Məhkəmə qərarları › İş №e-2-2(113)-1329/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1329/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1329/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – iddiaçı) Cavabdeh2 qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 927-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6600,00 manat gecikdirilmiş borcu və hesablanmış 5148,00 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 12.248 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 927-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 927-GL/17 nömrəli müqavilə üzrə yaranmış 6600 manat gecikdirilmiş borcu və hesablanmış 5148 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 5860/ü nömrəli əmrdən görünür ki, Aqrolizinq” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 927-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən Traktor Belarus-892 markalı və Kotan 4 gövdəli AG-14-4 markalı texnikalar ümumilikdə 12640 manat məbləğində texnika güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə lizinqə verilmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 927/GL/17 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən ümumi məbləği 11800 manat olan və Traktor Belarus-892 markalı və Kotan 4 gövdəli AG-14-4 markalı kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqaviləyə görə texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam ödənilənədək lizinq verənə məxsusdur. Müqavilənin 4.1-ci bəndinə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqaviləyə əlavə edilmiş 1 nömrəli Əlavə 30 noyabr 2018-ci il tarixli 927-GL/17 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən cavabdeh tərəfindən 2017-2023-cü illərin aylar üzrə ödənilməli məbləğləri əksini tapmışdır. "xxxx" ASC iə cavabdeh arasında bağlanmış 13 mart 2018-ci il tarixli texnikaların təhvil-qəbulu barədə akta əsasən Traktor Belarus-892 markalı və Kotan 4 gövdəli AG-14-4 markalı texnikalar saz, nizamlanmış və komplekt halda təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 927-GL/17 nömrəli müqaviləyə əsasən cavabdehin gecikdirilmiş borcu 6600 manat, cərimə borcu 5148 manat, cərmi 11748 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən hazırkı müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə Məhkəməyə yazılı ərizə ünvanlayaraq cavabdehin iş məhkəmənin icraatında olduğu dövr ərzində 1000 manat məbləğində ödəniş etdiyini, hazırda cavabdehin iddia tələbi daxilində 5600 manat gecikdirilmiş borcu və hesablanmış 5148 manat cərimə borcunun və məhkəmə xərclərinin ödənilməmiş qaldığını göstərib, qətnamə qəbul edilərkən nəzərə alınmağını xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 30 noyabr 2018ci il tarixli 927-GL/17 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli 927-GL/17 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Bununla yanaşı, materiallara əlavə edilmiş hesabdan çıxarışdan, habelə iddiaçı tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir, bu səbəbdən iddia tələbi əsas borcun tutulması hissəsində göstərilən ödəniş nəzərə alınmaqla təmin edilməlidir (6600 manat – 1000 manat). Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli 927-GL/17 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 5148 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 250 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 300 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5600 manat gecikdirilmiş borc, 250 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 300 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 5600 (beş min altı yüz) manat əsas borc, 250 (iki yüz əlli) manat cərimə, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 6150 (altı min bir yüz əlli) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar