Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1300/2022 31.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən göstərilən xidmətin haqqı olaraq 1500 manat, xidmət haqqının gecikdirilməsinə görə 697,5 manat penya, 60 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 2257,5 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ilkin olaraq şifahi razılaşmaya əsasən 2018-2021-ci illərdə cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə təqdim olunmuş 32 sayda X2 Bəyannaməsinin iddiaçı tərəfindən təkrar yoxlanılması və dəqiqləşdirilmiş bəyannamələrin hazırlanması xidmətinin göstərilməsini 24 sentyabr 2021-ci il tarixində razılaşdırmışdır. İşlərin təhvil verilmə müddətini minimal olaraq 4 gün, xidmət haqqı 1500 manat olaraq müəyyən edilmişdir. 02 oktyabr 2021-ci il tarixdə bütün bəyannamələri, eyni zamanda daha əvvəl təqdim olunmuş bəyannamələrlə müqayisəli cədvəli hazırlayaraq cavabdehə məxsus ofisdə onların nümayəndələrinə təqdim edilmişdir. Onlara təqdim edilmiş hesabatlar aidiyyatı üzrə DVX-nə təqdim olumuşdur. Təqdim olunan hesabatlarda yaranan suallara növbəti gün ərzində cavab verilmişdir. 05 oktyabr 2021-ci il tarixində elektron mail vasitəsilə cavabdehin mühasibinin korporativ mail ünvanına (Elektron ünvan ) görülmüş işlər barədə akt, elektron qaimə və müqavilə göndərilmişdir. 15 oktyabr 2021-ci il tarixinə kimi ödəniş olmadığına görə cavabdehin mühasibi ilə whatsapp üzərindən əlaqə saxlayaraq ödənişin statusu və müqavilənin təsdiq olunaraq iddiaçıya geri göndərilməsi barədə məlumat vermilməsi xahiş edilmişdir. Cavabında cavabdehin mühasibi bizə "rəhbər müqavilənin hüquqi şəxslə (təsisçisi və direktoru olduğum "xxxx" MMC) bağlanılmasına razı olmadığını, müqaviləni fiziki şəxslə bağlayaraq ödəniş edəcəyini" bildirmişdir. Elə həmin gün müqavilə bağlanılması üçün fərdi sahibkar olaraq iddiaçının təsisçisi rekvizitlərini cavabdehə göndərmişdir. Lakin, təəssüf ki, bu dəfə də ödəniş olunmamışdır. 21 oktyabr 2021-ci il tarixində cavabdehin mühasibi iddiaçı tərəfindən hazırlanmış hesabatlarda uyğunsuzluq olduğunu, bu səbəbdən ödənişi hələ ki, həyata keçirə bilməyəcəklərini bildirmişdir. Müxtəlif bəhanələrlə ödəniş gecikdirilmiş, nəticə olaraq bu günə kimi nə müqavilə bağlanılmış, nə də ödəniş həyata keçirilmişdir. Bütün bunlar iddiaçıda qəti əminlik yaratmışdır ki, cavadeh ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Razılaşmaya əsasən müqavilənin təsdiq olunaraq iddiaçıya göndərilməsi və görülən işlər üzrə xidmət haqqının ödənilməsi tələbi ilə 10 noyabr 2021-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, lakin üzərindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq tələbimiz təmin olunmamış, cavadeh tərəfindən müraciətimizə hər hansı cavab verilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, həm müqavilə, həm də akt yazılı qaydada tərtib olunaraq imzalanması üçün "xxxx" MMC-yə göndərilsə də, imzalanmamışdır. "xxxx" MMC-yə əvvəlcə elektron qaimə göndərilsə də, onların xahişi ilə elektron qaimə də ləğv olunmuşdur. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdehin nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruri olsa da, müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Təqdim olunmuş sənədlərdə qiymət razılaşdırma protokolu və elektron qaiməyə rast gəlinsə də, işlərin yerinə yetirilməsini təsdiq edən əsas sənədə, imzalanmış təhvil-qəbul aktına rast gəlinmir. İddiaçı məhkəməyə sübut qismində özü tərəfindən imzalanmış müqaviləni təqdim etməklə cavabdehin onun qarşısında öhdəlik daşıdığını bildirir. Halbuki, müqavilə yalnız qarşılıqlı iradə ifadəsi əsasında formalaşdıqda hüquqi qüvvəyə malik olur. Cavabdeh "xxxx" MMC-nin müqavilə iradə ifadəsi əks olunmadığı, yəni müqavilə cavabdeh tərəfindən imzalanıb hər hansı formada təsdiqlənmədiyi üçün tərəflər arasında kommersiya mübahisəsi mövcud deyildir. Belə ki, hazırki iş üzrə tərəf qismində İddiaçı MMC çıxış etsə də, "xxxx" MMC-lə heç bir müqavilə bağlanmamışdır. İş materiallarında olan: - 27 sentyabr 2021-ci il tarixli 13/21 nömrəli, yalnız EBA Konsaltinq” MMC tərəfindən imzalanmış və təsdiq olunmuş xidmət müqaviləsinə əsasən “Sifarişçi” –"xxxx" MMC tapşırır, “İcraçı” – İddiaçı MMC isə bu müqaviləyə Əlavə 1-də qeyd olunan işlərin görülməsini öz öhdəsinə götürür. “Sifarişçi” göstərilmiş xidmətlərin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. - 27 sentyabr 2021-ci il tarixli 13/21 nömrəli xidmət müqaviləsinə Əlavə 1-də qeyd olunmuşdur ki, ƏDV Bəyannamələrinin hazırlanması, daha əvvəl hazırlanmış olan bəyannamələrlə müqayisəli cədvəllərin hazırlanması (dekabr 2018 - iyul 2021 dövrü aralığı üçün 32 ədəd bəyannamə) xidmətinin dəyəri 1500 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 214737 saylı elektron qaiməyə əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə xidmətlərin göstərilməsinə görə 1500 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.3-cü maddəsinə əsasən həmin Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli 13/21 nömrəli xidmət müqaviləsindən görünür ki, müqavilə yalnız bir tərəfin - İddiaçı MMC-nin iradə ifadəsini özündə əks etdirir. Müqavilənin preambulasında sifarişçi - "xxxx" MMC-nin direktoru X1 ikinci tərəfdən müqavilə bağlanıldığı göstərilsə də, həmin müqavilənin 11-ci bəndində direktorun imzası, "xxxx" MMC möhürü əks olunmamışdır. Həmçinin, müqavilə bağlanmış olduğu halda da, 27 sentyabr 2021-ci il tarixli 13/21 nömrəli xidmət müqaviləsinin 4-cü bəndində işlərin təhvili və qəbulu qaydası nəzərdə tutulmuşdur. Müqavilə ilə işlər başa çatdırıldıqdan sonra müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin “Sifarişçi”yə təqdim edilməsi təhvil-qəbul aktı vasitəsi ilə həyata keçirilməsi, təhvil-qəbul aktını alan “Sifarişçi” ən çoxu işlər təhvil verildikdən sonrakı 10 gün müddətində yoxlama aktı ilə tanış olmalı və heç bir etirazı olmazsa, imza edib 1 nüsxəsini “İcraçı”ya qaytarmalıdır. Təhvil-qəbul aktının əsasında "Sifarişçi"yə e-qaimə və hesab faktura təqdim olunur. Lakin, iddiaçı tərəfindən məhkəməyə işlərin görülməsini təsdiq edən sənədlər - təhvil-qəbul aktı təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından və 1500 manat dəyərində işlərin təhvil verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim ollunmadığına görə iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1300/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1300/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver