Məhkəmə qərarları › İş №e-2-2(113)-1331/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1331/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1331/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin geri qaytarılması, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X3 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdeh4 iştirakı ilə, Digər cavabdehlərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və X4 müştərək qaydada 3000 manat məbləğində sığorta ödənişi və 170 manat məbləğində mediasiya xərcinin, cəmi 3170 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh2 məxsus olan, etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 MMC-yə verilmiş və Cavabdeh1 MMC ilə bağlanmış icarə müqaviləsi əsasında X6 istifadəsinə verilmiş, "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh3 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və X5 idarə etdiyi “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263- 1.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərərə görə 1500 manat, “VAZ 2101” kalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün isə sığortaçının zərər məbləğindəki payına mütənasib qaydada 1500 manat olmaqla, cəmi 3000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, PBA ********** saylı “icbari sığorta” müqaviləsinin surətindən müəyyən olunur ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmündən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh3 idarə etdiyi “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil və X5 idarə etdiyi “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi törədilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmiş və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 263-1.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. AR Səhiyyə Nazirliyi MTE və PA Birliyinin ekspert rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır zərər vurulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Sabunçu RPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təffərüatları barədə” arayışından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən zaman “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh2 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş ƏN-İ № 827313 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 MMC-nin sahibliyinə və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil həmin müqaviləyə əsasən X2 və istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Optima” markalı, 99- ZU-074 dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 2200 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktları və ödəniş tapşırıqlarından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəymiş zərərə görə 1500 manat, “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün isə sığortaçının zərər məbləğindəki payına mütənasib qaydada 1500 manat olmaqla, cəmi 3000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1474 saylı və xx.xx.2023-cü il tarixli, BS-S-23/2219 saylı geriyə tələb məktublarından və həmin məktubların çatdırılmasına dair xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün cavabdehlərə geriyə tələb məktubları göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş “onlayn kargüzarlıq” sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün “onlayn kargüzarlıq” sistemi vasitəsilə müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, 6 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/6-0146 saylı və xx.xx.2023-cü il tarixli, MŞB/6-0927 saylı arayışlarından müəyyən edilir ki, cavabdehlərlə mübahisənin mediasiya qaydasında nizama salınması mümkün olmamış və iddiaçı tərəfindən cəmi 170 manat mediasiya xərci ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehlərə təqdim edilmişdir (iddia ərizəzi, həmçinin, ”elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir) Həmçinin, cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2219 saylı geriyə tələb məktubu və iddia ərizəsinin surəti “elektron məhkəmə” informasiya sistemində elektron portalda yerləşdirilmişdir. iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 3000 manat məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur..Bununla yanaşı tərəfimizdən ödənilmiş 170 manat məbləğində mediasiya xərci də cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, bu iddia ilə onun heç bir əlaqəsi yoxdur. Polis idarəsində Cavabdeh3 özü də etiraf etmişdir ki, maşını ondan yox, Qurbanov Samirdən istifadə etmək üçün almışdır. O, ümumiyyətlə Cavabdeh3ı tanımayıb. Cavabdeh3 maşını götürüb istifadə etmişdir, Xaçmaz rayonunda avtoqəza törətmişdir.

5. Digər cavabdehlərə də məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyiblər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlər iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. 30.05.2020-ci il tarixli ƏN-İ827313 saylı etibarnaməyə əsasən Cavabdeh2 “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh1 MMC-yə etibar etmişdir.

9. xx.xx.2021-ci il tarixli İcbari sığorta müqaviləsinə əsasən “Kia Optima” markalı, **-ZU- *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də 5000 manat dəyərində sığortalanmışdır.

10. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 MMC tərəfindən X6 icarəsinə verilmişdir.

11. xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı avtomobillə hadisə baş verən zaman sürücüsü Cavabdeh3 olduğu, sürücülük vəsiqəsi olmadığı, nəqliyyat vasitəsinin idarə edilməsi hüquqi olmadığı və nəqliyyat vasitəsi idarə edilən zaman sərxoş olduğu, o cümlədən X7 məxsus VAZ2101 markalı **-BB-*** DQN nəqliyyat vasitəsinə zərər vurduğu, eyni zamanda nəqliyyat vasitəsini idarə edən hadisə vaxtı sürücü olan X1 zərər yetirdiyi qeyd olunmuşdur.

12. Zərərin hesablanması aktına əsasən VAZ2101 markalı **-BB-*** DQN nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində 2200 manat zərər dəydiyi müəyyən edilmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-154/2023 saylı hökmü ilə Cavabdeh3 Eyfəl oğlu Azərbaycan Respublikası CM 177.2.1-ci, 177.2.3-cü və 263-1.1.-ci maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir.

14. xx.xx.2023-cü il tarixli PBA138023 saylı sığorta aktına əsasən X1 dəymiş ziyan 1500 manat və xx.xx.2023-cü il tarixli PBA952 23 saylı sığorta aktına əsasən isə əmlakın dəymiş ziyan 1500 manat müəyyən edilmişdir.

15. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, AZ0016436 saylı ödəniş tapşırığına əsasən X7 xx.xx.2023-cü il tarixli sığorta aktı üzrə 1500 manat və xx.xx.2023-cü il tarixli AZ0016479 saylı ödəniş tapşırığına əsasən isə xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən isə 1500 manat məbləğində ödəniş edilmişdir.

16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

20. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

21. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

22. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

23. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

24. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

27. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, bir sığorta hadisəsinə görə "xxxx" ASC-də sığortalanmış “Kia Optima” markalı, **-ZU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə VAZ2101 markalı **-BB-*** DQN nəqliyyat vasitəsinə, həm də onun sürücüsün sağlamlığına dəymiş ziyanın cəmi məbləği 3000 manat müəyyən edilməklə iddiaçı tərəfindən zərər dəymiş şəxsə ödəniş edilmişdir.

28. Məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi digər cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh4 aid hissədə təmin edilməməlidir.

29. Belə ki, işdə olan məhkəmə hökmündən və xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sığorta hadisəsi baş verən zaman sürücü qismində Cavabdeh3 tanınmış və zərərin də onun tərəfindən vurulması müəyyən edilmişdir.

30. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin Cavabdeh3 tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia həmin hissədə təmin olunmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

33. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 170 manat mediasiya xərci ödəmişdir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci təmin edilən tələblə münasibətdə 50 manat müəyyən edilməklə cavabdehə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh3 3000 (üç min) manat sığorta ödənişi və mediasiya xərcinin əvəzi olaraq 50 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar