Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-131/2024 24.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “pul tələbi və cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, cavabdehin üzərinə öhdəliyin qoyulması) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, iddiaçı “X4 Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “X4 Təsərrüfatı” MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli “D-02-LA/12” nömrəli lizinq müqaviləsinin 3 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 57.957 manat məbləğin və 26 dekabr 2016-cı il tarixli “08-LA/16” nömrəli lizinq müqaviləsinin 1 nömrəli əlavəsi üzrə 27 sentyabr 2020-ci il tarixdən sonra ödənilməli olan 19.884 manat məbləğin müqavilə üzrə ödənilməli olan ümumi ödənişlərdən çıxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən bir neçə texnika və avadanlıq, o cümlədən, 1 komplekt açıq şəraitdə saxlanan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemi (peyin kürüyən) “X4 Təsərrüfatı” MMC-yə lizinqə verilmişdir. "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış müqavilədə peyin kürüyənin dəyəri ayrıca olaraq göstərilməsə də, həmin avadanlıqların, o cümlədən peyin kürüyənin "xxxx" ASC tərəfindən əldə olunması ilə bağlı "xxxx" ASC və Distant Complex Limited şirkəti arasında 16 avqust 2010-cu il tarixli, 42/10 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC peyin kürüyən avadanlığı 150.000 avroya əldə etmişdir. Qeyd olunan müqavilə üzrə "xxxx" ASC tərəfindən cəmi 581000 avroya əldə olunmuş avadanlıqlar “X4 Təsərrüfatı” MMC-yə 635250 manata lizinqə verilmişdir. Belə olan halda avadanlığın dəyəri Azərbaycan manatı ilə 163950 manat təşkil edir. Bundan sonra həmin peyin kürüyən avadanlığa əlavə olaraq komponentlər tələb olunduğundan “X4 Təsərrüfatı” MMC tərəfindən xx.xx.2016-cı il tarixli, 08/LA/16 nömrəli lizinq müqaviləsi ilə peyin kürüyən üçün əlavə olaraq qollar, yem qarışdıran və yem doğrayan, üzvü gübrə hazırlayan və səpən, inək dırnağı təmizləyən fiksator-qəfəs avadanlıqları "xxxx" ASC-dən lizinqə götürülmüşdür. Qeyd olunan peyin kürüyən üçün əlavə avadanlığın (qolların) dəyəri, eyni zamanda lizinqə götürülmüş digər avadanlıqların dəyəri "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış müqavilədə ayrı-ayrılıqda konkret olaraq göstərilməmişdir. Lakin peyin kürüyənin qolunun və bir sıra avadanlıqların "xxxx" ASC tərəfindən satın alınması ilə bağlı "xxxx" ASC və “Rimls” LTD şirkəti arasında bağlanmış 29 iyun 2012-ci il tarixli, 42/12 nömrəli müqavilədə peyin kürüyənin qolunun 36000 avroya alındığı müəyyən olunmuşdur. Qeyd olunan müqavilə üzrə "xxxx" ASC tərəfindən cəmi 156000 avroya əldə olunmuş avadanlıqlar “X4 Təsərrüfatı” MMC-yə 172450 manata lizinqə verilmişdir. Belə olan halda isə peyin kürüyənin qolunun dəyəri 39780 manat təşkil edəcəkdir. Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr tarixli, 2-2(82)-283/2018 nömrəli qərardadında xx.xx.2016-cı il tarixli, 08/LA/16 nömrəli lizinq müqaviləsi üzrə əldə olunmuş peyinqarışdıran (üzvü gübrə hazırlayan və səpən) avadanlığın dəyərinin hesablanmasına iddiaçı tərəfindən yuxarıda göstərilən şəkildə izah vermişdir. “X4 Təsərrüfatı” MMC Ağdam rayonu, Əfətli kəndi ərazisində fəaliyyət göstərir. Həmin təsərrüfatın yerləşdiyi ərazi erməni silahlı qüvvələri ilə keçmiş təmas xəttinin 2-3 km yaxınlığında yerləşir. 2020-ci ilin 27 sentyabr tarixindən başlayan vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində heyvandarlıq kompleksində yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-dən lizinqə götürülmüş peyin kürüyən və peyin kürüyənin qolu avadanlıqları sıradan çıxaraq yarasız vəziyyətə düşmüşdür. Bununla bağlı "xxxx" ASC-yə xx.xx.2020 tarixli, 13/20/Qİ nömrəli məktubla məlumat verilmiş və avadanlıqların sıradan çıxması ilə əlaqədar olaraq onun dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması xahiş edilmişdir. Döyüş əməliyyatları başa çatdırıldıqdan sonra 2020-ci ilin dekabr ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmiş və avadanlıqların mərmi düşməsi nəticəsində yararsız hala düşməsi ilə bağlı xx.xx.2020-ci il tarixli inventarizasiya aktı tərtib olunmuşdur. Lakin bu günə qədər avadanlıqlarıın dəyəri müqavilə məbləğindən çıxılmamışdır. Hazırda "xxxx" ASC tərəfindən lizinq müqavilələri üzrə portfellər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Qeyd olunan avadanlıqların dəyəri tam ödənilmədiyindən hazırda onlar Aqrar Kredit və İnkişaf Agentliyinin mülkiyyətindədir. Bu baxımdan avadanlıqların dəyərinin müqavilə məbləğindən çıxılması öhdəliyi AKİA-nın üzərinə düşür. Qeyd olunan avadanlıqlar iddiaçının iradəsindən asılı olmayan səbəblərdən məhv olmuşdur. Belə ki, müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Yuxarıda da qeyd edildiyi kimi avadanlıqların yarasız hala düşməsinə erməni silahlı qüvvələri tərəfindən iddiaçının təsərrüfatına atılan mərmi səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən sözü gedən avadanlıqların mərmi partlaması nəticəsində yarasız hala düşməsini nəzərə alaraq onların dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması öhdəliyi Aqrar Kredit və İnkişaf Agentliyi üzərinə qoyulmalıdır. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olduğu üçün hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədir və hesab edir ki, faktiki hallara əsasən cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli və xx.xx.2016-cı il tarixli, 08/LA/16 nömrəli lizinq müqavilələrinə əsasən heyvandarlıq kompleksində istifadə edilən avadanlıqların dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması həyata keçirilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, avadanlıqlar onların iradəsindən asılı olmayan səbəblərə, yəni fors-major halına görə yararsız hala düşmüşdür. Eyni məsələ ilə bağlı 2016-cı ildə olan aprel döyüşlərinə görə onların bir avadanlığı da məhv olmuşdu və bununla bağlı onların xeyrinə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarı vardır. Nə qədər ki, o lizinq avadanlığının pulunu ödəməmişdir, lizinq avadanlığının mülkiyyətçisi lizinq verən şəxsdir. Əmlakın salamatlığına iddiaçı cavabdehdir, lakin onlar qarşısı alınmaz hadisə ilə bağlı baş verən risklərə görə məsuliyyət daşımırlar. Onlar lizinq ödənişlərini həyata keçirməklə yararsız vəziyyətə düşmüş əmlakın mülkiyyətçisinə çevrilmişdir, halbuki əmlak onların iradəsindən asılı olmayan səbəblərə görə məhv olmuşdur. Odur ki, nəticə etibarilə sonda heç nə əldə edə bilməyəcəyinə görə ödənişləri ödəmək kimi vəzifəsi də yoxdur. Avadanlığın sığortasının olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Ondan sığorta pulu da tutulmuşdur. Lakin avadanlığı götürərkən orada canlı heyvanlar da vardı, hansı ki, onlar sığorta olunmuşdur. Müharibə zamanı onlar tələf olduqda bu barədə Aqroliizinq MMC-yə də rəsmi şəkildə müraciət etmişdir. Onlara bildirilmişdir ki, "xxxx" ASCyə məlumat veriləcək. Daha sonra "xxxx" ASC-dən məlumat verildi ki, sığorta hadisəsi müharibə hallarını əhatə etmir. Hətta sığortalanmış olsa belə baş verən hadisə müharibə şəraiti ilə əlaqədar olduğu üçün sığorta hadisəsi hesab olunmur. Odur ki, avadanlıq sığortalanmış olsa belə sığorta ödənişi bu hala aid olmuyacaqdı. Müqavilədə əmlak məhv olarsa, itirilərsə öhdəliklərdən azad olunma barədə müqavilənin 7.1.-ci maddəsi nəzərdə tutulmuşdur. Lizinq avadanlığı götürüldüyü andan onun bütün məsuliyyəti lizinq götürənin üzərində olmuşdur. İddiaçının məsuliyyətinin yaranması üçün ondan asılı olan hər hansı bir hadisənin baş verməsi lazımdır. Düşmənlərin hansısa hərəkərinə görə iddiaçı məsuliyyət daşımamışdır. Həmin avadanlığın konkret olaraq hansı gün məhv olması onlara məlum deyildir. Çünki həmin ərazidə aktiv döyüş əməliyyatları həyata keçirilmişdir və heç kəs həmin ərazilərə gedib avadanlığa baxa bilməzdi. Avadanlığa baxış döyüş əməliyyatları dayandıqdan sonra reallaşmışdır. Artıq ora giriş təhlükəsiz olduğu üçün rahat şəkildə əraziyə daxil olmuşlar. O, da bununla bağlı "xxxx" ASC-yə məlumat vermiş, məktub ünvanlamışdır. Sonda o, çıxışında bildirmişdir ki, fəaliyyət göstərdikləri sahə kənd təsərrüfatı sahəsidir, xüsusilə az gəliri olan və çətin olan bir sahədir və bu avadanlıqların verilməsində dövlət tərəfindən 40% güzəşt olunaraq həmin avadanlıqlar hər ay ödənişlər edilməklə faizsiz olaraq onlara verilmişdir. Döyüş əməliyyatları nəticəsində məhv olmuş avadanlıqların dəyərinin silinməsi əvvəlki məhkəmə qərarlarının təcrübəsində də öz əksini tapşırmışdır. 2016-cı ildə belə bir hadisə baş vermiş, avadanlıqlar mərmi düşməsi nəticəsində yararsız hala düşmüşdür. Dövlət özü bu istiqamətdə addım ataraq öz təşəbbüsü ilə məhv olmuş avadanlıqların dəyərini silmiş, həmçinin onların satdıqları yaralı heyvanların pulunu da təsərrüfat fəaliyyətlərini bərpa etmək üçün onlara vermişdir. Dövlət tərəfindən avadanlıqlardan birinin yalnışlıqla dəyəri silinmədiyi üçün onlar məhkəməyə müraciət etmişlər və Ali Məhkəmədə onların xeyrinə qərar çıxarılmışdır. Avadanlıq nə qədər ki, salamat idi onlar ödənişləri vaxtlı-vaxtında etmişlər. Hazırda belə bir avadanlıq yoxdur, mövcud olmayan və onların iradəsindən asılı olmayan səbəblərə görə məhv olmuş avadanlığa ödəniş etmədikləri üçün iddialarının əsaslı olduğunu düşünür və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddianı qəbul etmir. Bağlanmış müqavilənin tələblərinə əsasən tam məsuliyyəti lizinq alan daşımışdır. Tərəf avadanlığı təhvil-təslim aktı ilə qəbul etdikdən sonra avadanlığın qorunması, məhv olunması, salamatlılığı, korlanması, quraşdırılması və digər məsələlərlə bağlı bütün məsuliyyətin hamısı lizinq alanın üzərinə düşür. Hadisədən sonra iddiaçı tərəfin heç bir rəsmi məktubu olmamış, bu barədə cavabdeh məlumatlı deyildir. Akt Aqrolizinq ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş ola bilər, çünki AKİA-nın əməkdaşları olmamışdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” "xxxx" ASC ilə "xxxx" Distant Complex Limited Şirkəti arasında bağlanmış 16 avqust 2010-cu il tarixli 42/10 saylı Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqavilədən görünür ki, tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqaviləyə 1-3 nömrəli Əlavədə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə İcraçının "İnkoterms 2000" DDP şərti ilə 581000 avro (və ya 601509,30 manat) məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan Malların 55 (əlli beş) gün ərzində gələcəkdə bağlanacaq lizinq müqaviləsində göstərilən ünvanda quraşdırılmış və işlək vəziyyətdə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği “İnkoterms 2000” DDP şərtlərinə uyğun məbləği 581000 avro təşkil edir. Müqavilənin 20.1 və 20.2-ci bəndinə əsasən müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə icraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır, qarşısıalınmaz qüvvənin təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökümət qərarları və bu kimi digər hallar aid edilir. “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqavilədən görünür ki, Lizinq verən dəyəri 635250,0 manat olan bu müqaviləyə 1-3 nömrəli əlavələrdə göstərilən beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə (bundan sonra- Avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (4 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılıb. Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Avadanlığın dəyərindən 61500 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafıkində (Əlavə JVs 4) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 1.3-cü bəndinə əsasən Texnoloji avadanlığa mülkiyyət hüququ Lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək Lizinq verənə məxsusdur. Müqavilənin 2.1.2-ci bəndinə əsasən Lizinq alanın müraciəti əsasında Avadanlığın sığortalanmasını həyata keçirir. Müqavilənin 2.2.13-cü bəndinə əsasən Lizinq alan avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində Lizinq verənə məlumat verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən Lizinq alan Avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra Avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir. Müqavilənin 3.8-ci bəndinə əsasən Lizinq alan Avadanlıqdan təyinatı üzrə istifadə etməyə, onu saz vəziyyətdə saxlamağa, müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına, istehsalçının təlimatlarına əməl etməyə borcludur. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilir. “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli Heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə verilməsi barədə müqavilədən görünür ki, Lizinq verən dəyəri 172450 manat olan heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 (səkkiz) il müddətədək lizinqə verir. Avadanlıq Ağdam rayonu ərazisində quraşdırılmişdır. Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Avadanlığın dəyərindən 17800 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 1) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən Lizinq alanın müraciəti əsasında Avadanlığın sığortalanmasını həyata keçirir. Müqavilənin 2.2.13-cü bəndinə əsasən Lizinq alan avadanlığa zərər dəydiyi andan ən geci 12 saat ərzində Lizinq verənə məlumat verir. Müqavilənn 3.3 və 3.4-cü bəndlərinə əsasən Lizinq alan Avadanlığı qəbul etdikdən sonra təhvil-təslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu Müqavilə üzrə öhdəliklərindən azad etmir. Lizinq alan Avadanlığın istifadəsi ilə bağlı meydana gəlmiş öhdəliklər nəticəsində yaranan bütün xərcləri ödəyir və Avadanlığın istifadəsi və saxlanılması prosesində, digər şəxslərin həyatına, sağlamlığına və əmlakına və ya ətraf mühitə dəymiş bütün zərərə görə tam məsuliyyət daşıyır. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Bu halda müqavilədə göstərilmiş öhdəliklərin həyata keçirilmə müddəti qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilir. 16 avqust 2010-cu il tarixli 42/10 nömrəli Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 1 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır. 16 avqust 2010-cu il tarixli 42/10 nömrəli Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 2 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt açıq şəraitdə saxlanan iribuynuzlu malqara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql etmə sistemlə avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır. 16 avqust 2010-cu il tarixli 42/10 nömrəli Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 3 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, yer qarışdırıb paylayan avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır. 16 avqust 2010-cu il tarixli 42/10 saylı Beynəlxalq Standartlara uyğun Paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqaviləyə 4 saylı Əlavə üzrə tərtib edilmiş malların qiymət cədvəlindən görünür ki, paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları 1 ədədinin qiyməti 390000 avro məbləğində müəyyən edilmiş, açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql sistemi 1 ədədinin qiyməti 150000 avro məbləğində, yem qarışdırıb paylayanın 1 ədədinin qiyməti 41000 avro məbləğində müəyyən edilmişdir. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqaviləyə 1 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası avadanlıqları “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqaviləyə 2 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 komplekt gövdəli tiplu açıq şəraitdə saxlanılan iribuynuzlu mal-qara tövləsi üçün nəzərdə tutulan müasir tipli peyin çıxarma və nəql sistemi “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli "xxxx" ASC-yə məxsus beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə müqaviləyə 3 saylı Əlavə üzrə tərtib edilmiş texniki təsnifatdan görünür ki, 1 ədəd “Straulmann” Verti-Mix 750 markalı yem qarışdırıb paylayan “X2” tərəfindən Almaniyada istehsal olunmuşdur və digər texniki göstəriciləri sadalanmışdır. 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən lizinq predmetinə görə 2012-ci ildən 2021-ci il müddətinədək 573750 manat lizinq məbləği ödəməlidir. 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən lizinq predmetinə görə xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək 172450 manat lizinq məbləği ödəməlidir. İnventarizasiya komissiyasının üzvü A.İsmayıllı, Rayon bölməsinin nümayəndəsi mühəndis M.Sadıqov və Lizinq alan Nümayəndə tərəfindən imzalanmış "xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların xx.xx.2020-ci il tarixinə inventarizasiyası barədə məlumatdan görünür ki, texniki vəziyyəti nasaz olan 1 dəst heyvandarlıq avadanlığının qalıq dəyəri 170555 manat müəyyən edilmiş, texniki vəziyyəti nasaz olan 1 dəst heyvandarlıq kompleksi üçün avadanlığın qalıq dəyəri 151057 manat müəyyən edilmişdir. Qeyd hissəsində 2-ci Qarabağ müharibəsi zamanı atılan mərminin bir neçəsinin avadanlıqlara ziyan vuraraq yararsız hala salması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Lizinq alan” “X4 Təsərrüfatı” MMC xx.xx.2016-cı il tarixli D-02-LA/12 nömrəli müqavilə üzrə müqavilənin məbləği 182950 manat müəyyən edilmiş, “X4 Təsərrüfatı” MMC tərəfindən 12395 manat ödəniş edilmişdir. Lizinq alanın əsas borcu 170555 manat qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “Lizinq alan” “X4 Təsərrüfatı” MMC xx.xx.2016-cı il tarixli 08-LA/12 nömrəli müqavilə üzrə müqavilənin məbləği 172450 manat müəyyən edilmiş, ilkin ödəniş 17800 manat, qrafiklər üzrə ödənişlər 3603 manat müəyyən edilmişdir. Lizinq alanın əsas borcu 54873 manat qeyd edilmişdir. 55 saylı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 2745 manat ödəniş edilmişdir. 59 saylı xx.xx.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 3000 manat ödəniş edilmişdir. 05 saylı xx.xx.2019-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 753 manat ödəniş edilmişdir. 09 saylı xx.xx.2019-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 500 manat ödəniş edilmişdir. 16 saylı xx.xx.2019-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4 Təsərrüfatı” MMC tərəfindən "xxxx" ASC-nin hesabına 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında "xxxx" ASC tərəfindən “X4 Təsərrüfatı” MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 06 noyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazisinə düşmən təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılmışdır. Bu baxımdan Dövlət Komissiyası tərəfindən təsərrüfatında baş vermiş maddi ziyanla bağlı qiymətləndirmə və digər müvafiq tədbirlər həyata keçirildikdən sonra müraciətdə qaldırılan məsələyə baxılacaqdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi ilə “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə qarşı "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış 08-LA/16 saylı xx.xx.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxarılması və “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə olan borcunun həmin məbləğdə silinməsi tələbinə dair iddiası təmin edilərək, “X4 Təsərrüfatı” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08-LA/16 nömrəli lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə olan borcun həmin məbləğdən silinməsi öhdəliyinin "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-283/2018 saylı 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı “X4 Təsərrüfatı” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-ci il tarixli 2-2(102)- 151/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının 22 avqust 2019-ci il tarixli 2-2(103)-520/19 saylı qətnaməsi ilə cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-ci il tarixli 2-2(102)-545/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-ci il tarixli 2-2(103)-520/19 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-ci il tarixli 2-2(103)-520/19 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lizinqə verilmiş peyinkürüyən avadanlıqları işlək vəziyyətdə olub-olmadığını və “X4 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-yə 01 noyabr 2022-ci il tarixinə olan borcunun olubolmadığını müəyyən etmək məqsədilə iş üzrə kompleks məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli, 9/6876 saylı rəyi ekspert rəyi ilə qərardadın birinci sualı üzrə Ağdam rayonu, Əfətli kəndində yerləşən fermanın ərazisində saxlanılan peyinin tövlədən (axırlardan) çuxurlara və hissələrə sistematik bir şəkildə asan üsulla ötürülməsini təmin etmək üçün nəzərdə tutulmuş “X2” şirkətinə məxsus “Houle” markalı peyinkürüyən avadanlığa baxış zamanı - avadanlığın işlək vəziyyətdə olmadığı müəyyən edilmiş, qərardadın ikinci sualı üzrə tədqiqata təqdim edilmiş, “X2 Houle” əmtəə göstəriciləri iki ədəd peyin kürəyənin üzərində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna əsasən qeyd edilən zədələr odlu silahdan açılan atəş nəticəsində, hər hansı partladıcı qurğunun, atıcı silahın, artileriya mərmisinin, o cümlədən partlayış nəticəsində mərminin- qəlpələrin təsirindən yaranmağa xararakterikdir. Belə zədələr qərardadın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər. Tədqiqata təqdim edilmiş, “X2 Houle” əmtəə göstəriciləri olan 02 ədəd peyin kürəyənin üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan barıt izləri və partlayıcı maddənin izləri aşkar edilmədi, (üzərində zədələr aşkar edilməsinə baxmayaraq həmin zədələrin ətrafında partlayıcı maddənin izlərinin olmamasına səbəb kimi hadisənin baş verdiyi vaxtdan uzun müddət keçməsini və həmçinin açıq hava şəraitində saxlanılmasıdır). Əlavə olaraq ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 44 №-li mütəxəssis rəyinə əsasən avadanlığın işlək vəziyyətdə olmamasının səbəbi skreperinin mexaniki hissələrinin, motorunun və reduktorunun sıradan çıxmasının səbəb olması göstərilmişdir. Avadanlığın gövdəsinin üzərində qəlpənin təsirindən yaranmağa xarakterik izlərin aşkar edilməsini nəzərə alaraq, mütəxəssis rəyində göstərilmiş konstruktiv hissələrdə olan nasazlıqların müharibə zamanı avadanlığın yaxınlığına mərmi düşməsi nəticəsində yaranması istisna edilmir. Bununla belə, həmin məsələ məhkəmə tərəfindən əlavə araşdırılmalar aparılmaqla həll edilə bilər. Qərardadın üçüncü sualı üzrə Lizinq alanın ödəniş tarixçəsi, xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı Lizinq müqaviləsinin və müqaviləyə xx.xx.2016-cı il tarixli, D-02-LA/12 saylı dəyişiklik edilməsi barədə razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla “X4 Təsərrüfatı” MMC-nin xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödənilməli borcu 182950 manat, ödənilən borcu 12395 manat, qalıq borcu 170555 manat hesablanmaqla, ümumi borc 170555 manat qeyd olunmuşdur. 26 dekabr 2016-cı il tarixli 08-LA/16 saylı Lizinq müqaviləsi üzrə ödəniş qəbzləri, ödəniş tapşırıqları, Lizinq alanın ödəniş tarixçəsi, xx.xx.2016-cı il tarixli, 08-LA/16 saylı Lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla “X4 Təsərrüfatı” MMC-nin xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə olan gecikdirilmiş ödənilməli borc 116194 manat, ödənilən borc 21403 manat, öhdəliyi dəyişən məbləğ 96174 manat, qalıq borc 1383 manat, ümumi qalıq borc 54873 manat qeyd olunmuşdur. Ekspertin əvvəlki 3-16-16/2-10/6805; 3/1444; 9/6878 nömrəli xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmiş bir sıra suallar üzrə "xxxx" ASC ilə “Distant Complex Limited” şirkəti arasında bağlanmış xx.xx.2010-ci il tarixli, 42/10 saylı Beynəlxalq standartlara uyğun paralel tipli 2X12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların satınalınması və quraşdırılması barədə müqavilə üzrə alınmış avadanlıqların dəyəri "xxxx" ASC ilə “X4 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı sağım meydançası, peyin təmizləyən və yem paylayan avadanlıqlarının lizinqə verilməsi barədə müqavilədə və xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli, D-02- LA/12 saylı razılaşmada ümumi göstərildiyindən və həmin müqavilə üzrə ödənişlərin avadanlıqlar üzrə ayrı-ayrılıqda ödənilməməsinə görə “X4 Təsərrüfatı” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 02-LA/12 saylı lizinq müqaviləsi üzrə peyin çıxarma və nəql etmə sisteminin dəyərini və həmin avadanlıq üzrə borc qalığını müəyyən etmək mümkün olmamışdır. 28 fevral 2023-cü il tarixli MŞB/16-00236 nömrəli mediasiya arayışından məlum olurki, “X4 Təsərrüfatı” MMC tərəfindən ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.2-ci maddəsinə əsasən müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən dəyəri 635250 manat olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə ödənişlər aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli heyvandarlıq kompleksi üçün əlavə avadanlıqların lizinqə verilməsi barədə müqaviləyə əsasən dəyəri 172450 manat olan heyvandarlıq kompleksi üçün əlavə avadanlıqlar ödənişlər edildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətinədək lizinqə verilmişdir. "xxxx" ASC-yə məxsus texnoloji avadanlıqların xx.xx.2020-ci il tarixinə inventarizasiyası akı ilə 2ci Qarabağ müharibəsi zamanı atılan mərminin bir neçəsinin peyin kürüyən və peyin kürüyən qolu avadanlıqlarına ziyan vuraraq yararsız hala salması faktı təsdiq olunur. İddiaçı lizinqə verilmiş peyin kürüyən və peyin kürüyən qolu avadanlıqlarının dəyərinin müqavilənin ümumi dəyərindən çıxılması öhdəliyinin cavabdeh üzərinə qoyulmasını onunla əsaslandırmışdır ki, avadanlıqlar onun iradəsindən asılı olmayan səbəblərdən, 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı düşmən tərəfindən atılmış mərmi nəticəsində sıradan çıxaraq yarasız vəziyyətə düşmüş və sonda həmin avadanlıqlar onun mülkiyyətinə keçməyəcəyinə, onları istifadə edə bilmədiyinə görə həmin avadanlıqlar üçün ödənişləri ödəməkdən azad olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, qanunvericilik normalarını, müqavilənin şərtlərini nəzərə almaqla hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış hər iki lizinq müqaviləsinin 7.1-ci bəndində tərəflərin qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsi halında müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən azad edilməsini müqavilədə nəzərdə tutulmuş öhdəliklərin həyata keçirilmə müddətinin qarşısıalınmaz qüvvənin mövcud olduğu müddətə keçirilməsi kimi şərtləşdirmişdir. İddiaçı müqavilənin həmin bəndinə istinad edərək Vətən müharibəsi zamanı düşmən mərmisinin atılması ilə lizinq avadanlığının yararsız hala düşməsini, qarşısı alınmaz qüvvənin təsiri nəticəsində öhdəlikdən azad olma kimi qiymətləndirmişdir. Halbuki müqavilənin həmin bəndi müqavilədən irəli gələn öhdəlikləri həyata keçirməməyə görə məsuliyyətdən azad edilmənin əsaslarını nəzərdə tutmuş, lizinq obyektinin iddiaçının iradəsindən asılı olmayan səbəblərdən məhv olmasını deyil. Yəni, məsələn, Vətən müharibəsi zamanı iddiaçı döyüş əməliyyatlarının getdyi ərazidə olsa idi və o, həmin ərazini tərk edərək müqavilədən irəli gələn öhdəliyini həyata keçirə bilməsə idi, yəni vaxtında lizinq ödənişini ödəyə bilməsə idi, o, həmin dövr üçün ödənişləri gecikdirməsinə baxmayaraq məsuliyyətdən azad edilərdi. Lakin bu onu tamamilə müqavilə üzrə öhdəliklərdən azad edən hal deyildir. Bundan başqa Mülki Məcəllənin 748-7.1-ci maddəsində lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunmasının lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadığı halda onun vaxtından əvvəl sıradan çıxması ilə bağlı məsuliyyətini lizinq obyektinin faktiki qəbulu anından lizinq alanın daşıdığı qeyd edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən həmin lizinq avadanlıqları cavabdehdən təhvil alınaraq onun istifadəsində və sərəncamında olmuş, avadanlıqlara dəyən mərmi nəticəsində onların vaxtından əvvəl sıradan çıxması iddiaçının iradəsindən asılı olmayan səbəbdən irəli gəlsə belə, mülki qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 3.3-cü bəndinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşımışdır. Lizinq müqaviləsində qeyd edilmiş qarşısı alınmaz qüvvənin meydana gəlmə halı isə öhdəliklərin həyata keçirilmə müddəti ilə bağlı olmuş, hər hansı səbəbdən yarasız vəziyyətə düşdüyü halda avadanlığın dəyərinin lizinq müqaviləsinin dəyərindən çıxılması üçün əsas deyildir. Həmçinin mülki qanunvericilikdə və tərəflər arasında imzalanmış müqavilələrdə lizinq obyektlərini lizinq alana təhvil verildikdən sonra həmin avadanlıqların təsadüfən, tərəflərin iradəsindən asılı olmayan səbələrdən məhv olması, yararsız hala düşməsi zamanı lizinq verənin hər hansı məsuliyyəti nəzərdə tutulmamışdır. Bundan başqa tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrin 2.1.2-ci bəndinə əsasən lizinq verən lizinq alanın müraciəti ilə avadanlıqların sığortalanmasını həyata keçirir. İddiaçı vaxtında lizinq verənə müraciət edərək lizinq avadanlıqlarını sığortalada, bununla da avadanlıqların məhv olması və ya yarasız hala düşməsi zamanı əmələ gələcək ziyanın qarşısını ala bilərdi. İddiaçı tərəfindən bu barədə lizinq verənə müraciət olunmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də məhkəmə qeyd edilənləri nəzərə alaraq iddia tələbini əsassız sayır və onun rədd edilməsini qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumuna görə ödəniş iddiaçıya aid edilməli, kompleks məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğ “X4 Təsərrüfatı” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X4 Təsərrüfatı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “pul tələbi və cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddiası rədd edilsin. Kompleks məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti “X4 Təsərrüfatı” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-131/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-131/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver