Məhkəmə qərarları › İş №e-2-2(113)-1322/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1322/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1322/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 07 may 2024-cü il tarixli, MAS-6279 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 dekabr 2024-cü il tarixə 978,31 manat gecikdirilmiş əsas, 693,93 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 785,63 manat dəbbə pulu olmaqla, cəmi 2457,87 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2024-cü il tarixli, MAS-6279 saylı daxili lizinq müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17,5% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 412,87 manat, ümumilikdə isə 14863 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 14863 manatın 11500 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6279 saylı daxili lizinq müqaviləsinə əsasən 05 dekabr 2024-cü il tarixə ümumilikdə 2457,87 manat gecikdirilmiş borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı MMC tərəfindən məhkəməyə məktubla bildirilmişdir ki, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmirlər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” - İddiaçı MMC ilə “Lizinq alan” - Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MAS-6279 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq müqaviləsinin əsas məbləğini 11500 manat təşkil edir. Lizinq alan müqavilə imzalandığı gün 0 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində və həmçinin müqavilə hər hansı səbəbdən ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan tərəfindən müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Lizinq obyektinin lizinq alana keçməsi lizinq alan və lizinq verən arasında bağlanmış mülkiyyət hüququnun keçməsi barədə akt əsasında həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə müqavilənin şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam edilərsə, lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır və lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən lizinq alan müqavilə ilə nəzərdə tutulmuş lizinq obyektini yoxlamaq imkanını təmin etmədikdə lizinq verənə 1000 manat məbləğində cərimə ödəyir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 1% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə ödənişlər lizinq alan tərəfindən pozularsa və ödənişi 3 gün müddətində gecikdirilərsə lizinq alan lizinq verən tərəfindən 300 manat məbləğində cərimə edilir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə və həmçinin lizinq alanın sürücülük hüququndan məhrum edildikdə, lizinq alan lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 15 gün əvvəlcədən xəbərdar etməklə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. - Müqaviləyə edilən 1 nömrəli Əlavədə qeyd olunmuşdur ki, lizinq obyekti: 1 ədəd “KHAZAR SD” markalı minik avtomobilidir. Avtomobilin mühərriki ban:NVAW01HHFNE440563, rəngi ağdır. Əlavənin 3-cü bəndinə əsasən təchiz ediləcək əmlakın ümumi dəyəri 11500 manatdır. - İddiaçı tərəfindən iş materiallarına “yekun sifariş” adlı 2 nömrəli Əlavə, ödəniş qrafiki (Əlavə 3) və hesabdan çıxarış əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən “KHAZAR SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 2638 saylı maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, MAS-6279 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcu 978,31 manat əsas borc, 693,93 manat mükafat borcu, 785,63 manat cərimə olmaqla, ümumilikdə 2457,87 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 2251 saylı xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh daxili lizinq müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə MAS-6279 saylı daxili lizinq müqaviləsinə əsasən ümumilikdə 1063,76 manat məbləğində gecikmə borcu yaranmışdır. Hal-hazırda daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyinə görə hər gecikdirilmiş gün üçün ümumi lizinq məbləğinin 0,3%-i miqdarında dəbbə pulu hesablanacaqdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçıdan mövcud borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə daxili lizinq müqavilənin 9-cu bəndinə əsasən müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lizinq alan razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubu ilə mövcud borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır (748- 1.9-cu maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən öhdəliklərini lazımi qaydada icra etmədiyini, iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, yəni lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq, eləcə də gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 1% dəbbə pulu hesablamaq və ödənilməsinin tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçınə geri qaytarılmalı, Cavabdeh 07 may 2024-cü il tarixli, MAS-6279 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 dekabr 2024-cü il tarixə olan 978,31 manat (doqquz yüz yetmiş səkkiz manat otuz bir qəpik) gecikdirilmiş əsas borc, 693,93 manat (altı yüz doxsan üç manat doxsan üç qəpik) gecikdirilmiş mükafat və 785,63 manat (yeddi yüz səksən beş manat altmış üç qəpik) dəbbə pulu İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçınə geri qaytarılsın. Cavabdeh 07 may 2024-cü il tarixli, MAS-6279 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 dekabr 2024-cü il tarixə olan 978,31 manat (doqquz yüz yetmiş səkkiz manat otuz bir qəpik) gecikdirilmiş əsas borc, 693,93 manat (altı yüz doxsan üç manat doxsan üç qəpik) gecikdirilmiş mükafat və 785,63 manat (yeddi yüz səksən beş manat altmış üç qəpik) dəbbə pulu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat olmaqla, cəmi 2557,87 manat (iki min beş yüz əlli yeddi manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar