Məhkəmə qərarları › İş №e-2-2(113)-1312/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1312/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1312/2024 17.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddətinin tətbiqi) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC-yə (əvvəlki adı “X2” MMC) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 48733.51 məbləğində pulun, 37 manat dövlət rüsumunun və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “X2” MMC arasında 646 S-2019 saylı 02 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan “X2” MMC-nin adı dəyişdirilərək, "xxxx" MMC olmuşdur. 646 S- 2019 saylı 02 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-dən tikinti materialları alınmışdır. Göstərilən müqavilə üzrə cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 48733.51 ödəniş edilməli idi. Lakin cavabdeh tərəfindən göstərilən məbləğin ödənilməsi təmin olunmamışdır. İddia ərizəsi və pretenziyalar cavabdehlərin hər ikisinə dövlət vergi xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə çatdırılmışdır. Tərəflərə, Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün İMS-də iştiraka dəvət üçün xx.xx.2023-cü il tarixli , MŞB/6-1032 nömrəli bildiriş göndərilmişdir. Cavabdeh tərəflər iddia ərizəsinə, pretenziyaya heç bir cavab verməmiş və mediasiya sessiyasında iştirak etməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 389.1-ci maddələrinə istinad olunmuşdur Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh "xxxx" MMC tərəfindən iddia tələbinə münasibətdə ərizə təqdim edilərək qeyd edilmişdir ki, iddiaçının iddiası əsassızdır, rədd edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən İddiaçı MMC onunla cavabdeh “X2” MMC (hazırda "xxxx" MMC) arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 646 S-2019 saylı müqaviləyə əsasən ümumi dəyəri 48.733.51 manat dəyərində tikinti materiallarının cavabdeh tərəfindən satın alındığını, lakin qeyd olunan pul vəsaitinin iddiaçıya ödənilmədiyini qeyd etmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, iddiaçı 48.733.51 manat dəyərində tikinti materiallarının cavabdeh “X2” MMC-yə ("xxxx" MMC) təhvil verildiyini iddia etsə də, onun tərəfindən malın cavabdehə təhvil verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2019-cu il tarixli qaimələr üzrə hüququn məhkəmə qaydasında müdafiəsi üçün qanunla müəyyən olunmuş müddəti ötürülmüşdür. Belə ki, Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan 02 avqust 2019-cu il tarixli, 646 S-2019 saylı müqavilənin 2.2.2-ci bəndindən görünür ki, alğı-satqısı həyata keçiriləcək malların haqqı “Satıcı” tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 (on beş) təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilir. Həmin bəndin tələbi nəzərə alınmaqla, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən olunmuşdur, İddiaçı MMC-nin iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia tələbinə münasibətdə ərizə təqdim edilərək qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı MMC onunla cavabdeh “X2” MMC arasında bağlanmış 02 avqust 2019-cu il tarixli, 646 S-2019 saylı müqaviləyə əsasən ümumi dəyəri 48.733.51 manat dəyərində tikinti materiallarının cavabdeh tərəfindən satın alındığını, lakin qeyd olunan pul vəsaitinin iddiaçıya ödənilmədiyini qeyd etmişdir. Bildirir ki, iddiaçı 48.733.51 manat dəyərində tikinti materiallarının cavabdeh “X2” MMC-yə ("xxxx" MMC) təhvil verildiyini qeyd etsə də, onun tərəfindən göstərilən miqdarda malın cavabdehə təhvil verilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Göründüyü kimi, qeyd edilən mülki hüquq normalarına əsasən alqı-satqı müqaviləsi üzrə satıcı malı alıcıya təhvil verməyə borcludur və yalnız həmin öhdəlik yerinə yetirildikdə alıcının malın dəyərini satıcıya ödəmək öhdəliyi yaranır. Buna baxmayaraq iddiaçı iddia etdiyi müqavilə üzrə alınmış malların alıcıya təhvil verilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsası kimi istinad olunan elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş qaimələrin əsillərinin məhkəməyə təqdim olunmasının iddiaçıya təklif olunmasına, bununla əlaqədar bir neçə dəfə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq, iddiaçı tərəfindən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən hesab edir ki, prosessual qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən iddia tələbinin əsası kimi məhkəməyə təqdim edilmiş qeyd olunan qaimələrin surətlərinin sübut kimi qəbul edilməsi yolverilməz olduğundan iş materiallarından xaric edilməlidir. Bundan əlavə iddiaçı hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan 02 avqust 2019-cu il tarixli, 646 S-2019 saylı müqavilənin 2.2.2-ci bəndindən görünür ki, alqısatqısı həyata keçiriləcək malların haqqı “Satıcı” tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilir. Beləliklə, 02 avqust 2019-cu il tarixli, 646 S-2019 saylı müqavilənin 2.2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən olunur. Belə ki, təqdim olunmuş qaimələr əsasında malların 2019-cu ilin oktyabr, noyabr, 2020-ci ilin yanvar, fevral, aprel, may aylarında cavabdehə təhvil verilməsini nəzərə alsaq, qeyd olunan tarixlərdə malların təhvil verilməsindən 15 gün keçdikdən sonra iddiaçı hüquqlarının pozulmasından məlumatlı olmuşdur. Bu baxımdan 02 avqust 2019-cu il tarixli, 646 S-2019 saylı müqavilənin 2.2.2-ci bəndinə uyğun olaraq iddiaçı üçün iddia müddətinin axımının malların təhvil verilməsindən 15 gün sonra başlanıldığı nəzərə alınarsa, onun tərəfindən qanunvericiliklə müqavilə tələbləri üçün nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunduğu müəyyən olunur. Qeyd edilənlərdən əlavə bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti qeyd olunan müqavilə üzrə hər hansı qisimdə tərəf olmadığından, mövcud qanunvericiliyə əsasən həmin müqavilə üzrə Xidmət hər hansı öhdəlik daşıya bilməz. Bu səbəbdən iddia ərizəsində Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh qismində qeyd olunması tamamilə əsassızdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əmlak Məsələləri Dövlət Xidmətinin yuxarıda qeyd edilən müqavilənin tərəfi olmadığını nəzərə alaraq, həmin müqavilə üzrə yaranmış öhdəliklə bağlı Xidmətə qarşı hər hansı iddia da qaldırıla bilməz, həmçinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndələri ərizələrdə göstərilənləri təsdiq edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişlər. İİ. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” “X2” MMC arasında bağlanmış 549 S-2019 nömrəli 02 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, bu müqavilənin predmetini, satıcı İddiaçı MMC-nin anbarından “Alıcı” “X2” MMC tərəfindən mal və avadanlıqların alınması ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Satılan malların qiyməti yazılan qaimə faktura ilə göstərilir. Alınan mal və avadanlıqların hər bir partiyası üçün tərəflər bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə tərtib edilməsi, həmin əlavədə alınan mal və avadanlığın adı, növü, sayı və qiyməti barədə məlumatların qeyd edilməsi şərtləşdirilmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, bəhs edilən razılaşmalar üzrə alqısatqısı həyata keçiriləcək malların haqqı “Satıcı” tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 (on beş) təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilir. Əgər Alıcı göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya satıcı malı göstərilən müddətdə təhvil verməzsə gecikdirilmiş hər gün üçün malların dəyərinin 0.1% həcmində cərimə ödəməlidir. 11 yanvar 2024-cü il tarixli, maliyyə arayışına əsasən, "xxxx" MMC-nin xx.xx.2024cü il tarixinə borcu 48733,51 manat təşkil edir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi müxtəlif vaxtlara aid 39 ədəd elektron qaimələrdə ümumilikdə 48733,51 manat dəyərində mallar ödənilməsi üçün İddiaçı MMC tərəfindən “X2” MMC-yə təqdim edilmişdir. İİİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə “X2” MMC (indiki adı "xxxx" MMC) arasında nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Lakin müqavilə üzrə malların cavabdehlərə verilməsi, həmin malların adı, razılaşdırılmış qiyməti barədə məhkəməyə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə əsasən iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. MPM-in 77-ci maddəsinə əsasən tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin 48733,51 manat borcu olduğu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə cavabdehlərinin ərizələrinə ayrı-ayrılıqda hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə hər iki cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə İddiaçı MMC ilə “X2” MMC arasında bağlanmış 549 S-2019 nömrəli 02 avqust 2019-cu il tarixli müqaviləyə münasibətdə qeyd edir ki, həmin müqavilə üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı MMC qarşısında heç bir öhdəlik götürməmiş, ümumiyyətlə müqavilənin tərəfi olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci 3703 №-li Sərəncamı ilə özəlləşdirməyə açılmış və "xxxx" QSC BOKT tabeliyində fəaliyyət göstərən "X2” MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi barədə təhvil-qəbul aktına əsasən yalnız mühasibat uçotu üzrə balansı və Cəmiyyətin fəaliyyəti ilə əlaqədar sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təhvil alınmış, həmin Xidmət “X2” MMC-nin hüquqi varisi hesab edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürməsinə dair subyektiv hüququ yaranmamışdır. Ona görə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə iddia tələbi müddətin ötürülməsinə görə yox, məhz iddiaçının subyektiv hüququnun yaranmaması ilə bağlı rədd edilməlidir. Məhkəmə, iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqi barədə ərizəsində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişdir. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğunu qeyd etmişdir. Məhkəmə cavabdeh "xxxx" MMC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2019-ci il tarixdə bağlanmış müqavilə üzrə sonuncu elektron qaimə xx.xx.2020-ci il tarixində göndərilmiş, 15 təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilməli olduğu halda öhdəlik icra edilməmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdə başlanmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Beləliklə məhkəmə, cavabdeh "xxxx" MMC-yə münasibətdə iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyini, həmçinin iddia müddətinin keçməsini, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müqavilə üzrə tərəf olmadığı üçün ona münasibətdə vəzifələr yaratmadığını və ona qarşı iddiaçının subyektiv hüququnun olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC-yə (əvvəlki adı “X2” MMC) qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar