Məhkəmə qərarları › İş №e-2-2(113)-1301/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1301/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1301/2025 04.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliklərin lazımınca icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Əmirqurban oğlunun iştirakı ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6470 manat əsas borc, 413 manat vəkil xidmət haqqı, 87 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 6470 manat (altı min doqquz yüz altmış doqquz) pulun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "X1" MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı müəyyən olunmuş şərtlərlə malları satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı öhdəliklərini icra edərək vaxtında və keyfiyyətli malları alıcıya təhvil vermiş, lakin alıcı aldığı malın dəyərini tam ödəməmişdir. Belə ki, MMC üzərinə düşən öhdəlikləri tam icra edərək, “X1" MMC-yə ümumilikdə 11700 manat dəyərində müxtəlif adda və çeşiddə mal təqdim etmişdir. Hazırda “X1" MMC-nin "xxxx" MMC-yə 6470 manat (altı min dörd yüz yetmiş manat) borcu vardır. Dəfələrlə həmin borcun ödənilməsi cavabdehdən tələb edilsə də, cavabdeh ödənişi etməkdən imtina etmişdir. Cavabdeh borcunu vaxtında ödəməməsi nəticəsində MMC-yə əlavə zərərlər də vurmuşdur. Belə ki, hazırkı iş üzrə işin məhkəməyə hazırlanıb verilməsi üçün əlavə olaraq vəkil üçün xidmət haqqı və dövlət rüsumu ödənilmişdir. Ona görə də hazırkı iddia üzrə iddiaçının çəkdiyi xərclər də (dövlət rüsumu və vəkil xidmət haqqı) cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, hazırkı iddianın məhkəməyə təqdim edilməsi üçün Bakı şəhər 5 saylı Vəkil Bürosu ilə müqavilə bağlanılmış və vəkilə 413 manat xidmət haqqı, 86 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də cavabdeh “X1" MMC-dən borc ilə bərabər vurulmuş zərər də tələb edilir. Dəfələrlə şifahi qaydada cavabdehlə danışıqlar aparılmış, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehə elektron vergi sistemi vasitəsi ilə pretenziya göndərilmiş cavabdeh yenə də öhdəliklərini icra etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 386.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə Əmirqurban oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 25 fevral 2022-ci il tarixli, ***-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçi hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları və xidmətləri sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə malları, xidmətlərin yüksək səviyyədə, keyfiyyətdə icrasını təmin etməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən mal və xidmət haqqı müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunur. Həmin müqavilənin 4.1.3cü maddəsinə əsasən sifarişçinin malların və xidmətlərin dəyərini ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədə qalır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı MMC ilə “X1 “ MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ***-**** saylı müqaviləyə xx.xx.2022-ci il tarixli, 1 saylı əlavənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV ilə birlikdə 13806 manat olan malın (26 ədəd qapı) verilməsi ilə əlaqədar tərəflər razılığa gəlmişlər. Ödəniş şərti: 6 ay ərzində, hər ayın 5-nə qədər. Mart 2022-ci il tarixdən hər ay 1950 manat. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2022-ci il tarixli, AA-00843 nömrəli malların təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal/mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, AA-00889 nömrəli malların təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal/mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

11. xx.xx.2022-ci il tarixli, AA-00893 nömrəli malların təhvil-qəbul aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən mal/mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

12. İddiaçı tərəfindən iş materiallarına Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ***-**** saylı alqı-satqı müqaviləsinə əsasən ödəniş hesabatı əlavə edilmişdir. Həmin hesabata əsasən müqavilə üzrə malın qiyməti 11700 manat (ƏDV-siz), endirim 1000 manat edilmiş, xx.xx.2025-ci il tarixinə 4230 manat ödəniş edilmiş, 6470 manat borc məbləği ödənilməmiş qalmışdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 25 fevral 2022-ci il tarixli, ***-**** nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən hazırladığı malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. İş materiallarına sübut qismində əlavə edilmiş sənədlərdən məlum olur ki, təhvil verilmiş malların ümumi dəyəri ƏDV-siz 11700 manat təşkil etmişdir.

16. İddia tələbinin bir hissəsini cavabdehdən 25 fevral 2022-ci il tarixli, ***-**** saylı alqı-satqı müqaviləsi üzrə 6470 manat qalıq borcun tutulması təşkil edir.

17. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 25 fevral 2022-ci il tarixli, ***-**** saylı alqı-satqı müqaviləsi üzrə 6470 (altı min dörd yüz yetmiş) tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, müəyyən olunur ki, malların ümumi dəyəri olan 11700 manatdan 1000 manat endirim olunmuş, qalan 10700 manatdan 4230 manat ödənilmiş, 6470 manat qalıq borc qalmışdır (10700-4230=6470).

18. Eləcə də, iddiaçı 413 manat vəkil xidmət haqqı, 87 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

19. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 84,7 manat (səksən dörd manat yetmiş qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Hüquqi yardım xərcinin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına hüquqi yardıma görə tələbdə qeyd edilən məbləğin ödənilməsini təsdiq edən sübut əlavə edilsə də, vəkil tərəfindən xidmətin göstərilməsinə dair sübutlar, order, etibarnamə təqdim edilməmişdir. Məhkəmədə iddiaçını nümayəndə qismində hüquqi şəxsin qanuni təmsilçisi olan Nümayəndə Əmirqurban oğlu təmsil etmişdir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6470 (altı min dörd yüz yetmiş) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,7 manat (səksən dörd manat yetmiş qəpik) olmaqla, ümumilikdə 6554,7 manat (altı min beş yüz əlli dörd manat yetmiş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar