Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1301/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağlanmış 24 may 2021-ci il tarixli 004 saylı “Rentgen cihazının 12 ay hissə daxil zəmanətlə satışı və qurulumu” müqaviləsi üzrə ödənilmiş 48709,32 manat, 8767,68 manat ƏDV məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat, hüquqi yardımla bağlı ödənilmiş 200 manat olmaqla ümumilikdə 58077 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 24 may 2021-ci il tarixdə 004 saylı “Rentgen cihazının 12 ay hissə daxil zəmanətlə satışı və qurulumu” üzrə dəyəri ƏDV daxil olmaqla 95795 manat olan müqavilə bağlanmışdır. Müqavilənin predmetini 004 saylı müqaviləyə Əlavə №1-də nəzərdə tutulmuş “Shimadzu Flexavision FD” markalı Yaponiya istehsalı olan rentgen cihazının Yaponiyada sökülməsi, paketlənməsi, klinikaya gətirilməsi, quraşdırılması və s. işlərin görülməsi təşkil etmişdir. Bu məqsədlə iddiaçı cavabdehin bank hesabına ilkin avans məbləği kimi 48709,32 manat (müqavilə ödənişinin azı 60%-nı), habelə buna uyğun 8767,68 manat ƏDV məbləği ödənmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə öhdəliyinin icrası üçün nəzərdə tutulmuş 45 gün keçməsinə baxmayaraq qeyd edilən tibbi avadanlığı gətirməmiş, müqavilə üzrə öhdəliklərini pozmuşdur. Cavabdeh şirkətlə əlaqə saxlamaq çalışılsa da, cəhdlər nəticəsiz olmuşdur. Bu səbəbdən, cavabdehə müqaviləyə xitam verilməsi və ödənilmiş avans məbləğin ən qısa müddətdə bank hesabına geri qaytarılması üçün 23 avqust 2021-ci il tarixli pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubu 31 avqust 2021-ci il tarixdə çatdırılsa da, məktub cavabsız qalmışdır. Nəticədə, iddiaçı həm cihazdan məhrum olmuş, həm də böyük məbləğdə ziyana məruz qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 24 may 2021-ci il tarixli 004 saylı cihaz satış müqaviləsinə əsasən Sifarişçi - İddiaçı MMC-nin sifariş etdiyi rentgen cihazlarını əvvəlcədən müəyyən edilmiş yerlərdə Satıcı - Cavabdeh MMC tərəfindən quraşdırılması işlərini razılaşdırma protokollarına uyğun olaraq vahid qiymət və şərtlər əsasında icrası nəzərdə tutulmuşdur. - 24 may 2021-ci il tarixli 004 saylı cihaz satış müqaviləsinə 1 saylı əlavəyə əsasən Shimadzu Flexavision FD markalı Yaponiya istehsalı olan rentgen cihazının Yaponiyada sökülməsi, paketlənməsi, klinikaya gətirilməsi, quraşdırılması və s. işlərin görülməsi nəzərdə tutulmuşdur. - 16 iyun 2021-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 48709,32 manat məbləğində ödəniş həyata keçirilmişdir. - 16 iyun 2021-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 8767,68 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən “...sifarişçi tamamlanmış işləri tam olaraq qəbul etdikdən sonra həmin işlərin dəyərini satıcının hesablaşma hesabına ödəyir. Müqavilədə avans nəzərdə tutulmuşdursa əvvəlcədən ödənilmiş avans məbləği çıxılır. Son ödəniş günü hər bir qiymət razılaşdırılması protokoluna uyğun olaraq cihaz və ya cihazlar təhvil verildikdən 10 iş günü ərzində nəzərdə tutulur.” Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə ilə nəzərdə tutulan işləri qiymət razılaşdırılması protokollarında göstərilən həcmdə və bu müqavilənin 6.2. bəndində göstərilən müddətdə (45 təqvim günü (fors major halları istisna), təsdiq olunmuş layihə smeta sənədlərinə və texniki şərtlərinə əsasən yerinə yetirmək və standart norma və qaydalardaə müəyyən olunmuş müddətdə təhvil verməsi öhdəliyi satıcının üzərinə düşür. 24 may 2021-ci il tarixli 004 saylı cihaz satış müqaviləsinə 1 saylı əlavənin 4-cü bəndində tərəflər ödəniş qaydasını müəyyən etmiş, razılaşdırılmış məbləğin 60 faizi müqavilə bağlanılan zaman, cihaz təhvil verildikdə isə qalan 40 faizinin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən razılaşdırılmış məbləğin 60 faizi, yəni 48709,32 manat + 8767,88 manat ƏDV, 16 iyun 2021-ci il tarixində cavabdehin bank hesabına köçürülsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər 45 təqvim günu keçməsinə baxmayaraq, icra olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, müqavilə üzrə ödənilmiş 48709,32 manat, ƏDV məbləği 8767,68 manat olmaqla ümumilikdə 57477 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 24 may 2021-ci il tarixli 004 saylı “Rentgen cihazının 12 ay hissə daxil zəmanətlə satışı və qurulumu” müqaviləsi üzrə 48709,32 manat, ƏDV məbləği 8767,68 manat jkvfukf ümumilikdə 57477 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1301/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1301/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver