Məhkəmə qərarları › İş №e-2-2(113)-1307/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1307/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1307/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 631,3 manat (ƏDV daxil) məbləğində əsas borcun, 118,60 manat dəbbə pulunun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 31,57 manat faiz məbləğinin, cəmi 781,47 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh MMC arasında bağlanmış 3 noyabr 2022-ci il tarixli D-AGRO-A42/22 nömrəli müqaviləyə əsasən həmin müqavilənin “Qiymətlərin razılaşdırma protokolu”da qeyd olunan malların alıcıya verilməsi, alıcının isə həmin malların dəyərini ödəməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə tərəflər arasında aparılmış alğı-satqı əməliyyatında mallar alıcıya müqavilə ilə müəyyən olunmuş qaydada təhvil verilsə də, alıcı tərəf olan Cavabdeh MMC aldığı malın dəyərini (ƏDV ilə birlikdə) satıcı İddiaçı QSC-yə tam ödəməmişdir. Ümumilikdə, hazırda alıcı tərəf olan Cavabdeh MMC-ninİddiaçı QSC-yə 3 noyabr 2022-ci il tarixli D-AGRO-A42/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən ƏDV daxil olmaqla, 631,30 manat borcu vardır. Satıcı İddiaçı QSC-nin alıcını xəbərdar etməsinə baxmayaraq, alıcı tərəf olanCavabdeh MMC həmin borcun ödənilməsini təmin etməmişdir. Tərəflər arasında 3 noyabr 2022-ci il tarixində bağlanmış D-AGRO-A42/22 nömrəli alğısatqı müqaviləsinin 11.5-ci bəndinə əsasən malların dəyərinin ödənilməsində yol verdiyi bir aydan çox çəkən hər gecikmə gününə görə alıcı ödəniləcək məbləğin 1%-i həcmində satıcıya dəbbə pulu ödəyir. Həmçinin 11.6-cı bəndinə əsasən alğı-satqı müqaviləsi üzrə ödəniləcək cərimələrin ümumi məbləği Malların qiymətinin 10%-dən (on faizindən) artıq olmamalıdır. Həmin müqavilənin 11.5-ci bəndinə əsasən mala görə ödəniş alıcı tərəfindən təqdim olunmuş hesab fakturaya və/və ya elektron qaiməyə əsasən 1 ay (30 gün ) müddəti ərzində həyata keçirilməlidir. Bu müddəalara əsasən satıcı tərəfindən satılan malın dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş elektron qaimə üzrə ödəmə xx.xx.2023-cü il tarixdə başa çatmış olur və ödəmənin cavabdeh tərəfindən gecikdirilməsinin müddəti də həmin vaxtdan hesablanmalıdır. Bu baxımdan həmin müddət 2023-cü ilin sentyabr ayı daxil olmaqla hazırkı dövrə kimi hesablanaraq, 442 gün təşkil edir. Əsas borc ƏDV daxil 631,3 (altı yüz otuz bir manat otuz qəpik) manat təşkil etdiyi halda həmin məbləğin 1%-i 6.31 manat təkil edir. Həmin məbləğ nəzərə alınmaqla gecikdirilən 1 il 2 ay 22 gün (442 gün) müddətdə 2789,02 manat dəbbə pulu hesablanmalıdır. Lakin həmin müqavilənin 11.6-cı bəndinin tələbini nəzərə alaraq malların qiymətinin, yəni 1185,9 manatın 10% faizi 118,60 ( yüz on səkkiz manat altmış qəpik) dəbbə pulu hesablanmalıdır. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Burada isə Cavabdeh 1 il ərzində öhdəliyini yerinə yetirmədiyinə görə 631,30 manat əsas borc məbləğinin 5 %-i 31,57 manat təşkil edəcəkdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə mal alışı olmamış, cavabdeh tərəfindən 631,30 manat məbləğində mal alışı olmuş və alınan malların ödənişi edilmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 118,60 manat dəbbə pulunun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 31,57 manat faiz məbləğinin, cəmi 150 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etmiş, əlavə olaraq tələb etdikləri əsas borcun məhkəmə icraatı dövründə ödənildiyini bildirmişdir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh nümayəndəsinin gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 3 noyabr 2022-ci il tarixli D- AGRO-A42/22 nömrəli müqaviləyə əsasən həmin müqavilənin “Qiymətlərin razılaşdırma protokolu”nda qeyd olunan malları alıcıya verilməyi, alıcı isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 11.5-ci bəndinə əsasən malların dəyərinin ödənilməsində yol verdiyi bir aydan çox çəkən hər gecikmə gününə görə alıcı ödəniləcək məbləğin 1%-i həcmində satıcıya dəbbə pulu ödəməlidir.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, EBCJ 228194 saylı (554,60 manat) elektron qaimə təqdim etmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDL 123412 saylı (631,30 manat) elektron qaimə təqdim etmişdir.

13. xx.xx.2024-cü il tarixli köçürməyə görə cavabdeh tərəfindən iddiaçıya 535 manat məbləğində ödəniş edilmişdir.

14. xx.xx.2024-cü il tarixli köçürməyə görə cavabdeh tərəfindən iddiaçıya 96,3 manat məbləğində ödəniş edilmişdir.

15. Məhkəmə materialları araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir.

16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə qalıq 631,30 manat borc cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə tam şəkildə ödənilmişdir.

17. Hazırda iddiaçı müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun və faiz borcunun ödənilməsini tələb edir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

22. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 3 noyabr 2022-ci il tarixli D- AGRO-A42/22 nömrəli müqavilənin 11.5-ci maddəsinə görə 118,60 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.

26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 30 manat məbləğində müəyyən edilməlidir.

28. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 31,57 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

32. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

33. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

34. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

35. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

38. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 30 manat dəbbə pulu və 31,57 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 30 manat dəbbə pulu, 31,57 manat faiz borcu, 20 manat dövlət rüsumu, ümumilikdə 81,57 (səksən bir manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar