Məhkəmə qərarları › İş №e-2-2(113)-1330/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1330/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1330/2023 12.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X4 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 sentyabr 2018-ci il tarixli, 1273-GL/15 nömrəli müqavilə üzrə yaranmış 6950 manat gecikdirilmiş əsas borc, 9322,55 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və mediasiya xərci 200 manat olmaqla, ümumilikdə 16.772,52 manat məbləğində pul vəsaitinin X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X5 arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli, 1273-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli, 1273-GL/15 nömrəli müqavilə üzrə 6950 manat gecikdirilmiş əsas borc və hesablanmış 9322,52 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, iş məhkəmədə olduğu dövrdə cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir və bu gün üçün ödənilməmiş əsas borcun məbləği 6751 manat təşkil edir. İddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X5 iştirak etdiyi əvvəlki məhkəmə iclaslarında çıxış edərək bildirdi ki, əsas borcu qəbul edir, lakin cərimə məbləği ilə razılaşmır. Borcunun ödəməməsinin səbəbi də vardır. Belə ki, 2018-ci ildə 50 ha boş torpaq sahəsi var idi, ona bildirdilər ki, həmin torpaq sahəsini boş saxlamaq olmaz və buna görə də o, həmin sahədə pambıq əkdi. Lakin həmin ili çəyirtkələr əkin sahələrinə ziyan vurduğu üçün, pambığı yetişdirə bilməmiş və nəticədə 22-23 min manat ziyana düşmüşdür. Ziyana düşdüyü üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" ASC ilə X5 arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli, 1273-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən: 1.1. Lizinq verən ümumi məbləği 9950 manat olan və qeyd olunan kənd təsərrüfatı texnikalarını (Traktor Belarus-892 və kotan 4 gövdəli AG-14-4) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir; 1.2. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq ödəməyi öhdəsinə götürür; 1.3. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur; 1.4. Aşağıdakı sənədlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur: a) Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2015-ci il tarixli protokolu; b) Lizinq ödəniş qrafiki (Əlavə № 1); 2.2.1. Lizinq ödənişlərini qrafik üzrə (Əlavə № 1) vaxtında və tam həcmdə ödəyir; 4.1. Lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir. Ödəniş qrafiki Kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın xx.xx.2015-ci il tarixli protokolu nəzərə alınmaqla tərtib edilir. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. - Xüsusi komissiyanın xx.xx.2015-ci il tarixli prokoluna əsasən "xxxx" ASC ilə X5 arasında bağlanmış 05 sentyabr 2018-ci il tarixli, 1273-GL/15 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, yekun ödənilməli məbləğ 9950 manat təşkil etmişdir. - "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 4485/2 saylı əmrinə əsasən Aqrolizin ASC ilə X5 arasına bağlanmış xx.xx.2012-ci il tarixli, 665-L/12 və 871ü/xx.xx.2012 nömrəli müqavilələrə xitam verilmiş və əmr qüvvədən düşmüş hesab olunmuşdur. - 22 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən X3 gecikdirilmiş borc – 6950 manat, hesablanmış cərimə - 9322,52 manat, ümumilikdə 16272,52 manat borcun olması qeyd olunmuşdur. - 27 dekabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Xırdalan şəhəri Vəkil Bürosunun hesabına 300 manat ödəniş edilmişdir. - 12 aprel 2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X5 tərəfindən xx.xx.2023cü il tarixində - 100 manat və xx.xx.2023-cü il tarixdə - 99 manat məbləğində ödənişlər edilmiş və cəmi borcu 6751 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında xx.xx.2018-ci il tarixli 1273-GL/15 saylı lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh X5 lizinq ödənişlərini ödəniş qrafiklərinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə X6 lizinq müqaviləsi üzrə cəmi 6751 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh X3 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə X5 lizinq müqaviləsi üzrə cəmi 6751 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2018-ci il tarixli 1273-GL/15 saylı müqavilə üzrə 350 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2 lizinq müqaviləsi üzrə cəmi 6751 manat məbləğində əsas borc və xx.xx.2018-ci il tarixli 1273-GL/15 saylı müqavilə üzrə 350 manat məbləğində dəbbə pulu (cərimə) tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və 300 manat məbləğində vəkil xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2018-ci il tarixli, 1273-GL/15 nömrəli müqavilə üzrə 6751 manat məbləğində gecikdirilmiş əsas borc, 350 (üç yüz əlli) manat məbləğində dəbbə (cərimə) borcu, cəmi 7101 (yeddi min yüz bir) manat məbləğində pul vəsaiti, hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 300 (üç yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar