Məhkəmə qərarları › İş №e-2-2(113)-1297/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1297/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1297/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı cavabdehdən 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 aprel 2022-ci il tarixə 573.81 manat gecikdirilmiş əsas, 171.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 316.93 manat dəbbə pulu, 795 manat dəymiş zərər, ümumilikdə 1856.75 manat borc və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat rüsum məbləği tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 aprel 2022-ci il tarixə 573.81 manat gecikdirilmiş əsas, 171.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 316.93 manat dəbbə pulu, 795 manat dəymiş zərər, ümumilikdə 1856.75 manat borc və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat rüsum məbləği tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı “X5”nə əsasən cavabdehin sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632759 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X5”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən cavabdeh illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395.89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17352 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 aprel 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 795 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 16 fevral 2022-ci il tarixdə 410 manat məbləğində olmuşdur. Eyni zamanda cavabdehin 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 aprel 2022-ci il tarixə 573.81 manat gecikdirilmiş əsas, 171.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 316.93 manat dəbbə pulu, ümumilikdə 1061.75 manat gecikmə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında borcu etiraf edərək, izahatında bildirdi ki, imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Maşın iddiaçıdadı, iddiaçı özü maşını satıb, pul qazanacaqdır. Müqavilə ilə öhdəlik götürmüşdür, amma ödəməyə imkanı yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı X1 görünür ki, iddiaçı cavabdehin sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632759 ban nömrəli, ağ rəngli avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə bu Milquvilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632759 ban nömrəli, ağ rəngli avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli 414 saylı Arayışdan görünür ki, 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı X4 əsasən xx.xx.2022-ci il tarixə gecikdirilmiş 573,81 manat əsas borc, 171,01 manat mükafat borcu, 316,93 manat cərimə, cəmi 1061,75 manat lizinq borcu mövcuddur. xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 795 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı X5 bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632759 ban nömrəli, ağ rəngli avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə bu Milquvilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobil xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də lizinq müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları lizinq obyektini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş lizinq obyektinə görə lizinqverən qarşısında lizinq obyektinin dəyərini ödəməyi öhdəliyi daşıyır. İddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan daxili maliyyə lizinqi müqaviləsinə istinad edir. İş materiallarında olan sənədlərlə cavabdehin 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı X4 əsasən yaranmış 573,81 manat əsas borc, 171,01 manat mükafat borcu müəyyən olunur. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən Lizinq verənə ödənilir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 20 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin dəymiş zərərin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı X2 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Göründüyü kimi cavabdeh X4 əsasən lizinq obyektini saz vəziyyətdə saxlamağı və lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi öhdəliyinə götürmüşdür. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən lizinq obyekti saz vəziyyətdə saxlanılmamış və nəticədə mülkiyyətçiyə 795 manat ziyan dəymişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı avtomobilə dəymiş ziyanı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 60 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 38,57 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 84 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 53,83 manat (60 manat (mediasiya xərci) – 6,17 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 53,83 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17 oktyabr 2020-ci il tarixli MAS- 2910 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 573.81 manat gecikdirilmiş əsas, 171.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, 795 manat dəymiş zərər və mediasiya xərcinə görə 53,83 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 oktyabr 2020-ci il tarixli MAS-2910 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 573.81 manat gecikdirilmiş əsas, 171.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, 795 manat dəymiş zərər və mediasiya xərcinə görə 53,83 manat tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar