildir. Proqramın test rejimində işləməsini tərəflər mübahisələndirməmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, işlər görülüb, 10 moduldan 8-ində heş bir problem olmayıb, yalnız ikisində, qeydiyyat və laboratoriya modulunda müəyyən problemlər olmuşdur. Tərəflər aralarında olan razılaşmaya görə birbirinin fəaliyyətində aşkar edilə biləcək nöqsanları yalnız yazılı qaydada qarşı tərəfə bildirmək barədə öhdəlik götürsələr də, bu qaydaya əməl etməmişlər. Lakin cavabdehi qane etməyən müəyyən problemlər olmuş, bu barədə iddiaçıya bildirilmişdir. İddiaçının nümayəndəsi verdiyi izahatda bildirmişdir ki, Vətən müharibəsi başladıqdan bir müddət sonra məhdudiyyətlərə görə bir çox müştərilərinin local (yerli) serverə keçid edərək, fəaliyyətinə davam etmişdilər, cavabdehlə bu təcrübəni paylaşaraq, istədikləri halda müharibə bitənədək hər hansı klinikadaxili kompüterə verilən bazanı köçürərək daxili server sistemi ilə işə davam edə biləcəyini bildirdikdə cavabdeh açıq şəkildə bizim proqram təminatını “cloud” sistemində işlədiyi üçün seçdiyini və lokalda server qurmaq istəmədiyini bildirdi. İddiaçı tərəfdən bununla bağlı hələlik bir hərəkət edə bilməyəcəklərini və bunun bütün ölkə üçün keçərli olduğunu bildirdikdə isə cavabdeh onlardan imtina edəcəyini bildirdi. 2020-ci ilin oktyabrın 6-da iddiaçının nümayəndəsinə ünvanlanan yazıda (Whatsup) yekun qərarın müqavilənin ləğv edilməsi olduğu bildirilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Vətən müharibəsi başladıqdan sonra 2020-ci ilin sentyabr ayının sonlarından etibarən ölkə üzrə internetin verilişində məhdudiyyətlərin tətbiqi olunması hamıya bəlli olan faktdır və bunun sübuta ehtiyacı yoxdur. Yəni cavabdehin proqram təminatını “cloud” sistemində işlədiyi üçün seçdiyini qeyd edərək, həmin vaxt həmin sistem bəlli olan səbəblərdən işləmədiyi üçün iddiaçı ilə aralarında olan münasibətlərə xitam verdiyini bildirməkdə və öhdəliklərinin icrasından, iddiaçının əməyinin qarşılığı olaraq ona müvafiq ödənişlərin edilməsindən imtina etməkdə haqlı olmamaşdır. Lakin məhkəmənin qənaətinə əsasən iddiaçı da cavabdehin proqrama girişini dayandırmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Məhkəmənin qənaətinə əsasən proqram təminatının təhvil verilməsi ilə bağlı müqavilə müddəaları həyata keçirilsə də, şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməmişdir. İddiaçı cavabdehin müqavilə üzrə tələblərinə, istəklərinə etinasız yanaşmışdır. İddiaçı razılaşmada nəzərdə tutulan modulları təqdim etsə də, həmin modulların ikisi üzrə cavabdehi qane etməyən müəyyən məqamlar olmuşdur. Onlardan biri üzrə məsələ həllini tapmış, lakin digəri üzrə cavabdehin həmin modulla bağlı istəkləri icra olunmamışdır. İddiaçı bunu müharibə zamanı bütün müştərilərdə daxili serverə keçməklə bağlı problemlərlə bağlı müştərilərin əlavə istəklərinin icrasına vaxt ayıra bilmədikləri ilə izah etmişdir. Sonradan cavabdeh tərəf müqaviləyə xitam verdiklərini bəyan etmiş və iddiaçının gördüyü işə görə heç bir vəsait ödəməmişdir. Daha sonra iddiaçı birtərəfli qaydada proqrama girişi dayandırmış və cavabdeh həmin proqram təminatından istifadə edə bilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işin halları nəzərə alınmaqla, şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilmədiyindən, cavabdehdən iddiaçının xeyrinə 2700 manat məbləğində (5400 manat məbləğin yarısı) pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə tələb olmadığından, həmin rüsum iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən 2700 (iki min yeddi yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar