Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1333/2023 21.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.414,20 manat məbləğində borcun, eyni zamanda ödənilmiş 105 manat dövlət rüsumunun, cəmi 8.514,20 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 12 fevral 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-cı il tarixdə Cavabdeh İddiaçı MMC-yə müraciət edərək xx.xx.2020-cı il tarixli 24 saylı inşaat materiallarının nisyə alqı-satqı müqaviləsi əsasında tikinti materialları almışdır. Müqavilə bağlanılarkən cavabdehin şəxsiyyətini təsdiq edən sənədi tələb olunmuş və eyniləşdirilmişdir. Qeyd olunan tikinti materialları cavabdehə təhvil verilmiş və bununla da İddiaçı MMC xx.xx.2020-cı il tarixli 24 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Lakin cavabdeh xx.xx.2020-cı il tarixli 24 saylı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Cavabdeh ilə iddiaçı arasında 16.02.20-ci il tarixdə qarşılıqlı hesablaşmaların yoxlanılması məqsədilə üzləşmə aktı bağlanmışdır. Həmin üzləşmə aktında da göründüyü kimi cavabdehin iddiaçıya 8.414 manat borcu vardır. Lakin Cavabdeh dəfələrlə yazılı və şifahi müraciət olunmasına, 01.06.22-ci il tarixdə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünədək 8.414,20 manat məbləğində olan borcunu ödəməmişdir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 324.1, 430, 442-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 405.1-ci maddəsi Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
7. Məhkəmə hesab edir ki, ilk növbədə iddia tələbinin hüquqi əsasının olubolmaması araşdırmalıdır.
8. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
9. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını və cavabdehin müqavilə üzrə 8.414,20 manat borcunun qaldığını bildirərək cavabdehdən tutulmasını tələb edir.
10. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, tərəflər arasında xx.xx.2020-ci il tarixli 24 saylı alqı-satqı müqaviləsinin bağlanmadığını, hər hansı bir malların verilmədiyini, hətta iddiaçının özünün elektron sistemə əlavə etmiş müqavilə və üzləşmə aktında iddiaçının özünün imzası və möhürünün olmadığını, cavabdeh imzasına bənzəsə də, aldadılaraq imza etdiyini, tərəflər arasında ancaq xx.xx.2016-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsinin bağlandığını və qeyd edilmiş sonuncu müqavilə üzrə də iddiaçının iddiasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edildiyini bildirir.
11. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMCnin Cavabdeh qarşı işi üzrə Cavabdeh 10604 manat borcun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilmişdir.
12. Qeyd edilmiş qətnamədən göründüyü kimi, iddianın faktiki əsasını İddiaçı MMC ilə Cavabdeh arasında 24 dekabr 2016-cı il tarixdə bağlanılan 24 saylı alqı-satqı müqaviləsi təşkil edir.
13. Hazırda isə iddiaçı iddianın faktiki əsası kimi xx.xx.2020-cı il tarixli 24 saylı alqısatqı müqaviləsinə istinad edir.
14. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alındığında ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.
15. Həmçinin o da qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti yəni hansı adda, hansı sayda, hansı çeşiddə və s. malların verilməsi şərti müqavilənin mühüm şərti hesab olunur. Qeyd edilmiş şərtə isə riayət olunmaması yəni, hər hansı bir malın verilməsi təsdiqini tapmaması alqı-satqı müqaviləsinin bağlanmamasına və tərəflər arasında iddiaçı tərəfindən istinad olunan müqavilə üzrə alqısatqı münasibətlərinin yaranmamasına dəlalət edir.
16. Qeyd edilmiş halın araşdırılması üçün məhkəmə iclasında iddiaçı tərəfdən istinad olunan müqavilə üzrə hansı (növ, say, dəyəri və s.) malların cavabdehə verildiyi və bu barədə nə kimi təsdiqedici sənədlərin (misal elektron qaimə və s.) olması soruşulmuş, cavabdeh tərəf isə elektron qaimə və təhvil aktlarının olmadığını, elektron qaimələrin verilməsinin onların hüququ olduğunu bildirmişdir. Həmçinin də, məhz hansı malların olmasını da, cavablandıra bilməmişdir.
17. Məhkəmə qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2020-cı il tarixli 24 saylı alqısatqı müqaviləsi və xx.xx.2020-ci il tarixli “üzləşmə aktında” İddiaçı MMC-nin nə direktorunun imzası, nə də hüquqi şəxsin möhürü yoxdur.
18. Məhkəmə iclasında həmçinin xx.xx.2020-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsində və xx.xx.2020-ci il tarixli üzləşmə aktında nəyə görə iddiaçı tərəfin imza və möhürünün olmaması halı araşdırılmış və iddiaçı tərəf də, “texniki məsələdi, dəqiqləşdirərəm” kimi cavab verilmişdir.
19. Məhkəmə qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktında “xx.xx.2021-ci il” tarixli ( yəni 1 il sonrakı tarix qeyd edilmişdir) 24 saylı alqı satqı müqaviləsinə istinad olunmaqla yanaşı, həmçinin son hissəyə də diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, qeyd edilmiş “aktın” son hissəsində, İddiaçı MMC öz şikayət ərizəsini məhkəmədən xx.xx.2021-ci il tarixdə geri götürür, xx.xx.2022-ci il tarixinə qədər pul bağlacaq” məzmunlu yazı daxil edilmişdir.
20. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli “üzləşmə aktının” tarixinə nəzər yetirildiyində aydın olur ki, akt Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edilməmişdən qabaq imza edilmişdir. Həmçinin də, üzləşmə aktı yalnız bir tərəfli qaydada imza edilmişdir.
21. Bu isə onu deməyə əsas verir ki, qeyd edilmiş, xx.xx.2020-ci il tarixli “üzləşmə aktı”nda qeyd edilmiş borc həqiqətən də, mövcud olmuş olsa idi, iddiaçı tərəf verilmiş iddiada bu borcu tələb edər, eyni zamanda da, akta İddiaçı MMC öz şikayət ərizəsini məhkəmədən xx.xx.2021-ci il tarixdə geri götürür məzmunlu yazını daxil etməzdi.
22. Ancaq Məhkəmə yenidən xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf hazırkı iddia üzrə iddiasının faktiki əsası kimi xx.xx.2020-ci il tarixli 24 saylı alqı-satqı müqaviləsinə istinad etmişdir.
23. Qeyd edilən hallardan görünür ki, iddiaçı tərəf cavabdehlə xx.xx.2020-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsi üzrə hər hansı bir malların verilməsini və həqiqətən də, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasını sübut edə bilməmişdir.
24. Məhkəmə bu xüsusda qeyd etməyi zəruri hesab edir ki, müqavilənin etibarsız olması anlayışı ilə müqavilə münasibətlərinin yaranmaması anlayışları bir-birindən fərqləndirilməlidir.
25. Hazırkı halda xx.xx.2020-cı il tarixli 24 saylı alqı-satqı müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olan əqd olaraq deyil, məhz tərəflər arasında alqı-satqı münasibətlərinin yaranmaması əsası ilə iddia rədd edilməlidir.
26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov