Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1330/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X5 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X5 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli D-03-LA/09 nömrəli müqavilə üzrə 394.802 manat gecikdirilmiş borcu və 769.808,61 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın cavabeh X4 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli D-03- LA/0 9 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə borclu X2 kamera avadanlıqlarının lizinqi barədə "xxxx" ASC ilə bağladığı xx.xx.2009-cu il tarixli 03-LA/09 nömrəli müqavilə üzrə borclu olduğu 399802,0 (üz yüz doxsan doqquz min səkkiz yüz iki) manat məbləğində vəsaiti müqaviləyə əlavə edilmiş qrafik (əlavə 1) üzrə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli D-03-LA/09 nömrəli müqavilə üzrə 394802.00 (üç yüz doxsan dörd min səkkiz yüz iki manat 00 qəpik) manat gecikdirilmiş borcu və 769808,61 (yeddi yüzaltmış doqquz min səkkiz yüzsəkkiz manat, 61 qəpik) manat cərimə borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. - 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
9. İşin müəyyəm olunmuş halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə X6 (lizinq alan) arasında xx.xx.2009-cu il tarixli 03-LA nömrəli lizinq müqaviləsi imzalanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 658.117 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli Əlavədə göstərilən soyuducu kameranı dəyəri lizinq ödəniş qrafikinə göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinqə verir.
11. Müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan soyuducu kameranın dəyərindən 58.315 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 599.802 manat məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaq ödəməyi öhdəsinə götürür.
12. 2 saylı Əlavə ilə müqavilə üzrə ödəniş qrafiki təsdiq olunmuşdur.
13. Qeyd edilmiş ödəniş qrafikindən görünür ki, müqavilə üzrə sonuncu ödəniş 2018ci ilin İV rübü olmalı idi.
14. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2019-cu il tarixdə öhdəliyin yerinə yetirilməsi barədə müqavilə bağlanmışdır.
15. Müqavilənin 1.1-ci bəndinə əsasən borclu soyuducu kamera avadanlıqlarının lizinqi barədə Cəmiyyətlə bağladığı 03-LA/09 nömrəli 17 mart 2009-cu il tarixli müqavilə üzrə borclu olduğu 399.802 (üç yüz doxsan doqquz min səkkiz yüz iki) manat məbləğində vəsaitin bu müqaviləyə əlavə olunmuş qrafik üzrə 6 ay müddətində ödəmək şərtilə yerinə yetirməyi öhdəsinə götürmüşdür.
16. 2019-cu il 20 fevral tarixli Müqaviləyə 1 saylı Əlavə ilə ödəniş qrafiki təsdiq edilmişdir.
17. Qeyd edilmiş ödəniş qafikindən görünür ki, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə olmalı idi.
18. Cavabdeh X6 oğlu iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək, iddia müddətinin keçdiyini və ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə qeyd edir ki, lizinq obyektləri cavabdehə təhvil verilmiş və cavadehin də, iş materilallarına əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, ödənilməmiş borcu qalmışdır.
20. Bundan sonra Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməlidir.
21. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
22. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış öhdəliyin yerinə yetirilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilədə müqavilənin müddətinin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək qüvvədə olması göstərilsə də, müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən göründüyü kimi, müqavilənin müddəti 2019-cu ilin avqust ayının 13-də başa çatmışdır. Bundan sonra isə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2019-cu il tarixində edilmişdir. İddiaçı məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
23. Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, lizinq müqaviləsində lizinq alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddətinin axımı xx.xx.2019-cu ildən axımı başlamaqla, xx.xx.2022-ci il tarixdə bitmişdir.
24. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti, 5 ildən də, çox ötürülmüşdür.
25. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir.
26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X1 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov