Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1336/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 51.704,27 manat gecikdirilmiş əsas borc, 5.000 manat dəbbə pulu, iddia ərizəsi Məhkəməyə verilənədək son iki il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 5.000 manat məbləğin və mediasiya xərci üçün ödənilmiş 400 manat, ümumilikdə 62.104,27 manat məbləğində pulun tutularaq "Ertok” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə mallar elektron qaimələr əsasında verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 51.704,27 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (Satıcı) ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (Alıcı) arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və elektron qaimə-fakturalara uyğun olaraq aldığı malların İcraçının hesabına ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. İddiaçı tərəf iddiasının əsaslı olmasını təsdiq edən sübutlar kimi xx.xx.2020-ci il tarixli EBAP seriyalı 986992 nömrəli dəyəri 4.214,96 manat, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 724980 nömrəli dəyəri 2.047,54 manat, xx.xx.2021-ci il tarixli EBAV seriyalı 725666 nömrəli dəyəri 2.886,87 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 864091 nömrəli dəyəri 429,82 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 865409 nömrəli dəyəri 2.367,67 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 865994 nömrəli dəyəri 5.983,78 manat, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 866024 nömrəli dəyəri 3.115,32 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 659234 nömrəli dəyəri 536,90 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 670288 nömrəli dəyəri 2.109,37 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 687809 nömrəli dəyəri 1.528,93 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 663693 nömrəli dəyəri 4.847,44 manat, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 994863 nömrəli dəyəri 904,59 manat, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 109600 nömrəli dəyəri 147,26 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 537412 nömrəli dəyəri 4.250,95 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 539983 nömrəli dəyəri 2.507,03 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 544114 nömrəli dəyəri 2.479,86 manat, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 547181 nömrəli dəyəri 3.496,64 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 739755 nömrəli dəyəri 7.385,62 manat, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 690195 nömrəli dəyəri 453,95 manat olan elektron qaimələri işə əlavə etmişdir. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 51.715,74 manat təşkil edir. Ancaq iddiaçının özü tərəfindən məhkəmə iclasında bildirildiyi və işə əlavə edilmiş cədvəldən də göründüyü kimi, xx.xx.2021-ci il tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat olan elektron qaimə üzrə 11,47 manat məbləğində çıxılma həyata keçirilmişdir. İddiaçı tərəf cavabdehin hazırda 51.704,27 (51.715,74-11,47) manat borcunun olduğunu bildirir. Belə olan halda, Məhkəmə iddiaçının elektron qaimələrdə göstərilmiş malların Cavabdeh QSC-yə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə də, qeyd edilməlidir ki, tərəflər özləri malların verilməsini müqavilənin 2.1-ci bəndində məhz elektron qaimə-fakturalara uyğun olaraq həyata keçirilməsi barədə razılığa gəlmişlər. Həmçinin cavabdeh tərəfindən göndərilmiş iddiaya etirazında malların verilməsi mübahisələndirilməmiş ancaq əsas borc üzrə tələb edilən 51.704,27 manat məbləğində puldan 10.000 manatın nağd formada ödənildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə daxil etmiş olduğu etirazında iddiaçının əsas borc olaraq qeyd etdiyi 51.704,27 manat puldan 10.000 manat hissəsinin nağd formada ödənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 51.704,27 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməldir. Məhkəmə iddianın 5.000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Yuxarıda sadalanmış normaların tələblərin göründüyü kimi, dəbbə pulu müqavilədə nəzərdə tutula və qanundan irəli gələ bilər. Ancaq hazırkı halda, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı hər hansı bir razılaşma (bənd) olmadığından, eyni zamanda mülki qanunvericilikdə alqı-satqı müqaviləsi üzrə verilmiş malın pulunun ödənilməməsi və ya gecikdirilməsi ilə bağlı dəbbə pulunun ödənilməli olmasına dair hər hansı bir norma olmadığından, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə 5.000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 51.704 (əlli bir min yeddi yüz dörd) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1336/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1336/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver