Məhkəmə qərarları › İş №e-2-2(113)-1328/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1328/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1328/2025 28.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən, 41300 (qırx bir min üç yüz) manat əsas borcun, 8838,2 (səkkiz min səkkiz yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində dəbbə pulu, 16106 (on altı min yüz altı) manat əldən çıxmış fayda məbləğinin, 2000 (iki min) manat vəkil qonorarı xərcinin, 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumunun, ümumilikdə 68519,20 (altmış səkkiz min beş yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 1905/23-ASM01 nömrəli xx.xx.2023-cü il tarixli “Alqı-satqı Müqaviləsi” imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı (İddiaçı MMC) Müqavilədə müəyyən olunmuş şərtlərlə laboratoriya avadanlıqlarını, reaktiv və reaqentləri Alıcıya (Cavabdeh MMC) satmağı, Alıcı (Cavabdeh MMC) isə həmin şərrtlər daxilində Malı qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdələrinə götürmüşlər (1905/23-ASM01 nömrəli xx.xx.2023-cü il tarixli “Alqı-satqı Müqaviləsi” əlavə olunur). Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 41300 (qırx bir min üç yüz) manat məbləğində mallar satmış, Mallar cavabdehə xx.xx.2023cü il tarixində təhvil verilmiş, xx.xx.2024- cü il tarixində isə cavabdehin laboratoriya otağına quraşdırılmış, iddiaçı tərəfindən cavabdehin laboratoriya personalına təlim keçirilmişdir. Tərəflər təhvil təslim, quraşdırma və təlimə işlərinə dair E2305004 nömrəli “Texniki servis aktı” imzalamışlar (E2305004 nömrəli “Texniki servis aktı” əlavə olunur). Mallar təhvil verildikdən sonra, satılmış malların ödənişi üçün cavabdehə xx.xx.2023-cü il tarixli EBDG № 797520 e-qaimə göndərmişdir (xx.xx.2023-cü il tarixli Elektron qaimə olunur). Cavabdeh MMC xx.xx.2024-cü il tarixində 41300 (qırx bir min üç yüz) manat borcunun olmasına dair “Qarşılıqlı üzləşmə aktı” imzalamış, bir həftə ərzində borcunu tam bağlayacağını söz versə də, heç bir ödəniş etməmişdir (xx.xx.2024-cü il tarixli “Qarşılıqlı üzləşmə aktı” əlavə olunur).

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 1905/23-ASM01 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə laboratoriya avadanlıqlarını, reaktiv və reagentləri alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür.

12. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDG seriyalı 797520 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 41.300 manat olan elektron qaimə göndərilmişdir.

16. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından məlum olur ki, tərəflər Cavabdeh İddiaçınə xx.xx.2024-cü il tarixə 41.300 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər.

17. Hazırda da iddiaçı cavabdehdən 41.300 manat məbləğində pulun tutulmasını xahiş edir.

18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 41.300 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

19. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

20. Ona görə də, Məhkəmə hesab edir ki, iddia borcun tələb edilməsi hissəsində təmin olunmalı, 41.300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə 8.838,2 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 2.2.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən malın qiymətini vaxtında və tam şəkildə köçürmə yolu ilə ödmək, üzrsüz səbəbdən ödənişi vaxtında və ya lazımi şəkildə və tam ödəmədikdə, hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 0,1% məbləğində satıcıya cərimə ödəyir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən tələb edilən Mərkəzi Bankının uçot dərəcəsinə uyğun hesablanmış 16.106 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

28. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

29. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.

30. Məhkəmə hesab edir ki, iddianın 2.000 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia qismən təmin edilməlidir.

31. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli order verilmişdir.

32. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, hüquqi yardım göstərilməsi üçün “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun hesabına 2.000 manat məbləğində ödəniş edilmişdir.

33. Lakin məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsinə dair xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha ağlabatan və ədalətlidir.

34. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 275 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

35. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 219,9 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 41.300 (qırx bir min üç yüz) manat, cərimə borcu üzrə 2.000 (iki min) manat olmaqla, ümumilikdə 43.300 (qırx üç min üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 219 (iki yüz on doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar