Məhkəmə qərarları › İş №e-2-2(113)-1317/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1317/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1317/2022 22.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X1 Müəssisəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Müəssisəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən "xxxx" MMAM-nin xeyrinə 08.07.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqavilə üzrə ƏDV daxil 3186 manat; 25.06.2020-ci il tarixli Xidmət müqaviləsi üzrə ƏDV daxil 6608 manat; ƏDV daxil 3186 manat borca görə illik 5 faiz olaraq 398,25 manat, ƏDV daxil 6608 manat borca görə illik 5 faiz olaraq 495,59 manat faiz, ümumilikdə 893,84 manat faiz; hüquqi xidmətlərə görə ödənilmiş 800 manat və ödənilmiş 126 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı müəssisə arasında imzalanmış 08.07.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqaviləyə əsasən 2018 və 2019-cu illər üzrə auditor xidməti göstərilmişdir. Həmin müqavilə üzrə ümumi xidmət haqqı ƏDV daxil 23 600 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan xidmət haqqı məbləğindəndən "xxxx" MMC tərəfindən ƏDV daxil 20060 manat məbləğində vəsait ödənilsə də, yerdə qalan ƏDV daxil 3186 manat məbləğində xidmət haqqı məbləğinin ödənilməsi təmin edilməmişdir. Eyni zamanda, qeyd edilir ki, "xxxx" MMC ilə iddiaçı müəssisə arasında imzalanmış 25.06.2020-ci il tarixli Xidmət müqaviləsinə əsasən mühasibatlıq yazılarının AR qanunvericiliyinə uyğun olaraq aparılmasına dair məsləhətlərin verilməsi və nəzarət edilməsi, hesabatlar və vergitutma sahəsində məsləhət xidmətləri və nəzarət edilməsi, "xxxx" MMC-nin həyata keçirdiyi biznes fəaliyyəti zamanı mümkün ola biləcək risklərin qiymətləndirilməsinə dair xidmətlər həyata keçirilmişdir. Həmin müqavilə üzrə aylıq xidmət haqqı ƏDV daxil 826 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan müqavilə üzrə "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmiş və hal-hazırda 8 aylıq xidmət haqqı olaraq ƏDV daxil 6608 manat məbləğində borcu yaranmışdır. Ümumilikdə "xxxx" MMC-nin iddiaçı müəssisəyə borcu ƏDV daxil 9794 manat təşkil etməkdədir. Yuxarıda qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər vaxtında və layiqincə icra edilsə də, cavabdeh tərəfindən ödənişlərlə bağlı öhdəliklər icra edilməmişdir. Xidmətlərin göstərilməsi iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrlə təsdiq edilir. Həmin elektron qaimələr cavabdeh tərəfindən qəbul edilmiş və təsdiq edilmişdir. Elektron qaimələrin göndərilməsi və cavabdeh tərəfindən təsdiq edilməsi iddiaçı tərəfindən vergi orqanına edilmiş sorğuya gəlmiş cavab məktubu ilə də öz təsdiqini tapmış olur. 15.03.2022-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbi ilə bağlı izah təqdim edərək bildirmişdir ki, audit xidmətləri üzrə yaranmış əsas borc üzrə cavabdeh tərəfindən 30.04.2020-ci il tarixində 10.000 manat, 23.11.2020-ci il tarixində 5.000 manat, 17.05.2021-ci il tarixində 1.000 manat, 18.11.2021-ci il tarixində 1.000 manat, 27.12.2021ci il tarixində 300 manat, cəmi 17.300 manat, ƏDV borcu üzrə 30.04.2020-ci il tarixində 1.800 manat, 23.11.2020-ci il tarixində 900 manat, 17.05.2021-ci il tarixində 180 manat, 18.11.2021-ci il tarixində 180 manat, 27.12.2021-ci il tarixində 54 manat, cəmi 3.114 manat ödəniş edilmişdir. Ümumilikdə Auditor xidmətləri üzrə qalıq borc ƏDV daxil 3.186 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və iddia tələbinə dair açıqlamanın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış audit və mühasibatlıq sahəsində xidmətlərin göstərilməsi haqqında müqavilələrlə ilə bağlıdır. Ona görə də adı çəkilən xidmətərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəliyin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, audit və mühasibatlıq sahəsində xidmətlərin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 08.07.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə, 25.06.2020-ci il tarixli “Xidmət” müqaviləsi bağlanmış, tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Müqavilə bağlanaraq öhdəlik münasibətləri yaranmışdır. 08.07.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqaviləyə əsasən icraçı ("xxxx" X1 Müəssisəsi) 2018 və 2019-cu illər üzrə auditor xidməti göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan EBAL seriyalı 563616 saylı 24.04.2020-ci il tarixli və EBAİ seriyalı 958506 saylı 20.06.2020-ci il tarixli elektron qaimələrin surətlərindən görünür ki, "xxxx" X1 Müəssisəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2018 və 2019-cu illər üzrə auditor xidmətləri göstərilmiş və göstərilmiş xidmətlərin ümumi dəyəri ƏDV daxil 23.600 manat təşki etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" X1 Müəssisəsinə 30.04.2020-ci il tarixində 10.000 AZN, EBAL seriyalı 563616 saylı 24.06.2020-ci il tarixli elektron qaimə əsasında 23.11.2020-ci il tarixində 5.000 AZN, 17.05.2021-ci il tarixində 1.000 AZN, 18.11.2021-ci il tarixində 1.000 AZN, 27.12.2021-ci il tarixində 300 AZN məbləğində ödəniş edilmişdir. Eyni zamanda müvafiq tarixlərdə ödəniş tapşırıqlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" X1 Müəssisəsinə ƏDV üzrə 1.800 AZN, 900 AZN, 180 AZN, 180 AZN, 54 AZN məbləğində ödənişlər edilmişdir. 25.06.2020-ci il tarixli “Xidmət” müqaviləsinə əsasən icraçı ("xxxx" X1 Müəssisəsi) mühasibatlıq yazılarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmasına dair məsləhətlərin verilməsi və nəzarət edilməsi, hesabatlar və vergitutma sahəsində məsləhət xidmətləri və nəzarət edilməsi, Sifarişçinin ("xxxx" MMC-nin) həyata keçirdiyi biznes fəaliyyəti zamanı mümkün ola biləcək risklərin qiymətləndirilməsinə dair xidmətləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan EBAZ seriyalı 399239 saylı 30.03.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, "xxxx" X1 Müəssisəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci il iyul-dekabr və 2021-ci il yanvar-fevral ayları üzrə üzrə mühasibat uçotu sahəsində xidmətlər göstərilmiş və göstərilmiş xidmətlərin ümumi dəyəri 6608 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02.02.2022-ci il tarixli, **********721300 saylı məktubuna əlavə edilmiş məlumatdan görünür ki, EBAL seriyalı 563616 saylı 24.06.2020-ci il tarixli, EBAİ seriyalı 958506 saylı 20.04.2020-ci il tarixli, EBAZ seriyalı 399239 saylı 30.03.2021-ci il tarixli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi iş materiallarında olan və cavabdeh tərəfindən etiraz daxil olmamış elektron qaimələrdə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, 08.07.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqaviləyə əsasən ƏDV daxil 3186 manat, 25.06.2020-ci il tarixli “Xidmət” müqaviləsinə əsasən 6608 manat xidmət haqqı borcu vardır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə ƏDV daxil 3186 manat borca görə illik 5 faiz olaraq 398,25 manat, ƏDV daxil 6608 manat borca görə illik 5 faiz olaraq 495,59 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, ƏDV daxil 3186 manat borca nisbətdə 398,25 manat (3186x5%x30ay=398,25), ƏDV daxil 6608 manat borca nisbətdə 495,59 manat (6608x5%x18ay=495,59) pul hesablanmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 800 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" X1 Müəssisəsi tərəfindən ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 15.12.2021-ci il və 01.03.2022-ci il tarixlərində cəmi 800 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 800 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dövlət rüsumu olaraq 126 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbində dövlət rüsumu olaraq 126 manat tələb edilsə də, iş materiallarına əlavə edilmiş 11.02.2022-ci il tarixli ********* saylı və 31.01.2022-ci il tarixli ödəniş qəbzlərinin surətindən məlum olur ki, tələb edilən məbləğin 26 manat hissəsi dövlət rüsumu, 100 manat hissəsi isə mediasiyaya dair çəkilmiş xərclərə aiddir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08.07.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə üzrə əsas borc üzrə ƏDV daxil 3186 (üç min yüz səksən altı) manat, həmin məbləğə illik 5 faiz hesablanmaqla 398,25 (üç yüz doxsan səkkiz manat iyirmi beş qəpik) manat, 25.06.2020ci il tarixli “Xidmət müqaviləsi” üzrə əsas borc üzrə ƏDV daxil 6.608 (altı min altı yüz səkkiz) manat, həmin məbləğə illik 5 faiz hesablanmaqla 495,59 (dörd yüz doxsan beş manat əlli doqquz qəpik) manat, cəmi 10.687 (on min altı yüz səksən yeddi) manat, 84 (səksən dörd) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X1 Müəssisəsinin xeyrinə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 800 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X1 Müəssisəsinin xeyrinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X1 Müəssisəsinin xeyrinə ödənilsin. Dövlət rüsumu olaraq ödənilmiş 26 manat (iyirmi altı) məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X1 Müəssisəsinin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar