Məhkəmə qərarları › İş №e-2-2(113)-1314/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1314/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1314/2022 05.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 nümayəndəsi (direktoru) X3 iştirakı ilə, İddiaçı "xxxx" X1 cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı kommunal xidmət haqqı qismində 01.04.2020-ci il tarixindən, 01.07.2021-ci il tarixinə 7286,44 manat məbləğində yaranmış borcun, 728,64 manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinə ödənilmiş 100 manatın, dövlət rüsumu üçün ödənilmiş 101,15 manatın, ümumilikdə 8216,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı kommunal xidmət haqqı qismində 01.04.2020-ci il tarixindən, 01.07.2021-ci il tarixinə 7286,44 manat məbləğində yaranmış borcun, 728,64 manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinə ödənilmiş 100 manatın, dövlət rüsumu üçün ödənilmiş 101,15 manatın, ümumilikdə 8216,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasına iddiaçı tərəfindən 2011-ci ildən etibarən kommunal xidmətlər göstərilir. Xidmətlərin göstərilməsinə dair yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə iddiaçı arasında xidmət müqavilələri bağlanılmış və həmin müqaviləyə əsasən ödənişlər aparılması həyata keçirilir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçı arasında 01 sentyabr 2015-ci il tarixli “Kommunal xidməti haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilədə nəzərdə tutulan kommunal xidmət haqlarını ödəmişdir. Daha sonra, xidmət haqqı tarifində dəyişikliklər olduğu üçün, 01 yanvar 2020-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “Kommunal xidmət haqqında” müqavilə yenidən bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icarəyə götürülmüş ünvan 1 ünvanda, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə görə kommunal xidmət haqqı ödənilsə də, təxminən fevral, mart 2020-ci il tarixlərində ödəmələrdə gecikmələr başlanmışdır. Dəfələrlə şifahi xəbərdarlıqlara baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcu qısa zamanda ödəyəcəyini söz versə də, nəticədə sentyabr 2020-ci ildən etibarən ödənişlər tam dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Buna baxmayaraq bank sözügedən qeyri-yaşayış sahəsində fəaliyyətdə olmaqla bərabər, həmin sahəyə müəssisə tərəfindən kommunal xidmətlər də göstərilməyə davam etdirilmişdir. “Mənzil Kommunal xidməti haqqında” müqavilənin 2.2-ci maddəsinin bəndinə əsasən, “Sifarişçi” yerinə yetirilmiş iş və xidmət haqlarını vaxtında ödəməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə uyğun olaraq, “Sifarişçi” hər ayın 01-i tarixindən gec olmayaraq, 586,69 manat məbləği “İcraçı”ya ödəyir. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəmənin hər gecikdirilən günü üçün borcun məbləğinin 0,1% miqdarında, ümumi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu hesablana bilər. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aprel 2020 – iyun 2021-ci il dövrü üçün kommunal xidmət haqqları ödənilməmiş, nəticədə iddiaçıya 01.07.2021-ci il tarixinə 7286,44 manat məbləğində borc yaranmışdır. Bundan əlavə, müqavilə şərtlərinə uyğun olaraq 728,64 manat məbləğində dəbbə pulu hesablanmışdır. Daha sonra, 25.10.2021-ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna hesablanmış kommunal xidmət haqqının ödənilməsinə dair pretenziya məktubu göndərilmişdir, lakin pretenziya cavabsız olaraq qalmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, cavabdehlə müəssisə arasında yaranan mübahisənin həlli məqsədilə mediatora müraciət olunsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla əlaqədar olaraq 4 saylı Mediasiya təşkilatından müvafiq arayış təqdim edilmiş, eləcə də mediasiya xərclərini iddiaçının ödədiyi göstərilmişdir. İddiaçının nümayəndəsi (direktoru) X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01.09.2015-ci il tarixli “Kommunal xidməti haqqında” müqavilədən görünür ki, iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı ilə ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində qeyriyaşayış sahəsini və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsini, həyətyanı sahənin yaşıllaşdırılmasını, abad saxlanmasını, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01.01.2020-ci il tarixli “Kommunal xidmət haqqında” müqavilədən görünür ki, iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı ilə ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində qeyriyaşayış sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsini, həyətyanı sahənin abad saxlanmasını və s., "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə iddiaçının nümayəndəsinin (direktoru) izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 01.01.2020-ci il tarixli “Kommunal xidmət haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tapşırığı ilə ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsinə sahəkommunal xidmətlərin həyata keçirilməsini, həyətyanı sahənin abad saxlanmasını və s., "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehi iddia tələbini ona qarşı irəli sürməyə imkan verən cavabdeh kimi qəbul etmək mümkün deyildir. Çünki hazırkı işdə xidmət müqaviləsi hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq sifarişçi ilə icraçı arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin cavabdehə aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, cavabdeh öhdəlik münasibətinin subyekti (sifarişçi və ya icraçı) deyil. İkincisi, cavabdehin, öhdəlik münasibətinin obyektinə (qeyri-yaşayış sahəsinə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) cavabdehə hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (sifarişçinin işi və ya xidməti qəbul etmək hüququ) və hüquqi vəzifə (işin və ya xidmətin haqqını ödəmək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Beləliklə, hazırkı vəziyyətdə cavabdeh müqavilənin tərəfi olmadığından, eyni zamanda müqavilə tərəfi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" X1 cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı kommunal xidmət haqqı qismində 01.04.2020-ci il tarixindən, 01.07.2021-ci il tarixinə 7286,44 manat məbləğində yaranmış borcun, 728,64 manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinə ödənilmiş 100 manatın, dövlət rüsumu üçün ödənilmiş 101,15 manatın, ümumilikdə 8216,23 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" X2 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar