Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1299/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 327,79 manat əsas borc, 143,86 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, MS-427 saylı alqısatqı Müqaviləsinə əsasən İddiaçı MMC-nin (Satıcı) istehsal etdiyi dondurma məhsullarını Cavabdeh (Alıcıya) satmağı, Alıcı isə öz növbəsində həmin Malları qəbul etməyi və Müqavilənin şərtlrinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri yaranan andan etibarən ümumi olaraq 327,79 manat (ƏDV daxil) dəyərində mal satılmışdır. Cavabdehə kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq 327,79 manat (üç yüz iyirmi yeddi manat yetmiş doqquz qəpik) məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 2.2.-ci bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəfimizdən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və cavabdehin müəssisəmizə olan borcunun məbləği 327,79 manat təşkil edir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən ödəniş müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,3%-i qədər, gecikmə müddəti 30 (otuz) gündən artıq olduğu təqdirdə, hər gecikmə gününə görə Alıcı müvafiq hesab-faktura əsasında ödənilməyən məbləğin 0,5%-i qədər cərimə nəzərdə tutulmuşdur. 19 noyabr 2024-cü il tarixinə olan cərimənin məbləği 143,86 (bir yüz qırx üç manat səksən altı qəpik) manat təşkil edir. Beləliklə malların alqı-satqısına görə cavabdehin ümumi borcu – 471,65 (dörd yüz yetmiş bir manat altmış beş qəpik) manat təşkiledir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MS-427 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi dondurma məhsullarını alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və dəyərini nağd və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür.
5. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə satılan malların qiyməti, adları, miqdarı, çeşidi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilir.
6. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar AZN ilə, nağdsız hesablaşmalar qaydasında satıcının bank hesabına köçürülməklə həyata keçirilir.
7. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı ödəniş müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,3%-i qədər, gecikmə müddəti 30 (otuz) gündən artıq olduğu təqdirdə, hər gecikmə gününə görə müvafiq hesab-faktura əsasında ödənilməyən məbləğin 0,5%-i qədər cərimə ödəməlidir.
8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcu 327,79 manat əsas borc, 143,86 manat cərimə borcu olmaqla cəmi 471,65 manat təşkil edir.
9. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 663387 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 103,12 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 302,29 manat təşkil etmişdir.
10. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 663255 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 199,17 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 302,29 manat təşkil etmişdir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 667740 nömrəli elektron qaimə fakturaya əsasən ƏDV daxil 25,50 manat məbləğində mal təhvil verildikdən sonra cavabdehin borcu 327,79 manat təşkil etmişdir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2407 10858039 nömrəli 199,17 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 10858046 nömrəli 103,12 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 11062411 nömrəli 25,50 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
13. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MS-427 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 327,79 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 327,79 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MS-427 saylı müqavilənin 6.2-ci bəndinə əsasən hesablanmış 143,86 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 15 manat məbləğində müəyyən edilməlidir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 327,79 manat əsas borc və 15 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 25 manat dövlət rüsumu cavabdehə, 5 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
IV. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 327,79 manat əsas borc, 15 manat dəbbə pulu, 25 manat dövlət rüsumu, ümumilikdə 367,79 (üç yüz altmış yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5 (beş) manat dövlət rüsumu iddiaçı "xxxx" MMCnin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova