Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1334/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27455 manat məbləğində pulun və 173 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə XM101-2024 nömrəli daşınma müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində Dənizli-Türkiyə istiqamətindən Cavabdeh MMC-nin ünvanına 4 nəqliyyat vasitəsi (maşının nömrələri: 67ZA311- 67BK234 - 67ZA167 - 40ZB687) ilə yük daşınması həyata keçirilmişdir. Avtomaşında olan mallar Şirvan Gömrük İdarəsində rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, daşıyıcı şirkət olaraq iddiaçı tərəfindən daşınan mallar vaxtında sifarişçinin (cavabdehin) ünvanına çatdırılmışdır, lakin sifarişçi Cavabdeh MMC müqavilə ödəliklərini yerinə yetirməyərək heç bir səbəb göstərmədən daşıma xərclərini və boş dayanmaya görə müqavilə şərtlərinə uyğun hesablanmış cəmi 27455 manat məbləği ödəməkdən boyun qaçırmışdır. Yükləri daşıyan maşınların ölkəyə giriş tarixi xx.xx.2024 və boşalma tarixi xx.xx.2024-cü il tarixidir. Lakin Cavabdeh MMC maşınların gözləmə haqqına hər gün 150 USD ödəməkdən imtina etmişdir və dəfələrlə fatura sistemdə geri qaytarılmışdır. Lakin so araç plaka 40ZB687-40BO687 bu gün 30 gündür Şirvan Gömrük İdarəsində gözlənilir. Cavabdeh MKT İstehsalat Kommersiya MMC isə faturaları qəbul etmir, nə gözləmə haqqını, nə də bu şirkətə təhvil-təslim faturalarını, imzalamır ki, araç boşaldılsın. Lakin cavabdeh imtina etmişdir və 30 gündür, hər gün 150 USD olmaqla, toplam məbləğ 4500 USD ödənilməlidir. 40ZB687- 40BO687 daşınma xərci 3200 USD da faturalanmışdır. ** ZA ***- 67 BK-311- ** BK ***- ** ZA ***- ** ZA ***- ** BK *** toplam hər araç 17 gün, yəni toplam 7650 USD faturalanmışdır. Cavabdeh əmri ilə 2 tır Türkiyənin Denizli şəhərinə yük almaq üçün göndərilmişdir. Lakin cavabdeh bu vasitələrin yüklənməsini səbəbsiz şəkildə ləğv etmişdir. Həmçinin, bu vasitələr 800 km məsafədən Denizliyə getmişdir və beynəlxalq müqaviləyə görə hər vasitənin ləğv qiyməti 400 USD, cəmi isə 800 USD bu fakturaya əlavə olunmuşdur. Beləcə, xx.xx.2024-cü il tarixinə, toplam borc 16150 USD, yəni 27455 manat təşkil edir. Cavabdehlərə indiyə qədər həm telefonla, həm şifahi şəkildə xəbərdarlıq edilmişdir ki, pul qaytarılsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. XM101-2024 nömrəli daşınma müqaviləsinin 4.1.9-cu, 4.1.10-cu, 4.1.11-ci maddəsinə görə daşıyıcı yükgöndərən tərəfindən ona tapşırılan yükü xaricdə olan təyinat yerinə çatdırmağı və yükü almağa səlahiyyəti olan şəxsə (yükalana) verməyi, yükgöndərən (sifarişçi) isə yükün daşınması üçün müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə xərclər daşıyıcının (indiki halda iddiaçı) laqeydliyi, Müqavilə şərtlərini pozması nəticəsində baş vermirsə, daşıyıcı sifarişin icrası ilə əlaqədar çəkdiyi xərcləri və daşıma xidmətlərinin qiymətini sifarişçidən (indiki halda cavabdehdən) tələb edə bilər. Bundan əlavə, Həmin müqavilənin 6-cı maddəsində qeyd edilir ki, daşınma ilə bağlı xərclər, gecikmə xərcləri, digər qiymətlər, cərimələr sifariş sənədi, qaimə, faktura və təhvil-təslim aktı ilə müəyyən olunur ki, bütün bunları təsdiq edən sənədləri hazırkı iddia ərizəsinə əlavə edilmidir. Həmin Müqavilənin 7ci maddəsində isə tərəflərin məsuliyyəti ilə bağlı şərtlər ətarflı şəkildə müəyyən edilmişdir. Bu hissədə müqavilə şərtlərinə əməl edilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi, mübahisələrin həlli qaydaları təsbit edilmişdir. Həmin müqavilənin 10.1-ci maddəsində isə tərəflərin arasında mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həlli imkanları təsbit edilmişdir. Belə ki, müqavilənin şərtlərinə görə, tərəflər arasındakı mübahisələr qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyan 17000 manat təşkil edir. Qanunvericilikdə bu məsələ ilə bağlı kifayət qədər normalar mövcuddur. Qeyd edilir ki, yükdaşımalarla bağlı mübahisələrdə həm milli qanunvericilik, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi normalar tətbiq olunur. Həmin beynəlxalq hüquqi aktlara istinad edilməsi ilə bağlı norma aramızda bağlanmış XM101-2024 nömrəli daşınma müqaviləsinin 1.3-cü maddəsində ətraflı şəkildə təsbit edilmişdir. Daşımalarla bağlı beynəlxalq hüquqi normalarda göstərilir ki, beynəlxalq yük daşınması müqaviləsinə görə, daşıyıcı yükgöndərən tərəfindən ona tapşırılan yükü xaricdə olan təyinat yerinə çatdırmağı və yükü almağa səlahiyyəti olan şəxsə (yükalana) verməyi, yükgöndərən (sifarişçi) isə yükün daşınması üçün müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürür. Beynəlxalq yük daşınması müqaviləsinin predmetinə gəldikdə isə onun predmeti daxili yük daşınması müqaviləsinin predmeti ilə eynidir. Bu onunla izah edilir ki, beynəlxalq yük daşınması müqaviləsi daxili yük daşınması müqaviləsi ilə eynitiplidir. Buna görə də onun predmetini daşıyıcının fəaliyyəti (xidməti) təşkil edir. Bu fəaliyyət (xidmət) yükün təyinat yerinə çatdırılmasına yönəlir. Nəqliyyat (daşıma) sənədi beynəlxalq daşıma üzrə müqavilə münasibətlərini rəsmiləşdirir. Burada beynəlxalq yük daşınması müqaviləsinin bütün əsas şərtləri (müqavilənin qiyməti, yəni daşıma haqqı, göndərilmə tarixi, tərəflər və s.) barədə rekvizitlər (məlumatlar) göstərilir. Nəqliyyat (daşıma) sənədinin mövcudolma faktı həmin sənəddə nəzərdə tutulan şərtlər daxilində sadə yazılı formada yük daşınması müqaviləsinin bağlanmasını ifadə edir. Beynəlxalq yük daşınması müqaviləsinin sadə yazılı forması məhz nəqliyyat (daşıma) sənədi hesab olunur. Deməli, nəqliyyat (daşıma) sənədi müqavilə sənədidir, həm də ona görə ki, daşıyıcı ilə yükgöndərən arasında öhdəlik hüquq münasibəti (öhdəlik), yəni yükdaşıma öhdəliyi bu sənəd əsasında əmələ gəlir. Bu sənəd, hər şeydən əvvəl, nəqliyyat təşkilatının (daşıyıcının) üzərinə daşımanı həyata keçirmək vəzifəsi qoyur. Əgər daşıma müqaviləsinin (daşıma münasibətlərinin) tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli olan qanunvericilik barədə razılıq olmazsa, onda həmin müqaviləni tənzimləmək üçün beynəlxalq nəqliyyat sazişlərində və daxili (milli) qanunverilikdə nəzərdə tutulan aşağıdakı kollizion formullar (prinsiplər) tətbiq edilir: göndərilmə ölkəsinin qanunu; -təyinat ölkəsinin qanunu; -daşındığı ölkənin qanunu; hadisənin baş verdiyi ölkənin qanunu; -yükün saxlanıldığı ölkənin qanunu; -pretenziya verildiyi ölkənin qanunu; -məhkəmə mübahisəsinə baxıldıxi ölkənin qanunu və s. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi “daşıyıcının qanunu” kimi kollizion formul (prinsip) müəyyənləşdirir. Bu prinsipə görə, əgər daşıma müqaviləsinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli olan hüquq barədə razılıq olmazsa, onda daşıyıcının təsis olunduğu ölkənin qanunvericiliyi tətbiq edilir.
3. Daha sonra iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi verərək, 24860 ABŞ dolları məbləğində pulun və 217 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış XM101/24 saylı 21 oktyabr 2024-cü il tarixli daşınma müqaviləsinə əsasən, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş sifarişə uyğun olaraq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh müxtəlif növdə malları və əşyaları Azərbaycan Respublikası hüdudlarında və ondan kənarda daşınmasını və təyinatı üzrə çatdırılmasını öhdəsinə götürmüşdür. Belə ki, daşınma müqaviləsinin 6.5-ci bəndinin tələblərinə görə, yekun ödəniş, habelə cərimə və digər ödənişlər aşağıda müəyyən edildiyi kimi, müqavilədə göstərilən işlərin tamamlanmasından və təhvil-təslim aktının imzalanmasından sonra 15 (on beş) iş günü ərzində həyata keçirilir. Lakin, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh müqavilə şərtlərini pozaraq bugünədək sifariş edilmiş xx.xx.2024-cü il tarixli “Qısa idxal bəyannaməsi”nə əsasən rəsmiləşdirilmiş, çəkisi 22 ton, ümumi dəyəri isə 24860 ABŞ dolları təşkil edən pambıq kiplərinin bağlanması üçün məftillər təyinatı üzrə ünvan sahibinə çatdırmamışdır. Beləliklə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıya ümumilikdə 24860 ABŞ dolları məbləğində maddi zərər dəymişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia əsassızdır, belə ki, cavabdehə təhvil verilməli olan mallar Şahid tərəfindən daşınmış, cavabdeh onlara daşıma haqqı ödəmədiyi üçün iddiaçı daşıyıcı kimi cəlb etdiyi Şahid vəsaitini ödəyə bilməmişdir. Malların cavabdehə təhvil verilməməsinin səbəbi cavabdehin daşıma haqqını əvvəlcədən ödəməməsidir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə ilk iddia ərizəsinə etiraz edib rədd edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında göstərdi ki, birinci daşıma üzrə mallar cavabdehə təhvil verilmiş, daşıma haqqı müqavilənin tələblərinə əsasən təhvil aktı imzalandan sonra iddiaçıya ödənilmişdir. Lakin qarşılıqlı iddia ərizəsində göstərilmiş mallar bu günə qədər onlara təhvil verilməmiş, malları təhvil ala bilməyən cavabdeh onları təkrarən almağa məcbur olmuş, hazırda iddiaçı tərəfindən təhvil verilməyən mallara marağı itmişdir. Daşıma haqqının əvvəlcədən ödənilməli olması barədə iddiaçının arqumenti əsassızdır, belə ki, müqavilədə daşıma haqqının avans kimi ödənilməsi deyil, daşımadan sonra ödənilməsi razılaşdırılmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (daşıyıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XM101-2024 nömrəli daşıma müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqavilə tərəflərin razılığına əsasən daşıyıcı tərəfindən sifarişçinin müxtəlif mallarının və əşyalarının Azərbaycan Respublikası hüdudlarında və ondan kənarda mövcud normativ sənədlərin tələblərinə uyğun qəbulu, daşınması və təyinatı üzrə çatdırılması ilə bağlı iqtisadi, hüquqi və texniki münasibətləri tənzimləyir.
9. Müqavilənin 4.2.7-ci bəndinə görə daşıma prosesində bütün gömrük rüsumlarını, dövlət tariflərini və s. rəsmi ödənişləri tam və zamanında ödəmək, bunun üçün zəruri olan yük-gömrük bəyannamələri və s. kimi sənədləri doldurmaq və müvafiq orqanlara təqdim etmək, həmin sənədlərin surətini sifarişçiyə vermək daşıyıcının öhdəliyidir.
10. Müqavilənin 4.2.10-cu bəndinə görə daşıyıcı sifarişçidən asılı olan səbəblərə görə yükü təhvil verə bilmirsə, bu barədə sifarişçiyə məlumat verir. Sifarişçinin cavabından asılı olaraq daşıyıcı yükü özü saxlayır və ya saxlanması üçün öz adından, lakin sifarişçinin hesabına üçüncü şəxslərə vermək daşıyıcının öhdəliyidir.
11. Müqavilənin 4.2.14-cü bəndinə görə əlavə xərclərin məqbulluğunu əsaslandırmaq üçün sübutetmə vəzifəsini daşımaq daşıyıcının öhdəliyidir.
12. Müqavilənin 5.1.3-cü bəndinə görə daşıyıcnın laqeydliyi, xidmətləri lazımınca icra etməməsi və ya gecikdirməsi nəticəsində yükə dəymiş ziyan üçün kompensasiya almaq sifarişçinin hüququdur.
13. Müqavilənin 5.2.10-cu bəndinə görə yükün yükləri təhvil alan tərəfindən vaxtında təhvil alınmasını və yüklərin nəqliyyat vasitəsindən sifarişdə göstərilən müddət ərzində boşaldılmasını təmin etmək sifarişçinin hüququdur.
14. Müqavilənin 6.5-ci bəndinə görə yekun ödəniş, habelə cərimə və digər ödənişlər aşağıda müəyyən edildiyi kimi, müqavilədə göstərilən işlərin tamamlanmasından və təhviltəslim aktının imzalanmasından sonra 15 (beş) iş günü ərzində həyata keçirilir.
15. Müqavilənin 7.5-ci bəndinə görə sifarişçi xidmətlərin sifariş ilə razılaşdırılmış yekun ödənişini daşıyıcıya ödəmədiyi təqdirdə həmin ödənişin edilməli olduğu tarixdən başlayaraq 30 gün ərzində daşıyıcının ödənişin gecikdirildiyi hər günə görə 0,1 faiz miqdarında lakin 20 faizdən çox olmamaq şərti ilə sifarişçidən cərimə tələb etmək hüququ var.
16. xx.xx.2024-cü il tarixli, XM101-2024 nömrəli müqaviləyə 1 saylı əlavəyə görə əlavə üzrə nəzərdə tutulmuş nəqliyyat ekspeditor xidmətlərinin ümumi dəyəri sığorta haqqı daxil olmaqla 9600 ABŞ dolları təşkil edir.
17. xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına görə 9600 ABŞ dolları məbləğində yükdaşıma xidməti yerinə yetirilmiş, daşımaya cavabdehin hər hansı etirazı yoxdur və qəbul edilmiş hesab edilmişdir.
18. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli akt üzrə xx.xx.2024-cü il tarixdə 16320 manat daşıma haqqı ödənilmişdir.
19. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli MT2411 11192142 nömrəli 16320 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT 2411 10939467 nömrəli 24425,6 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
20. X1 əsasən göndərici “Burmetal İç ve Dış Ticaret LTD ŞTİ”, alıcı cavabdeh olmaqla Azərbaycan Respublikasına daşınmalı olan yükün ümumi çəkisi 22000 kq, dəyəri 24860 ABŞ dolları təşkil edir.
21. xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinə əsasən göndərici “Burmetal İç ve Dış Ticaret LTD ŞTİ”, alıcı cavabdeh olmaqla Azərbaycan Respublikasının Qırmızı Körpü gömrük postuna daxil olmuş yükün ümumi çəkisi 22000 kq, dəyəri 24860 ABŞ dolları təşkil edir. Sərhəddən keçən nəqliyyat vasitəsinin -dir.
22. CMR sənədinə əsasən yük göndərən “Burmetal İç ve Dış Ticaret LTD ŞTİ”, yük alan cavabdeh olmaqla Azərbaycan Respublikasına daşınmalı olan ümumi çəkisi 22000 kq, dəyəri 24860 ABŞ dolları təşkil edən yük daşınması üçün eyniləşdirilmə nömrəsi 40BO687 olan nəqliyyat vasitəsinə yüklənmişdir.
23. Cavabdeh və “Burmetal İç ve Dış Ticaret LTD ŞTİ” arasında bağlanmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri ümumilikdə 21340 ABŞ dolları təşkil edən balya teli satıcı olan “Burmetal İç ve Dış Ticaret LTD ŞTİ” tərəfindən cavabdehə satılmışdır.
24. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı MMC-ni tanıyır, İddiaçı MMC ilə aralarında müqavilə vardır, İddiaçı MMC üçün yük daşımışdır. Yükü daşıyan 40BO687 nömrəli maşın onun mülkiyyətindədir, maşını o, idarə etmişdir. Türkiyədən quru yolla tək şəkildə mülkiyyətində olan 40BO687 nömrəli maşınla cavabdehin mallarını Azərbaycan Respublikasına gətirmişdir. Maşında 22 ton pambıq bükmək üçün məftil var idi. Yüklə bağlı CMR sənədi, invoys göndərmişdilər. Maşın hal hazırda Şirvan gömrüyündədir. Mallar onun daşıma haqqını iddiaçı tərəf ödəndikdən sonra təhvil alına bilər. O, gömrüyə 06 noyabr 2024-cü il tarixdə daxil olmuş, bununla bağlı İddiaçı MMC-yə məlumat vermişdir. Noyabr 2-ində ondan əvvəlki maşınlar gəlmişdi. Noyabr ayının 6-da gömrükdə olanda İddiaçı MMC-yə məxsus maşınlar var idi, sonradan ayın 20-də onların maşını boşaldıldı. Gömrüyə gəlmiş digər iki maşın yükləri boşaltsa da, o, yükü boşaltmaqdan imtina etmiş, daşıma haqqını iddiaçı ödəmədiyi üçün yükləri girov kimi saxlamışdır. Gömrüyə malı götürmək üçün heç kim gəlməmişdir. Onun daşıma haqqını iddiaçı ödəyən kimi, onun dediyi ünvana gedib yükü cavabdehə təhvil verəcəkdi. İddiaçı MMC ilə dəfələrlə əlaqə saxlamaq istəsə də, ümumiyyətlə ona geri dönüş etməmişlər. İddiaçı tərəfindən ona 3100 dollar məbləğində yük daşıma haqqı, gündəlik boş dayanma üzrə günlük 100 dollar pul ödənilməlidir. Müqavilə üzrə onun pulu 06 noyabr tarixində ödənməli idi. 3 gün keçdikdən sonra gündəlik 100 dollar ödənilir. Dekabr ayının 10-15-dən sonra iddiaçı ilə əlaqəsi tam olaraq kəsilib, zənglərinə cavab vermir. İddiaçı ona yükün daşıma haqqını ödəmədiyi üçün o da yükü girov kimi saxlayır. Ondan əvvəl daxil olan 3 ədəd maşının daşınma pulu da ödənilməyib. Onlar bununla bağlı məhkəməyə müraciət ediblər. O, birinci dəfə idi ki, İddiaçı MMC ilə çalışırdı. Mal gömrüyə daxil olanda o, bu barədə iddiaçıya məlumat verir, onun daşıma haqqını iddiaçı ödədikdən sonra onun dediyi ünvana, yəni cavabdehə malları aparıb verir, o da maşından malları boşaldır. Daşıma haqqını iddiaçı ödəmədiyi üçün malları cavabdehin ünvanına aparmamış, malı təhvil verməmişdir. Cavabdehin malları hazırda onun maşınındadır, gömrükdədir, girov kimi saxlayır, pulu ödənilən kimi maşın boşaldıla bilər.
25. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir.
26. Məhkəmə ilk iddia ərizəsini əsassız hesab edir, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Belə ki, ilk iddia ərizəsində göstərilmişdir ki, 40BO687 nömrəli yük maşını cavabdehin təqsiri üzündən 30 gündür ki, gömrükdə boş dayandığı üçün cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 4500 ABŞ dolları boşdayanmaya görə vəsait, həmin maşınla yük daşınması həyata keçirildiyi üçün ümumilikdə 3200 ABŞ dolları daşıma haqqı, iddiaçıya artıq təhvil verilmiş yükləri daşımış olan digər üç nəqliyyat vasitəsinin 17 gün gömrükdə boşdayanması ilə bağlı ümumilikdə 7650 ABŞ dolları vəsait, iki yük maşını üzrə sifarişin cavabdeh tərəfindən sonradan ləğv edilməsi ilə bağlı aralarında əldə edilmiş razılığa əsasən 800 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməlidir.
28. Məhkəmə boşdayanma ilə bağlı cavabdehdən 4500 ABŞ dolları və 7650 ABŞ dolları pulun tutulması hissəsində iddianı əsassız hesab edir.
29. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə yük daşınması müqaviləsi bağlanmış, həmin müqavilənin 1 saylı əlavəsi üzrə mallar xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, tərəflərin razılaşması üzrə ümumilikdə 9600 ABŞ dolları müəyyənləşdirilmiş daşıma haqqı xx.xx.2024-cü il tarixdə tam şəkildə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.
30. Cavabdeh həmin yüklərin iddiaçının təqsiri üzündən 17 gün gömrükdə boşdayanmasını bildirsə də, işdən görünür ki, müqavilənin imzalandığı tarixdən ilk sifarişin təhvil verildiyi tarixə qədər küçən müddət özü 10 gün təşkil edir, bundan əlavə, xx.xx.2024cü il tarixdə mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilən zaman bununla bağlı aktda hər hansı qeyd aparılmamış, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesab-fakturada yalnız daşıma haqqının ödənilməsi tələb edilmiş, bundan əlavə, iddiaçı tərəf məhkəməyə malların vaxtında qəbul edilməməsi ilə bağlı cavabdehə irad bildirilməsini, pretenziya verilməsini təsdiq edən hər hansı sübutu, ümumiyyətlə malların vaxtında cavabdeh tərəfindən boşaldılmaması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
31. Məhkəmə iddianı 40BO687 nömrəli yük maşının cavabdehin təqsiri üzündən 30 gün boşdayanmasına görə 4500 ABŞ dolları vəsaitin tutulması hissəsində də əsassız hesab edir.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus olan ümumi dəyəri 24860 ABŞ dolları, ümumi çəkisi 22000 kq təşkil edən mallar daşınması üçün iddiaçının özünün cəlb etdiyi yükdaşıyıcıya məxsus olan 40BO687 nömrəli yük maşınına Türkiyə Respublikasında yüklənmiş, 2024-cü ilin 6 noyabr tarixində Azərbaycan Respublikasına daxil olmuş, hazırda həmin maşında daşınan mallar cavabdehə təhvil verilməmişdir.
33. İddiaçı maşının boşdayanmasında cavabdehin təqsirli olmasını, onun daşıma haqqını ödəmədiyi üçün iddiaçının özünün daşıyıcısına vəsait ödəyə bilməməsini göstərsə də, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən daşıma haqqı təhvil aktı imzalanmasından sonra 15 iş günü ərzində həyata keçirilməlidir.
34. Bundan əlavə, müqavilənin özündə yükün vaxtında təhvil alınmaması, habelə nəqliyyat vasitəsinin bu səbəbdən boşdayanması ilə bağlı sifarişçiyə dəbbə pulu ödənilməsi ilə bağlı hər hansı müddəa, habelə tərəflərin hər hansı yazılı razılaşması yoxdur.
35. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
36. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
37. Məhkəmə iddianı hazırda cavabdehə təhvil verilməyən, lakin daşınması həyata keçirilmiş mallarla bağlı (40BO687 nömrəli yük maşınında olan) 3200 ABŞ dolları daşıma haqqının tutulması hissəsində də əsassız hesab edir.
38. Belə ki, tərəflər arasında bağlanmış yük daşınması müqaviləsinin 6.5-ci bəndinə əsasən daşıma haqqı təhvil aktı imzalanmasından sonra 15 iş günü ərzində həyata keçirilməlidir.
39. Bundan əlavə, müqavilənin 1 saylı əlavəsi üzrə daşınması həyata keçirilmiş mallarla bağlı ödəniş də təhvil aktı imzalandıqdan sonra həyata keçirilmişdir.
40. Müqavilənin 4.2.7-ci bəndinə görə daşıma prosesində bütün gömrük rüsumlarını, dövlət tariflərini və s. rəsmi ödənişləri tam və zamanında ödəmək, bunun üçün zəruri olan yük-gömrük bəyannamələri və s. kimi sənədləri doldurmaq və müvafiq orqanlara təqdim etmək, həmin sənədlərin surətini sifarişçiyə vermək daşıyıcının öhdəliyidir.
41. Məhkəmə ilk iddianı sonuncu, iki yük maşını üzrə sifarişin cavabdeh tərəfindən sonradan ləğv edilməsi ilə bağlı aralarında əldə edilmiş razılığa əsasən 800 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də əsassız hesab edir.
42. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehin əmri ilə 2 tır Türkiyənin Denizli şəhərinə yük almaq üçün göndərilmiş, lakin cavabdeh bu vasitələrin yüklənməsini səbəbsiz şəkildə ləğv etmiş, bu vasitələr 800 km məsafədən Denizliyə getmiş və beynəlxalq müqaviləyə görə hər vasitənin ləğv qiyməti 400 USD, cəmi isə 800 USD təşkil edir.
43. İddiaçı ümumiyyətlə göstərdiyi bu xüsusatlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da üzərinə düşən sübutetmə yükünü icra edə bilməmişdir.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğu üçün təmin edilməməlidir.
45. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir.
46. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus ümumi dəyəri 24860 ABŞ dolları, ümumi çəkisi 22000 kq təşkil edən mallar daşınması üçün iddiaçıya (malları daşıyan nəqliyyat vasitəsinin nömrəsi: 40BO687) Türkiyə Respublikasında təhvil verilmiş, həmin yüklər hazırkı günə qədər cavabdehə təhvil verilməmiş, iddiaçının yük daşınmasına cəlb etdiyi daşıyıcı Şahid tərəfindən qanuni girov kimi saxlanmaqdadır.
47. Mülki Məcəllənin 860.1-ci maddəsinə əsasən daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir.
48. Cavabdeh uzun mddət ərzində həmin mallar ona təhvil verilmədiyi üçün yenidən həmin malları “Burmetal İç ve Dış Ticaret LTD ŞTİ” ilə xx.xx.2025-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi bildirir.
49. Belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
50. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
51. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
52. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
53. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
54. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
55. İşin araşdırılan hallarından hazırkı iş üzrə qarşılıqlı iddiaçıya məxsus olan əmlakın ilk iddiaçı tərəfindən ona təhvil verilməməsi, pozulmuş hüququnun bərpası ilə bağlı qarşılıqlı iddiaçı tərəfindən əlavə xərc çəkilməsi, cavabdehin əməli ilə qarşılıqlı iddiaçıya dəymiş maddi zərər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, bununla da cavabdehin qarşılıqlı iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq öhdəliyi yaranmışdır.
56. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddiaçıya məxsus olan 22 ton, ümumi dəyəri 24860 ABŞ dolları təşkil edən pambıq kiplərinə dəymiş zərər cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən ödənilmiş 173 manat dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən 217 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 173 (bir yüz yetmiş üç) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh İddiaçı MMC-dən 24860 (iyirmi dörd min səkkiz yüz altmış) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 217 (iki yüz on yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova