Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1317/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 80 manat vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə bağladığı müqavilələr üzrə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 60 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, İddiaçı Abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğində 0,1 % miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər İddiaçı tərəfindən davam etdirilir. Cavabdeh borcunun ödəməsinin son tarixi xx.xx.2019-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış telekommunikasiya xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli abunə müqavilələrin surətindən görünür ki, həmin müqavilələrin predmetini İddiaçı MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi; abunəçi tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilələrin 4.1-ci bəndinə görə abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. -İddiaçı MMC tərəfindən verilmiş cari hesab arayışları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu ***-***-**-** nömrəsi üzrə 30 manat; ***-***-**-** nömrəsi üzrə 30 manat təşkil edir. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilələr üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 60 manat məbləğində borcun xx.xx.2020-ci il tarixdən gec olmayaraq tam həcmdə ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2018-ci il tarixli abunə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-nin adına olan mobil telefon nömrələrinə telekommunikasiya xidmətləri göstərmiş, lakin cavabdeh göstərilmiş xidmət və abunə haqqını ödəməməklə müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuş, nəticədə 60 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, borc məbləğinin ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən göstərilmiş telekommunikasiya xidmətlərin müqabilində 60 manat abunə və xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 60 (altmış) manat abunə və xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1317/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1317/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver