Məhkəmə qərarları › İş №e-2-2(113)-1334/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1334/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1334/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, qanuni faiz, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 9826,57 manat əsas borc, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 786,12 manat pul olmaqla ümumilikdə 10612,69 manat məbləğində pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189 saylı müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin cavabdeh tərəfindən öhdəliklər hələ də icra olunmamış, cavabdehə verilmiş malların dəyəri ödənilməmişdir. Belə ki, müqavilə üzrə satılmış malların dəyəri üzrə cavabdehin iddiaçıya olan borcu 9826,57 manat təşkil edir. 2.2. Cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2023-cü il tarixdə pretenziya göndərilmiş, 9826,57 manat məbləğində pul vəsaiti ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki müqavilənin 10.3-cü bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2.3. Cavabdeh müqavilə üzrə ödənilməmiş 9826,57 manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Belə olan halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsini nəzərə alınaraq cavabdeh tərəfindən pul öhdəliyinin icra edilməməsinə görə 8% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Bu halda həmin məbləğ 786,12 manat təşkil edəcəkdir (9826,57*8%=786,12).

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 568, 598, 449-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, müqavilə üzrə tərəflər arasında dövriyyə çox olmuş, hazırkı mübahisə üzrə tələb olunan məbləğ iddia ərizəsinə əlavə olunan elektron qaimələrə əsasən yaranmış borc məbləğidir. Həmçinin bildirdi ki, iddia qaldırılan zaman xx.xx.2023-cü il tarixdə edilmiş 2000 manat ödəniş nəzərə alınmamış, iddia tələbi 2000 manat artıq qeyd olunmuşdur. Buna görə də əsas borc tələbini 7826,57 manat hissədə müdafiə edirlər.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC (Satıcı qismində) ilə Cavabdeh MMC (Alıcı qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 189 nömrəli alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, satıcı alıcının sifarişi əsasında malların təchizatını və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, alıcı isə həmin malları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərini ödəyir (1-ci bənd). Malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir. Hazırkı elektron qaimə-faktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyi/alındığı, o cümlədən də malların lazımi qaydada, həcmdə, çəkidə, qablaşdırılmada, ünvanda və ümumilikdə bütün göstəricilər üzrə razılaşdırılmış qaydada alındığını təsdiq edir (2.3). Mallar bir qayda olaraq alıcının satış nöqtəsinin ünvanına çatdırılıb təhvil verilir (2.5). Sifariş üzrə malların dəyəri bir qayda olaraq qaiməfaktura təqdim edildikdən sonra 30 təqvim günü ərzində ödənilməlidir (3.2). Ödənişlər müqavilədə göstərilən satıcının bank hesabına köçürmə ilə həyata keçirilir (3.3).

11. Məhkəməyə təqdim edilən malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2022-ci il tarixdə 6584,2 manat, xx.xx.2022-ci il tarixdə 3299,94 manat, xx.xx.2023cü il tarixdə 4322,35 manat dəyərində toyuq məhsullarının cavabdehin anbar, ticarət obyektində təhvil-təslimi edilmişdir.

12. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixli 189 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli EBCJ 305358 seriya və nömrəli elektron qaimə 6584,2 manat, xx.xx.2022-ci il tarixli EBCJ 481369 seriya və nömrəli elektron qaimə 3299,94 manat, xx.xx.2023-cü il tarixli EBDB 271454 seriya və nömrəli elektron qaimə 4322,35 manat dəyərində malların təqdim edilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCJ 305358 seriya və nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ 481369 seriya və nömrəli, xx.xx.2023-cü il tarixli EBDB 271454 seriya və nömrəli elektron qaimələr “təsdiqlənmiş” (“sistem tərəfindən təsdiqlənmiş” yox) statusundadır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan həmçinin görünür ki, iddiaçı tərəfindən cavabdehə təqdim olunan və vəziyyəti “normal” statusunda olan elektron qaimələrin cəmi dəyəri 85293,77 manat əsas, 8245,43 manat ƏDV məbləği olmaqla 93539,2 manat təşkil edir. Eyni zamanda 93539,2 manat dəyərində qaimələrin sırasında olan dəyəri 1747,16 manat olan xx.xx.2022-ci il tarixli EBCC 739527 seriya və nömrəli və dəyəri 215,82 manat olan EBCİ 007085 seriya və nömrəli elektron qaimələr üzrə təhvil verilmiş mallardan iadə aktına əsasən xx.xx.2023-cü il tarixli EBCN seriyalı 261101 nömrəli elektron qaiməyə əsasən 744 manat, 262496 nömrəli elektron qaiməyə əsasən 215,82 manat olmaqla cəmi 959,82 manat dəyərində mal cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır (93539,2-959,82).

15. İş materiallarında olan iddiaçıya aid bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 4236,38 manat, xx.xx.2022-ci il tarixdə 4237,29 manat, xx.xx.2022-ci il tarixdə 16949,15 manat, xx.xx.2022-ci il tarixdə 4258,47 manat, xx.xx.2022-ci il tarixdə 8516,95 manat, xx.xx.2023-cü il tarixdə 4162,13 manat, xx.xx.2023-cü il tarixdə 4237,29 manat və 5000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 3173,96 manat, xx.xx.2023cü il tarixdə 2000 manat olmaqla ümumilikdə 75771,62 manat ödəniş edilmişdir.

16. ƏDV sub-hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 762,55 manat, xx.xx.2022-ci il tarixdə 762,71 manat, xx.xx.2022-ci il tarixdə 3050,85 manat, xx.xx.2022-ci il tarixdə 766,53 manat, xx.xx.2022-ci il tarixdə 1533,05 manat, xx.xx.2022-ci il tarixdə 749,18 manat, xx.xx.2023-ci il tarixdə 1356,32 manat olmaqla ümumilikdə 8981,19 manat ƏDV sub-hesabına ödəniş edilmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 189 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi əsasında malların təchizatını və cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərinin ödənilməsini öz öhdəsinə götürmüş, tərəflər malların təhvil-təslimini elektron qaimə-faktura əsasında həyata keçirməyi razılaşdırmışlar. Qeyd edilən müqavilə üzrə ƏDV daxil olmaqla ümumilikdə 93539,2 manat dəyərində mal cavabdehə təhvil verilmiş, cavabdeh təqdim olunan malların dəyərindən 75771,62 manat bank hesabına, 8981,19 manat ƏDV sub-hesabına ödəniş etməklə ümumilikdə 84752,81 manat ödəniş etmiş, 959,82 manat dəyərində malı isə geri qaytarmışdır.

18. İddiaçı tərəf bildirir ki, alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri tam ödənilməmişdir və malların qalıq dəyəri olan 7826,57 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

19. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

20. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

22. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

23. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

24. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 3.2-ci bəndi ilə malın dəyərinin qaimə-faktura təqdim edildikdən sonra 30 gün müddətində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli 189 nömrəli alqı-satqı müqaviləsi üzrə 7826,57 manat (təqdim olunan malın ümumi dəyəri 93539,2 manat-84752,81 manat edilmiş ödəniş - 959,82 manat qaytarılan mal) məbləğində əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı

38. İddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Mərkəzin Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz məbləği olaraq 786,12 manat pulun cavabdehdən tutulmasını tələb edir.

39. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır.

40. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

41. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

42. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

44. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

45. Alqı-satqı müqaviləsi üzrə sonuncu elektron qaimə xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, təqdim olunan hesabdan çıxarışdan görünür ki, cavabdeh 2023-cü ilin noyabr ayınadək ödənişləri davam etdirmiş, bu müddət ərzində iddiaçı pulun ödənilməsini tələb etməmişdir. İddiaçının xx.xx.2024-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə məxsus elektron kabinetə yerləşdirməklə pulu tələb etməsini (mediasiya sessiyası barədə göndərilən bildiriş geri qayıtmışdır) nəzərə alan məhkəmə qeyd edir ki, ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablamanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla iddia ərizəsi dəqiqləşdirilən xx.xx.2024-cü il tarixə qədər 51 gün üçün həyata keçirilməlidir.

46. Həmin müddət üçün hesabla aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasını gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 54,67 manat (7826,57 manat x5 %/100=391,3; 391,3/365 gün=1,072 (1 günün faizi); 1,072x51 gün) təşkil edir.

47. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, 54,67 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

48. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

49. Elektron iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 24 manat dövlət rüsumu ödəmişdir.

50. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/10-00705 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 manat ödəniş etmişdir.

51. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

53. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (tərəflərin mediasiya prosesindən keçərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

54. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasına ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur (mediasiya arayışı xx.xx.2023-cü il tarixdə alınmış, Mülki Prosessual Məcəlləyə kommersiya mübahisələri üzrə məcburi mediasiyanı ləğv edən dəyişiklik isə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

55. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 122 manat olmuş, mediasiya xərcini ödəmiş iddiaçı 100 manat dövlət rüsumunu ödəməkdən azad olmuşdur.

56. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş 22 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 7826 (yeddi min səkkiz yüz iyirmi altı) manat 57 (əlli yeddi) qəpik məbləğində əsas borc, əsas borca illik 5 % ilə hesablanmaqla 54 (əlli dörd) manat 67 (altmış yeddi) qəpik olmaqla ümumilikdə 7881 (yeddi min səkkiz yüz səksən bir) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar