Məhkəmə qərarları › İş №e-2-2(113)-1312/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1312/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1312/2022 16.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.016.263,82 manat pulun illik 5 faizini təşkil edən 357.011 manat pulun və və hazırki məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc 400 manat, ümumilikdə 357.411 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 (bundan sonra mətndə MMC (əvvəlki adı və təşkilatı hüquqi forması: Bayram-M Şirkəti)) Azərbaycan Respublikası qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən sahibkarlıq subyektidir. MMC nizamnaməsində göstərilən və qanunla qadağan edilməmiş bir sıra fəaliyyət sahələri - yükdaşıma, tikinti, tikinti məhsullarının istehsalı ilə məşğul olur. Bundan irəli gələrək MMC ilə cavabdeh təşkilat arasında bağlanmış 04.04.2014-cü il tarixli, 14-AİS-076 saylı müqaviləyə əsasən MMC cavabdehə asfalt hamarlayıcı və asfalt birləşdirici layın hər tonunun qiyməti 50 manat olmaqla verməyi, cavabdeh isə verilmiş malın həcminə uyğun olaraq razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış 26 noyabr 2014- cü il tarixli, 14-AİS-369 saylı müqaviləyə əsasən MMC asfalt qatı üçün istifadə olunan asfalt materialını tonu 52 manat olmaqla cavabdeh təşkilata verir, sonuncu isə məhsulun dəyərini ödəyir. Tərəflər arasında əlavə olaraq texnikanın icarəsi, daşınma xidmətləri və başqa bir sıra müqavilələr imzalanmışdır. İlk vaxtlarda hər iki tərəf müqavilələr üzrə öhdəlikləri lazımi qaydada və vaxtında icra etsə də, sonradan cavabdeh təşkilat müqavilə öhdəliklərinin icrasından yayınmış, verilmiş məhsulların və göstərilmiş xidmətin müqabilində ödənilməli pul vəsaitini ödəməmişdir. Bununla bağlı çoxsaylı müraciətlər nəticəsiz qalmış, bundan sonra MMC cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-2(81)-389/16 saylı qətnaməsi ilə MMC-nin iddiası təmin olunaraq 3.768.645,82 pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə 10 mart 2016-cı il tarixdə qanuni qüvvəsini almış və 28 mart 2016-cı il tarixdə icra vərəqəsi verilmiş, 15.04.2015-ci il tarixdə Binəqədi rayon icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2014-cü il 01 may tarixli, 14-AİS-165 saylı icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə müqavilənin 2.1-ci bəndində göstərilən malları tam yararlı vəziyyətdə "xxxx" MMC-yə verir, sonuncu isə öz növbəsində icarə haqqını ödəyir. Eyni zamanda, "xxxx" MMC tərəfindən 538.3 ton bitum "xxxx" MMC-yə saxlanca verilmiş, bitumun 1 tonunun qiyməti 400,0 manat müəyyən edilmiş, daşıma xərcləri də daxil ümumi borc 274.618 manat təşkil etmişdir. Cavabdeh təşkilat saxlanca verilmiş bitum məhsuluna qanunsuz sərəncam verməklə istifadə etmiş, bitumun haqqı və daşınma xərcini isə ödəməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 06 noyabr tarixli, 1119/2017 saylı qətnaməsi ilə iddaçı "xxxx" MMC-nin cavabdeh Azərinşaatservis MMC-yə qarşı iddiası təmin edilərək 247.618 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə əsasında 31 avqust 2018-ci il tarixdə icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən 12.09.2018-ci il tarixli icraata başalamaq haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilən hər iki qətnamə cavabdeh tərəfindən icra edilməmiş, cavabdehin həmin qətnamələr üzrə ümumilikdə 4.016.263,82 manat borc öhdəliyi vardır. Həmin öhdəlik ilkin olaraq müqavilə öhdəliyi, daha sonra isə qanuni qüvvəsini almış məhkəmə aktı ilə yaranmış öhdəlikdir. Borc öhdəliyinin vaxtında icra edilməməsi müqavilə üzrə xidmət göstərmiş, mal satmış tələbkarı qanuni gözləntilərdən məhrum etmiş, əlavə olaraq onu zərərə məruz qoymuşdur. Bu baxımdan hesab edirlər ki, həmin zərər kompensasiya edilməlidir. İddiaçı tərəfindən zərərin ödənilməsi, gecikmiş ödənişə görə faiz hesablanması və hesablanmış faizin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş № e-2-2(81)-877/2019 saylı, 20.12.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən 611.669,25 manat məbləğində gecikmə faizi tutularaq İddiaçı1 MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda hesab edirlər ki, borclu təşkilat əsas borcun və məhkəmə qətnaməsi ilə hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı tədbir görmədiyindən və tələbkarın məruz qaldığı zərər hər gün davam etdiyindən, borcluya qarşı yeni tələb irəli sürülməli, əsas borc məbləğinə faiz hesablanmaqla borcludan tutulmalıdır. Bu cür hesablanma əvvəlki məhkəmə aktı nəzərə alınmaqla ümumi borca illik 5% hesablanmalı, müəyyən olunmuş məbləğ cavabdehdən tutulmalı və tutulmanın tarixi faizin hesablanmasına dair qətnamənin çıxarıldığı gün hesab edilməlidir. Ümumi məbləğ - əsas borc 4.016.263,82 manat təşkil edir. Həmin məbləğə faiz aşağıdakı kimi hesablanır: 4.016.263,82 x 0.05:360 bank gününə = 577.8 ; 577.8 x 640 gün = 357.011 manat. Beləliklə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin faizin hesablanmasına dair qətnaməsinin çıxarıldığı 20.12.2019-cu il tarixdə ərizənin tərtib edildiyi 03.09.2021-ci il tarixə 4.016.263,82 manat pulun 5 faizini təşkil edən 357.011 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdil. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini, Cavabdeh MMC-yə məxsus bütün əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verildiyini, Cavabdeh MMC-nin bütün əmlak hüquqlarına xitam verildiyini, iddia təmin edilsə belə onların ödəniş edə bilməyəcəyini, cəmiyyət 2015-ci ildən fəaliyyətini dayandırdığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 19.04.2016-cı il tarixdə təsdiq edilmiş və dövlət qeydiyyatına alınmış İddiaçı1 MMCnin nizamnaməsindən (3-cü redaksiyada) görünür ki, Cəmiyyət 03.06.1996-cı il tarixdə 29552 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və 15.12.2015-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişərək "xxxx" MMC-yə çevrilmiş hüquqi şəxsin hüquqi varisidir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-2-(81)- 389/2016 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin iddiası təmin edilərək, Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 3.768.645,82 manat məbləğində ödənilməmiş borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2-2(81)- 1119/2017 saylı qətnaməsinə əsasən, İddiaçı1 MMC-nin iddiası təmin edilmiş, Cavabdeh MMC-dən 538,3 ton bitumun dəyəri olan 215.320 manat və həmin bitumun daşınma xərclərini təşkil edən 32.298 manat, ümumilikdə 247.618,0 (iki yüz qırx yeddi min altı yüz on səkkiz) manat məbləğində pulun İddiaçı1 MMC-nin xeyrinə tutulması qət edilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-877/2019 saylı 20.12.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh MMC-dən 611.669,25 manat məbləğində gecikmə faizi tutularaq İddiaçı1 MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən olunur ki, Cavabdeh MMC-nin iddiaçıya 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-2-(81)-389/2016 saylı qətnaməsinə əsasən 3.768.645,82 manat, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2017ci il tarixli, 2-2(81)-1119/2017 saylı qətnaməsinə əsasən 247.618,0 manat olmaqla ümumilikdə məhkəmə qətnamələrinə əsasən 4.016.263,82 manat məbləğində borc öhdəliyi olduğundan iddiaçı ödənilməli olan borc məbləğinin gecikdirilmiş vaxt üçün illik beş faizinin ödənilməsi ilə bağlı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanaraq Cavabdeh MMC-nin "xxxx" MMC-yə olan hər iki qətnamə üzrə pul öhdəliklərinə məhkəməyə müraciət etdiyi tarixədək olan müddət illik 5 % olmaqla hesablanmış 611.669,25 manat faiz borcunun cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab etmişdir. İddiaçı1 MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq 357.011 manat məbləğində pulun 3 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 fevral 2016-cı il tarixli 2-2-(81)-389/2016 saylı və 06 noyabr 2017-ci il tarixli 2-2(81)-1119/2017 saylı qətnamələri ilə Cavabdeh MMC-dən İddiaçı1 MMC-nin xeyrinə müvafiq olaraq 3.768.645,82 manat və 247.618,0 manat, ümumilikdə 4.016.263,82 manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamələr üzrə tutulması qət edilmiş pul vəsaitlərinin iddiaçıya ödənilməsi qanunla müəyyən edilmiş müddətdə təmin edilmədiyindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli e-2-2(81)-877/2019 saylı qətnaməsinə əsasən sözügedən qətnamələr üzrə tutulması qət edilmiş pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh MMC-dən 20.05.2019-cu ilədək olan dövr üçün illik 5 % hesabı ilə 611.669,25 manat məbləğində gecikmə faizinin tutularaq İddiaçı1 MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamələr Cavabdeh MMC tərəfindən halhazıradək icra edilməmiş, 4.016.263,82 manat məbləğində pul vəsaiti, eləcə də həmin məbləğə 20.05.2019-cu ilədək olan dövr üçün hesablanmış gecikmə faizləri iddiaçıya ödənilməmişdir. Hazırda İddiaçı1 MMC 20.12.2019-cu il tarixdən (gecikmə faizinin tutulması barədə qətnamənin qəbul edildiyi tarixdən) sonrakı dövr üçün gecikmə faizlərin Cavabdeh MMC-dən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin məhkəmə qətnamələri ilə ödənilməsi qət edilmiş pul vəsaitlərini (4.016.263,82 manat) halhazıradək ödəmədiyini, yəni məhkəmə qətnamələri üzrə pul öhdəliyinin icrasını gecikdirməkdə davam etdiyini, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli e-2-2(81)-877/2019 saylı qətnaməsi ilə həmin borcun gecikdirilməsinə görə faizlərin yalnız 20.05.2019-cu ilədək olan dövr üçün tutulması qət edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e- 2-2(81)-877/2019 saylı 20.12.2019-cu il tarixli qətnaməsinin qəbul edildiyi tarixdən sonrakı müddət üçün də faizlərinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan faizlərin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, gecikmə faizlərinin tutulması dair məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən - 20.12.2019-cu il tarixindən hazırkı iddianın verildiyi tarixədək - 14.02.2022-ci il tarixədək olan müddətdə cavabdeh pul öhdəliyinin ödənilməsini 2 il 1 ay 23 gün (783 gün) gecikdirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 640 günlük müddət üçün pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanmış 357.011 manat (4.016.263,82 x 5%:360 = 557,83; 557,83 x 640 gün = 357.011 manat) məbləğində gecikmə faizlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Cavabdeh MMC-nin iddiaya qarşı etirazında göstərdiyi - kredit borcunun ödənilməməsi ilə əlaqədar ona məxsus bütün əmlakların "xxxx" QSC BOKT-un mülkiyyətinə verilməsi, eləcə də hazırda MMC-nin fəaliyyətinin dayandırılması barədə dəlillərinə münasibətdə qeyd edir ki, göstərilən hallar cavabdehi qanuni qüvvədə olan məhkəmə qətnamələrinin qanunla müəyyən edilmiş müddətdə icra edilməməsinə görə məsuliyyətdən azad etmir və hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu də ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 400 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 357.011 manat məbləğində gecikmə faizi və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar