Məhkəmə qərarları › İş №e-2-2(113)-1305/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1305/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1305/2022 29.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X2 hesablanmış 10512 manat məbləğində borcun **********00041 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (kafe) 03.12.2021-ci il tarixdə **********00041 saylı abonent hesabı açılmaqla təbii qazla təchiz edilmişdir. Qeyri-yaşayış sahəsinə 03.12.2021-ci il tarixdə Elster G-25 tipli, 77123641 nomrəli qaz sayğacı quraşdırılmış və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Göründüyü kimi, cəmi bir aya yaxındır ki, qaz sayğacı quraşdırılmış, lakin buna baxmayaraq, iddiaçıya 10512 manat məbləğində əsassız borc hesablanmışdır. Bu məsələ ilə bağlı cavabdeh təşkilata müraciət edildikdə, iddiaçıya bildirildi ki, guya iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün barəsində 30.12.2021ci il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək, iddiaçıya 10512 manat məbləğində əlavə borc hesablanmışdır. İlk olaraq qeyd edilir ki, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməmişdir və abonent saldosundan da göründüyü kimi, qeyri-yaşayış sahəsində təbii qazdan cəmi bir ay istifadə edilmiş və istifadə edilmiş qazın dəyəri tərəflərindən ödənilmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* saylı aktdan da görünür ki tərtib edilmiş akt saxtadır. Belə ki, tərtib edilmiş aktın qeyd hissəsində göstərilmişdir ki, cavabdeh təşkilatın əməkdaşları 26.12.2021-ci il tarixdə sahibkarlıq subyekti olan qeyri-yaşayış sahəsinə baxış keçirmişlər və istehlakçı Agis bazasında, yəni ümumiyyətlə qeydiyyata alınmadığı halda təbii qazdan istifadə edir. Bu səbəbdən də iddiaçıya əlavə geriyə 30 gün müddətinə borc hesablamışlar. İddia ərizəsinə əlavə edilmiş 77123641 nomrəli aktın surətindən də göründüyü kimi, qeyri-yaşayış sahəsinə qaz sayğacı 03.12.2021-ci il tarixdə quraşdırılmışdır. Belə olan halda hansı qanunsuz istifadədən söhbət gedə bilər. Qanunsuz hesab etdiyikləri akta əsasən əlavə borcun hesablanma qaydasının bu cür aparılmasının hansı normativ hüquqi aktda öz əksini tapdığı dəymiş ziyanın bərpasına dair Tələbnamədə öz əksini tapmamışdır. Təbii ki, heç bir hüquqi sənədə əsaslanmayan, subyektiv mülahizələrə əsaslanan hesablanma qaydası şişirdilmiş qanunsuz borcun hesablanmasına şərait yaratmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, təbii qazdan qeyri-qanuni istifadə olunduğu üçün Cavabdeh əməkdaşları tərəfindən 30.12.2021-ci il tarixdə ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək iddiaçıya 10512 manat məbləğində borc hesablanmışdır. Həmin akt qanunidir və borcun silinməsi üçün hər hansı bir əsas mövcud deyildir. İddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 03.12.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, X2 məxsus qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. - “Azərqaz” İB tərəfindən tərtib olunmuş 30.12.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, “Güvən Lahmacun” restoranına baxış keçirilərkən təbii qazdan rezin boru vasitəsilə birləşmə edilərək, qeyri-qanuni istifadə edildiyi tərəflərindən aşkar olundu. Hal-hazırda da restoran fəaliyyət göstərir. Restoranda quraşdırılan qaz cihazlarının hər biri işlək vəziyyətdə olduğu müəyyən edildi. Qeyri-yaşayış sahəsində hal-hazırda AGİS bazasında qeydiyyata alınmamış qeyri-qanunsuz qazdan istifadə edilir. -Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30 dekabr 2021-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ******* nömrəli akt əsasında ünvan 2 ünvanında yerləşən fərdi evdə (müəssisədə, istixanada) sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən PQ-6-nın maksimal saatlıq qaz sərfi 4,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kürənin maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, kombinin (60 kw) maksimal saatlıq qaz sərfi 4,3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (4,8x24x30=3456m3 + 4x24x30=2880m3 + 4,3x24x30=3096m3 + 1,5x24x30=1080m3 = cəmi: 10512m3) - 04.05.2022-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, X1 qeyd edilən tarixə ümumilikdə borcu 9188 manat (sayğac oxunması: 2207,50 manat + aktlar: 11302,50 manat – ödəmələr: 4322 manat = son borc: 9188 manat) təşkil edir. - İddiaçı tərəfindən cavabdehə 18.01.2022-ci il tarixli pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00041 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, 30.12.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar olunduğu qeyd olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 10512 manat borc hesablanmışdır. İddiaçının nümayəndəsi sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etmədiyini, borcun ona əsassız olaraq hesablandığını bildirmişdir. Hesablanmış borcdan qismən ödəniş edilmiş və qalıq borc 9188 manat təşkil edir (04.05.2022-ci tarixli abonentin saldosu). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir; 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Beləliklə, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, hazırda qalan borcun 9188 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən X2 **********00041 abonent kodu üzrə hesablanmış 9188 (doqquz min yüz səksən səkkiz) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən X2 **********00041 abonent kodu üzrə hesablanmış 9188 (doqquz min yüz səksən səkkiz) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar