Məhkəmə qərarları › İş №e-2-2(113)-1333/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1333/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1333/2025 15.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas borc, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 1462.91 manatın və 34.63 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-ci il tarixdə K2023-0232 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh İddiaçı MMC-dən tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə İddiaçı MMC-yə 1462.91 manat məbləğində borcun olması müəyyən edilmiş, lakin bu günə kimi cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilməmişdir. Əlavə olaraq bildirilir ki, tərəflər arasında müqavilə bir dəfə bağlansa da, alqı-satqı münasibətləri davam etmişdir. EBDR Seriyalı, 299001 №li, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, alqı-satqı müqaviləsi əsasında 1462.91 manat dəyərində **********-THERMOMAX X2 25kg adlı məhsul Cavabdeh MMC-ə satılmış, lakin dəyəri ödənilməmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

4. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Bir tərəfdən satıcı İddiaçı MMC, digər tərəfdən Alıcı Cavabdeh MMC arasında bağlanan 24 oktyabr 2023-cü il tarixli K2023-0232 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı hazırki müqavilənin əlavələrində göstərilən materialları (bundan sonra “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və onun əvəzində Malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, satılan mal/malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 və ya Satıcı tərəfindən verilən qiymət cədvəlində müəyyən edilir. 2.2-ci bəndinə əsasən, Satıcı bu müqavilə imzalandığı tarixdən etibarən razılaşdırılmış vaxt, çeşid və miqdarda keyfiyyətli malı Alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir. 3.2-ci bəndinə əsasən, Alıcı aldığı mal/malların qiymətini Satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. 4.1-ci bəndinə əsasən, Satıcı bu müqavilə qüvvəyə mindikdən sonra Alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhvil-təslim aktı əsasında Alıcıya təhvil verir. Təhvil-təslim icra olunduqdan sonra Satıcı tərəfindən Alıcıya elektron qaimə-faktura göndərilir. 5.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satılan malın hər bir vahidi və ƏDV nəzərə alınmaqla malın satış qiyməti X1 (Qiymət cədvəli) ilə müəyyən edilir. 5.3-cü bəndinə əsasən, Alıcı qəbul etdiyi mal/malların dəyərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində Satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. 5.4-cü bəndinə əsasən, Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcıdan tələb etmək hüququna malikdir. 7.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin onu imzaladığı andan etibarən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməsi şərti ilə 2 (iki) il müddətində qüvvədədir. 7.3-cü bəndinə əsasən, bu müqavilə tərəflərin yazılı formada olan qarşılıqlı razılaşmasına əsasən vaxtından əvvəl pozula bilər.

6. Təqdim edən “Kartaş” və Alıcı "xxxx" MMC arasında imzalanan 24 oktyabr 2023-cü il tarixli 23-25692 nömrəli təhvil-təslim aktından görünür ki, Alıcı ümumi dəyəri 1462.91 manat təşkil edən “Thermomax X2 25 kg” adlı malı təhvil almışdır.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 26 oktyabr 2023-cü il tarixli EBDR seriyalı 299001 nömrəli elektron qaiməyə əsasən ödənilməli yekun məbləğ 1462.91 manat təşkil etmişdir. 8.********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir.

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2023-cü il tarixli K2023-0232 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra edərək, cavabdehə ümumi dəyəri 1462.91 manat təşkil edən malların satışını həyata keçirmiş, qeyd edilən mal Cavabdeh tərəfindən təhvil alınmış, lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək satın alınmış malların dəyərini ödəməmişdir. İddiaçı satılmış mallarla bağlı cavabdehə ümumi dəyəri 1462.91 manat təşkil edən xx.xx.2023-cü il tarixli elektron qaimə göndərmişdir.

12. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1462.91 manat məbləğində borc tutularaq İddiaçıya ödənilməlidir.

13. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 34.63 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Dövlət rüsumunun ödənilməsinə dair sənədlər iş materialları ilə təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən cavabdehdən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 34.63 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.

İV Nəticə:

16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 1462.91 manat əsas borc, 34.63 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar