Məhkəmə qərarları › İş №e-2-2(113)-1331/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1331/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1331/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" LTD Firmasının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı "xxxx" LTD Firmasının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" LTD Firması Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1333,62 manat (min üç yüz otuz üç manat altmış iki qəpik) məbləğində borc və ödənilmiş 33,33 manat (otuz üç manat otuz üç qəpik) dövlət rüsumunun tutularaq "xxxx" LTD Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 01 aprel 2022-ci il tarixli, 95 nömrəli müqaviləyə əsasən cavabdehin "xxxx" LTD Firmasından almış olduğu kolbasa və sosiska mallarına görə 1333,62 (min üç yüz otuz üç manat altmış iki qəpik) manat borcu yaranmışdır. Belə ki, xx.xx.2022-ci il (seriya: EBDA nömrə: 242303); xx.xx.2022-cil (seriya: EBDA nömrə: 242305); xx.xx.2022-ci il (seriya: EBDA nömrə: 242292); xx.xx.2022-ci il (seriya: EBDA nömrə: 242300); xx.xx.2022-ci (seriya: EBDA nömrə: 242293) il tarixli elektron-qaimələr üzrə cavabdehə təhvil verilmiş olan malın ümumi dəyəri 1333,62 (min üç yüz otuz üç manat altmış iki qəpik) manat təşkil etmişdir ki, həmin məbləğ cavabdeh tərəfindən bu günədək ödənilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, alıcı qismində Cavabdeh MMC ilə satıcı qismində "xxxx" LTD Firması arasında xx.xx.2022-ci il tarixli, 95 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilənin 1.2-ci maddəsində göstərilən məhsulu alıcıya satmağı, alıcı isə malı qəbul edib e-qaimədə göstərilən qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilə üzrə satıcı mal tədarük etməyi, alıcı isə həmin malı almağı öhdələrinə götürürlər. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən satıcının müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini alıcıdan tələb etmək, alıcıdan məhsulun dəyərini qiymət təklifində müəyyən edilmiş qiymətlərlə ödənilməsini tələb etmək və ödənişləri qəbul etmək, alıcı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli imtina etmək və alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən satıcının 1.2-ci maddə ilə müəyyən olunan malı qaimə-faktura əsasında alıcıya təhvil vermək öhdəliyi vardır. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən alıcının müqavilənin 1.2-ci maddəsində göstərilən malı 2.2.1-ci maddəsində müəyyən olunmuş qaydada satıcıdan qəbul etmək, satıcıdan qəbul etdiyi malın 3.1-ci bənd ilə müəyyən olunmuş qiymətini 3.3cü bəndində göstərilən müddətdə və qaydada ödəmək, müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı qiymət təklifində müəyyən olunan qiymətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlə razılaşmadığı təqdirdə qiymət təklifinin göndərildiyi gündən 3 (üç) gün ərzində etiraz verə bilər. Əks təqdirdə qiymətlər qarşılıqlı razılaşdırılmış hesab edilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən məhsulun maya dəyərinin dəyişməsi və makroiqtisadi amillər səbəbi ilə qiymət təklifindəki qiymətlərdə dəyişiklər baş verərsə, bu halda satıcı alıcını əvvəlcədən xəbərdar etməklə qiymətlərə birtərəfli qaydada dəyişiklik edə bilər. Həmin müqavilənin 3.3ci maddəsinə əsasən alıcı hər sifariş üzrə təhvil aldığı hesab fakturanın dəyərini malı təhvil aldığı gündən 10 iş günü müddətində satıcıya ödəyir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən alıcı müqavilənin 3.3-cü maddəsində nəzərdə tutulan müddətdə aldığı malın dəyərini ödəməzsə, satıcıya hər yubadılan gün üçün ödənilməyən məbləğin 0,1%-i miqdarında cərimə ödəyir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti imzalandığı andan 1 il müddətinə müəyyən edilir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilənin müddətinin bitməsi tarixinə 10 gün qalmış ona xitam vermək barədə tərəflərdən heç birinin yazılı surətdə ərizəsi olmadıqda, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərdə uzadılmış hesab edilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam şəkildə ödəməlidir.

6. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 242292 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 406,5 manat təşkil edir.

7. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 242293 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 340,94 manat təşkil edir.

8. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 242300 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 112 manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 242303 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 354,19 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 242305 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği (ƏDV daxil) 119,99 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, 001549 nömrəli malların təhvil-qəbul aktından məlum olur ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 354,2 manat olan mal təhvil verilmişdir. Akt "xxxx" LTD Firmasının nümayəndəsi tərəfindən imzalanmışdır.

12. xx.xx.2022-ci il tarixli, 001551 nömrəli malların təhvil-qəbul aktından məlum olur ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 117,4 manat olan mal təhvil verilmişdir. Akt "xxxx" LTD Firmasının nümayəndəsi tərəfindən imzalanmışdır.

13. xx.xx.2023-cü il tarixli, 002644 nömrəli malların təhvil-qəbul aktından məlum olur ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 575,2 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

14. xx.xx.2023-cü il tarixli, 002264 nömrəli malların təhvil-qəbul aktından məlum olur ki, "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 406,5 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. "xxxx" LTD Firması tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

18. İddia tələbi cavabdehdən əsas borca görə 1333,62 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş və iddiaçıya 1333,62 manat borcu yaranmışdır. Həmin hal təqdim olunmuş təhvil-qəbul aktları, elektron qaimələr və digər sübutlarla öz təsdiqini tapır.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 1333,62 (min üç yüz otuz üç manat altmış iki qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

21. Eləcə də, iddiaçı ödənilmiş 33,33 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,33 (otuz üç manat otuz üç qəpik) məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1333,62 (min üç yüz otuz üç manat altmış iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,33 (otuz üç manat otuz üç qəpik) manat olmaqla, cəmi 1366,95 manat (min üç yüz altmış altı manat doxsan beş qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" LTD Firmasının xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar