Məhkəmə qərarları › İş №e-2-2(113)-1312/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1312/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1312/2025 24.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən 970.00 manat əsas məbləğ və 74.60 manat ƏDV məbləğini, 2000 manat cərimə məbləği və 50 AZN ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış 18/2021 nömrəli 24 Avqust 2021-ci il tarixli mal-materialların verilməsi haqqında müqaviləyə əsasən cavabdehə 1.670 AZN dəyərində mal verimişdir. Müqavilənin Predmetiə görə Sifarişçi, Müqavilə imzalanandan sonra, işə başlayarkən protokolda qeyd olunan məbləği icraçının hesablaşma hesabına ödəməlidir. İşlər yekunlaşdıqdan sonra sifarişçinin qalıq borcunu 970.00 manat əsas məbləğ və 74.60 manat ƏDV məbləğini icraçının hesablaşma hesabına nağdsız qaydada ödəməlidir. 25 Avqust 2021-ci il tarixlərində tərəflər arasında müqavilədə nəzərdə tutulmuş işlərin icra edilməsi və 1670 AZN dəyərində malın cavabdehə verilməsi barədə Təhvil-Təslim Aktları imzalanmışdır. Buna baxmayaraq, cavabdeh xx.xx.2021-ci il tarixində 400 AZN, xx.xx.2022-ci il tarixində isə 300 ANZ ödəməklə yerdə qalan 970.00 manat Əsas məbləğ və 74.60 manat ƏDV məbləğini ödəməkdən yayınmışdır. Müqavilənin 3.3-cü bəndinə görə Sifarişçi bu müqavilənin 2.2 bəndində qeyd olunan müddət ərzində ödənişi aparmırsa İcraçı (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) hər gecikdirilən gün üçün Sifarişçidən müqavilənin ümumi dəyərinin 1% məbləğində cərimə ödəməyi tələb edə bilər. Odur ki, cavabdehdən hesablanmış cərimə məbləği 2000 (iki min) manatdan artıq olmamaqla tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 18/2021 saylı müqavilə bağlanmışdır.

8. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunan xidmətləri, mal-materialları sifarişçiyə təhvil verməli, sifarişçi isə həmin mal-materialların dəyərini icraçıya ödəməlidir.

9. xx.xx.2021-ci il tarixli X1 ilə tərəflər qiyməti 0.334 manat olmaqla , ümumi dəyəri ƏDV daxil 1.970,60 manat (1.670+300,60 ƏDV) olan 5.000 ədəd kağız paketin verilməsi ilə bağlı razılığa gəlmişlər.

10. Müqavilə və protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

12. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imzası ilə təsdiq edilmiş xx.xx.2021ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı MMC 1.670 (ƏDV-siz) manat dəyərində malları Cavabdeh MMC-yə təhvil vermişdir.

13. Bundan başqa iddiaçı cavabdehə EBBG seriyalı 876522 nömrəli xx.xx.2021-ci il tarixli dəyəri 1.970,60 manat olan elektron qaimə göndərmişdir.

14. Hazırda iddiaçı tərəf cavabdehin 970 manat əsas borc və 74.60 manat ƏDV borcunun qaldığını bildirir.

15. Məhkəmə hesab edir ki, elektron qaimədə və təhvil-təslim aktında əks olunmuş sayda mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir, ona görə də sonuncunun verilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

16. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

17. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 970 manat əsas borcun və 74,60 manat ƏDV borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.

18. Məhkəmə 2.000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi bu müqavilənin 2.2-ci bəndində qeyd olunan müddət ərzində ödənişi aparmırsa icraçı hər gecikdirilən gün üçün sifarişçidən müqavilənin ümumi dəyərinin 1% məbləğində cərimə ödəməyi tələb edə bilər.

20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

21. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 50 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

22. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

23. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 30,94 manat təşkil edir

24. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 970 (doqquz yüz yetmiş) manat əsas borc, 74 (yetmiş dörd) manat 60 (altmış) qəpik ƏDV borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1.094 (bir min doxsan dörd) manat 60 (altmış qəpik) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 94 (doxsan dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar