Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1320/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, dəbbə pulu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə yaranmış 579328 manat gecikdirilmiş borc və 420012,80 manat cərimə borcu və xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə yaranmış 189600 manat gecikdirilmiş borc və 214320 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli və xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə yaranmış 579328 (beş yüz yetmiş doqquz min üç yüz iyirmi səkkiz) manat gecikdirilmiş borc və 420012,80 (dörd yüz iyirmi min on iki manat səksən qəpik) manat cərimə borcu və xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə yaranmış 189600 (bir yüz səksən doqquz min altı yüz) manat gecikdirilmiş borc və 214320 (iki yüz on dörd min üç yüz iyirmi) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı etiraz təqdim edərək əsas borc üzrə heç bir araşdırılma aparılmaması və cavabdeh tərəfindən edilmiş ödənişlərin nəzərə alınmaması əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlıqlarının lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqaviləyə əsasən lizinq verən qiyməti ******* manat olan bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun tutumu 2000 ton olan atmosfer kontrollu (qaz sistemli) soyuducu kamera avadanlıqlarını quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 170000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən texnoloji avadanlıq üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
12. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
13. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2015-ci il tarixli protokoluna əsasən xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli lizinq müqaviləsinin 4.1ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2016-2026-cı illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.
14. Aqrolizinq” ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus damcılı suvarma sistemləri üçün avadanlıqarının lizinqə verilməsi barədə xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqaviləyə əsasən lizinq verən qiyməti ******* manat olan bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən təsnifata uyğun 285 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verir.
15. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 90000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.
16. Müqavilənin 3.1-ci bəndinə əsasən texnoloji avadanlıq üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri lizinq alan tərəfindən tam ödənilənədək lizinq verənə məxsusdur.
17. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan bu müqavilənin Əlavə 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir.
18. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
19. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavə xüsusi komissiyanın xx.xx.2012-ci il tarixli protokoluna əsasən xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli lizinq müqaviləsinin 4.1ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2012-2022-ci illərin aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.
20. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 579328 manat, cərimə borcu 420012,80 manat, cəmi 999340,80 manat təşkil edir.
21. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş əsas borcu 189600 manat, cərimə borcu 214320 manat, cəmi 403920 manat təşkil edir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli və xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli lizinq müqavilələri bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilələr ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilələr ilə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməmişdir.
23. Materiallarda olan ödəniş sənədləri və hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə ümumilikdə 170000 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 113200 manat vəsait ödənilmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
26. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
27. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli və xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli lizinq müqavilələrindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 579328 manat əsas borc, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 189600 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
29. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2ci bəndinə əsasən hesablanmış xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 420012,80 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə isə 214320 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələr üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə xx.xx.2015-ci il tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 20000 manat, xx.xx.2012-ci il tarixli 29-LA/12 nömrəli müqavilə üzrə isə 7000 manat məbləğində müəyyən edilməlidir.
34. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 579328 manat əsas borc, 20000 manat dəbbə pulu, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 189600 manat əsas borc, 7000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 500 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
37. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
40. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 1085,93 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 579328 manat əsas borc, 20000 manat dəbbə pulu, xx.xx.2012-ci il tarixli müqavilə üzrə 189600 manat əsas borc, 7000 manat dəbbə pulu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 796428 (yeddi yüz doxsan altı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 1085,93 (bir min səksən beş manat doxsan üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova