Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1300/2025 03.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəymiş zərər) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən: - xx.xx.2022-ci il tarixli, C-088-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 6439 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1448 manat dəbbə pulu, “Changan F70” markalı, **-AF-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 4909,30 manat; - xx.xx.2023-cü il tarixli, C-072-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 6039 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1356 manat dəbbə pulu, “Changan F70” markalı, **-AU-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 4133,58 manat; - xx.xx.2023-cü il tarixli, C-073-AAE-23 nömrəli alqı-satqı müqaviləsi üzrə 6032 manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 6032 manat dəbbə pulu, “Changan F70” markalı, **-AU-*** d.q.n.-lı avtomobilə dəymiş zərərə görə 5690,58 manat pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 202,21 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1.00 manat komissiyanın, ümumilikdə 37.606,67 (otuz yeddi min altı yüz altı manat, 67 qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, C-088-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan F70” markalı (istehsal ili: 2022; VİN: LSCBBZ2G5NG702868); xx.xx.2023-cü il tarixli, C-072-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Changan F70” markalı (istehsal ili: 2023; VİN: LSCBBZ2G6NG703799); xx.xx.2023-cü il tarixli, C- 073-AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Changan F70” markalı (istehsal ili: 2023; VİN: LSCBBZ2G4NG703770) avtomobilləri cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətlərini həmin müqavilələrdə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrdə nəzərdə tutulmuş annuitet ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilələrin Şirkət tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, müqavilələr üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilələr birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktublar göndərilmişdir. “Changan F70” markalı, **-AF-*** d.q.n.-lı və “Changan F70” markalı, **-AU-*** d.q.n.-lı avtomobillər xx.xx.2024-cü il tarixində, “Changan F70” markalı, **-AU-*** d.q.n.-lı avtomobil isə xx.xx.2024-cü il tarixində iddiaçıya təhvil verilərək rəsmi servis mərkəzinə gətirilmişdir. Avtomobillər servis mərkəzinə gətirildikdən sonra avtomobillərə əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair aktlar tərtib olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İş materiallarından görünür ki, “Azərbaycan Avtomobil Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında avtomobil alqı-satqısı üzrə C-088- AAE-22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan F70, buraxılış ili 2022 olan (VİN:LSCBBZ2G5NG702868, Rəng Ağ) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 63.338 (altmış üç min üç yüz otuz səkkiz) Azərbaycan manatı müəyyən edilir. Alıcı 5.378 (beş min üç yüz yetmiş səkkiz) Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 57.960 (əlli yeddi min doqquz yüz altmış) Azərbaycan manatı məbləği isə alıcı xx.xx.2022 tarixindən etibarən 36 (otuz altı) ay müddətində, ayda 1.610 (bir min altı yüz on) Azərbaycan manatı ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.
11. C-088-AAE-22 nömrəli Müqaviləyə 01 saylı Əlavə ilə tərəflər avtomobilin texniki göstəriciləri, təhlükəsizlik sistemi, interyer, eksteryer, zəmanət barədə razılığa gəlmişlər.
12. “Azərbaycan Avtomobil Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında avtomobil alqı-satqısı üzrə C072-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.
13. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, moeli Changan F70, buraxılış ili 2023 olan (VİN:LSCBBZ2G6NG703799, Rəng tünd boz) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.
14. Müqavilənin 2.1-ci bəndinə əsasən 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 59.417 (əlli doqquz min dörd yüz on yeddi) Azərbaycan manatı müəyyən edilir. Alıcı 5.165 (beş min yüz altmış beş) Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 54.252 (əlli dörd min iki yüz əlli iki) Azərbaycan manatı məbləği isə alıcı xx.xx.2023 tarixindən etibarən 36 (otuz altı) ay müddətində, ayda 1.507 (bir min beş yüz yeddi) Azərbaycan manatı ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.
15. C-072-AAE-23 nömrəli Müqaviləyə 01 saylı Əlavə ilə tərəflər avtomobilin texniki göstəriciləri, təhlükəsizlik sistemi, interyer, eksteryer, zəmanət barədə razılığa gəlmişlər.
16. “Azərbaycan Avtomobil Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında avtomobil alqı-satqısı üzrə C073-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.
17. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, moeli Changan F70, buraxılış ili 2023 olan (VİN:LSCBBZ2G4NG703770, Rəng gümüşü) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.
18. Müqavilənin 2.1-ci bəndinə əsasən 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 59.417 (əlli doqquz min dörd yüz on yeddi) Azərbaycan manatı müəyyən edilir. Alıcı 5.165 (beş min yüz altmış beş) Azərbaycan manatı ilkin ödəniş edir. Qalıq borc sayılacaq 54.252 (əlli dörd min iki yüz əlli iki) Azərbaycan manatı məbləği isə alıcı xx.xx.2023 tarixindən etibarən 36 (otuz altı) ay müddətində, ayda 1.507 (bir min beş yüz yeddi) Azərbaycan manatı ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.
19. C-073-AAE-23 nömrəli Müqaviləyə 01 saylı Əlavə ilə tərəflər avtomobilin texniki göstəriciləri, təhlükəsizlik sistemi, interyer, eksteryer, zəmanət barədə razılığa gəlmişlər
20. Müqavilələr və ona Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
24. Ona görə də, ilk növbədə hazırkı mübahisənin həlli baxımından və tələbin hüquqi əsasın müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış olan müqavilələrin məzmunu təfsir edilməklə, bu müqavilələrin hansı müqaviləyə aid olması müəyyən edilməlidir.
25. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrə “avtomobil alqısatqısı üzrə” adı verilmişdir. Qeyd edilmiş müqavilələr hissə-hissə ödənilmək və müqavilələr üzrə qrafikə əsasən tam ödənişin həyata keçirildiyi vaxtadək “satıcı” "xxxx" MMC-nin mülkiyyətinin saxlanması şərti ilə bağlanmışdır.
26. Bu baxımdan Məhkəmə hesab edir ki, Mülki Məcəllənin aşağıdakıları normaları nəzərdən keçirilə bilər.
27. Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
28. Həmin Məcəllənin 567-ci maddəsinə əsaəsn alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, qeyd edilmiş müqavilələr zahirən nisyə alqı-satqı və ya mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt nəzərdə tutulmuş müqaviləyə bənzəyir.
31. Qeyd edilməlidir ki, əgər satıcı tərəfindən mülkiyyət hüququ alıcıya keçmiş olsa idi, qeyd edilmiş müqavilənin nisyə alqı-satqı müqaviləsi olmasına şübhə yaranmazdı, ancaq hazırda bu kimi hal mövcud deyildir.
32. Məhkəmə qeyd edir ki, qeyd edilmiş müqavilələr həmçinin lizinq müqaviləsinə də, bənzəyir. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, mülkiyyəti hüququ ilk “satıcı”da saxlanmış və ödənişlər üçün qrafik tərtib edilmişdir.
33. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
34. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
35. Ona görə də, lizinq, nisyə alqı-satqı və mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt nəzərdə tutulmuş alqı-satqı müqavilələrinin əsas xüsusiyyətləri qeyd edilməlidir.
36. Nisyə alqı-satqı müqaviləsinin əsas xüsusiyyətləri olaraq, müəyyən qrafik üzrə ödəniş və müqavilənin bağlandığı zaman alıcının mülkiyyətçi statusu əldə etməsi qeyd edilmədir.
37. Lizinq müqaviləsinin əsas xüsusiyyətləri olaraq isə, qrafik üzrə tam ödənişlər həyata keçirilənədək mülkiyyət hüququnun lizinq verəndə saxlanması, lizinq alanın isə əsas, mükafat və Mülki Məcəllənin 748-11-ci maddəsində nəzərdə tutulmuş digər lizinq ödənişlərinin olması qeyd edilə bilər.
38. Yəni qısa olaraq, qeyd edilməlidir ki, nisyə alqı-satqı və mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt nəzərdə tutulmuş alqı-satqı müqaviləsi ilə lizinq müqaviləsinin ən başlıca fərqi ondan ibarətdir ki, lizinq müqaviləsində lizinq verənin mükafat məbləği nəzərdə tutulur, digər saddalanmış müqavilərdə isə, belə bir məbləğ mövcud olmamaqla, əşyanın öz qiymətinin yəni, “nağd satış qiymətinin” müəyyən qrafiklərə bölünməsi isə həyata keçirilir.
39. Ona görə də, hazırda mübahisə predmeti olan nəqliyyat vasitələrinin “nağd satış qiyməti” ilə, mübahisəli müqavilələrdə göstərilən qiymətlərin fərqli olub-olmaması aydınlaşdırılmalıdır.
40. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən tərtib edilmiş qrafik arayışdan və müqavilələrin müqayisəli təhlilindən görünür ki, C-088-AAE-22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə üzrə nağd qiyməti 43.900 manat olan nəqliyyat vasitəsi, ümumi dəyəri 63.338 manat, C073-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə nağd qiyməti 43.900 manat olan digər nəqliyyat vasitəsinin ümumi dəyəri 59.417 manat, C072-AAE-23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə nağd qiyməti 43.900 manat olan digər nəqliyyat vasitəsinin ümumi dəyəri 59.417 manat məbləğ göstərilməklə tərəflər adıçəkilən müqavilələri bağlamışlar.
41. Göründüyü kimi, nəqliyyat vasitələri barəsində öz ilkin (nağd) alış qiymətindən daha artıq məbləğlə müqavilələr bağlanmışdır.
42. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, qeyd edilmiş müqavilələr “nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə”lər adlansa da, onların həqiqi məzmunu və şərtləri təfsir edilərkən aydın olur ki, qeyd edilmiş müqavilələr lizinq müqavilələridir.
43. İlk növbədə qeyd edilməlidir ki, lizinq müqavilələrin bağlanması üçün xüsusi icazə və lisenziya tələb edilmədiyindən, istənilən hüquqi şəxsin lizinq müqaviləsi bağlamaq hüququ mövcuddur.
44. Hazırda da, iddiaçı tərəf nəqliyyat vasitələrini müəyyən qrafik üzrə əsas və mükafat məbləğləri də, daxil olmaqla digər tərəfə lizinqə vermiş və müqavilə üzrə də, ödənişlər tam həyata keçirildikdən sonra, nəqliyyat vasitələrinə dair mülkiyyət hüququnun digər tərəfə keçməsi ilə lizinq müqavilələri bağlanmışdır.
45. Ona görə də, hazırkı mübahisənin həllinə Mülki Məcəllənin lizinq müqaviləsinə dair normalar tətbiq edilməlidir.
46. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə VİN:LSCBBZ2G5NG702868 Changan F70 model, yürüş 0 km. olan avtomobil, xx.xx.2023cü il tarixli təhvil-təslim aktı ilə VİN:LSCBBZ2G6NG703799 Changan F70 model, yürüş 0 km. olan avtomobil, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə VİN:LSCBBZ2G4NG703770 Changan F70 model, yürüş 0 km. olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir.
47. Təhvil-təslim aktları tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
48. Hazırda iddiaçı qeyd olunan müqavilələr üzrə tərəfindən öhdəliklər tam şəkildə icra edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödəniş öhdəliklərini tam şəkildə icra edilmədiyini, bu səbəbdən xx.xx.2024-cü il tarixindən müqavilələrə birtərəfli qaydada xitam verildiyini, avtomobillərin may ayında geri qaytarıldığını bildirərək, müqavilə imzalandığı tarixdən avtomobillərin geri qaytarıldığı tarixədək cavabdehin ödənilməmiş borcunun qaytarılmasını, eyni zamanda avtomobillərin cavabdehin istifadəsində olduğu müddətdə onlara dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir.
49. İş materiallarına əlavə olunmuş aktlardan məlum olduğu və iddiaçının da özünün bildirdiyi kimi sözügedən alqı-satqı müqavilələri üzrə VİN:LSCBBZ2G6NG703799 və VİN:LSCBBZ2G5NG702868 olan Changan F70 model avtomobillər xx.xx.2024-cü il tarixdə, VİN:LSCBBZ2G4NG703770 Changan F70 model avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır.
50. Məhkəmə xüsusilə qeyd edir ki, Cavabdeh tərəf Məhkəmə iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
51. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə borcunu ödəmək vəzifəsi yaranmışdır.
52. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli C-088-AAE-22 saylı müqavilə üzrə 6.439 manat əsas borc, xx.xx.2023-cü il tarixli C-072- AAE-23 nömrəli müqavilə üzrə 6.039 manat əsas borc, xx.xx.2023-cü il tarixli C-073-AAE- 23 nömrəli müqavilə üzrə 6.032 manat əsas borc Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
53. Məhkəmə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
54. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
55. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
56. İşin hallarından da, göründüyü kimi, cavabdeh öhdəliyin icrasını gecikdirmişdir. Ona görə də, cərimə məbləği tutulmalıdır.
57. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
58. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə xx.xx.2022-ci il tarixli C-088-AAE-22 saylı müqavilə üzrə 300, xx.xx.2023-cü il tarixli C- 072-AAE-23 nömrəli müqavilə üzrə 300 manat, xx.xx.2023-cü il tarixli C-073-AAE-23 nömrəli müqavilə üzrə 300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
59. Məhkəmə iddianın dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
60. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
61. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
62. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
63. Məhkəmə qeyd edir ki, hazırkı iddianın dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsi üçün müəyyən edilməli olan məqam, avtomobillərə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.
64. Məhkəmə tərəfindən Changan Hunter F70 model 77AU235 dövlət qeydiyyat nişanlı avtomobilə ********** nömrəli xx.xx.2024-cü il tarixli “icra edilmiş xidmətlərə dair akta” əsasən görülmüş işlərin bazar dəyərinin, Changan Hunter F70 model 77AU237 dövlət qeydiyyat nişanlı avtomobilə ********** nömrəli xx.xx.2024-cü il tarixli “icra edilmiş xidmətlərə dair akta” əsasən görülmüş işlərin bazar dəyərinin, Changan Hunter F70 model 77AF395 dövlət qeydiyyat nişanlı avtomobilə ********** nömrəli xx.xx.2024-cü il tarixli “icra edilmiş xidmətlərə dair akta” əsasən görülmüş işlərin bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
65. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki: - ** AU *** dövlət qeydiyyat nişanlı Changan F70 markalı (VİN:LSCBBZ2G6NG703799) avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 3.757 manat; - 77 AU 237 dövlət qeydiyyat nişanlı Changan F70 markalı (VİN:LSCBBZ2G4NG703770) avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 5.215 manat; - 77 AF 395 dövlət qeydiyyat nişanlı Changan F70 markalı (VİN:LSCBBZ2G5NG702868) avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 4.467,50 manat məbləğində müəyyən edilmişdir:
66. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verilmiş rəyin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
67. Məhkəmə iddiaçının tələbini və verilmiş rəyi nəzərə alaraq hesab edir ki, avtomobilin təmir xərci olaraq xx.xx.2022-ci il tarixli C-088-AAE-22 saylı müqavilə üzrə 4.467,5 manat, xx.xx.2023-cü il tarixli C-072-AAE-23 nömrəli müqavilə üzrə 3.757 manat, xx.xx.2023-cü il tarixli C-073-AAE-23 nömrəli müqavilə üzrə 5.215 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
68. Bundan başqa Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 202,21 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
69. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Nəticə:
70. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 6.439 (altı min dörd yüz otuz doqquz) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu, Changan Hunter F70 model 77AF395 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 4.467 (dörd min dörd yüz altmış yeddi) manat 50 (əlli) qəpik məbləğində avtomobilin təmir xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 6.039 (altı min otuz doqquz) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu, Changan Hunter F70 model 77AU235 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3.757 (üç min yeddi yüz əlli yeddi) manat məbləğində avtomobilin təmir xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 6.032 (altı min otuz iki) manat əsas borc, 300 (üç yüz manat cərimə borcu, Changan Hunter F70 model 77AU237 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 5.215 (beş min iki yüz on beş) manat məbləğində avtomobilin təmir xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188 (bir yüz səksən səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov